Firuz Mustafa: Aqşin gəldi (Nə müsibətlərlə gəldi-red)

Firuz Mustafa: Aqşin gəldi (Nə müsibətlərlə gəldi-red)

 

Oğlum Yunanıstandan Afina- Frankfurt- Bakı reysi ilə gəldi. Bizi tanıyanlar təəccüb edə bilər ki, onun Yunanıstanda nə işi vardı?

 

Məsələ burasındadır ki, oğlum bir il öncə dəvətlə- “viza” ilə Almaniyaya getmişdi. Orada müvəqqəti yaşamaq üçün müəyyən olunmuş müddət başa çatdıqdan sonra evə qayıtmaq niyyəti ilə avtobusla əvvəlcə vaxtilə təhsill aldığı Türkiyəyə, oradansa Bakıya gəlmək qərarına gəlir. O, münasib nəqliyyat vasitəsi kimi beynəlxalq avtobus marşrutunu seçir. Yolda başına iş gəlir: Yunanıstan ərazisindən keçərkən onun səfər çantasını oğurlayırlar. Mobil telefonu, kompyuteri, o cümlədən bütün sənədləri (kimlik vəsiqəsi, xarici pasportu, diplomları) həmin çantada olub. Aqşin Afinadakı polis idarəsinə gedərək vəziyyəti izah edir. Amma sənədləri axtarmaq əvəzinə onu miqrasiya departamentinə təhvil verirlər. O, iki aya yaxın müddətdə həmin departamentin nəzdindəki qapalı ərazidə saxlanılıb.
Aqşin proqramçıdır. Bir neçə dil bilir. İngilis, alman, türk dillərindən tərcümələri var. AYB-nin üzvüdür, “YazYarat.com” saytının yaradıcısıdır.

 

Aqşin gəldi. O, yad ölkədə bir çox çətinliklərlə qarşılaşıb. 10-15 kilo çəki itirib. Amma şikayət etməyi xoşlamır.

 

Bu günlər ailə üzvlərimizin nələr çəkdiyini təsəvvür etmək, zənnimcə, hər bir valideyn üçün gün kimi aydındır. Bu müddət ərzində mənim müraciət etdiyim idarə, qurum və şəxslər az olmadı. Hamısına təşəkkür edirəm, sözümü yerə salmadılar. Xüsusən, Yunanıstandakı səfirliyimizə, onun rəhbərliyinə və əməkdaşlarına minnətdarlağımı bildirirəm.

 

Təəssüf hissi ilə bildirirəm ki, Yunanıstanın ölkəmizdəki səfirliyi mənim şifahi və yazılı müraciətimə çox etinasız yanaşdı. Bu, məni həm də ona görə çox mütəəssir edir ki, ömrümün böyük bir hissəsi aspirant və tələbələrə Antik yunan fəlsəfəsi tərdis etməyə sərf olunub. Necə deyərlər, bu da mənim “mükafatım”.
Və nəhayət, arzu edərdim ki, gənclərimizin işləməsi və yaşaması üçün öz ölkəmizdə münbit şərait yaradılsın. Qoy əcnəbi ölkələrə fiziki güc və intellekt axınına ehtiyac qalmasın. Necə deyərlər, qoy balalarımızın əməyinin xeyrini özümüz görək.
Aqşin gəldi. Qoy hamının gedəni gəlsin.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020