MƏKTƏB-STUDİYANIN TƏDRİS İLİNİN YEKUN KONSERTİ +FOTO=21
Bu xəbəri paylaş
MƏKTƏB-STUDİYANIN TƏDRİS İLİNİN YEKUN KONSERTİ
7 iyul 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın 100 illiyinə həsr olunmuş Orta ixtisas musiqi məktəb-studiya şagirdlərinin təntənəli yekun konserti keçirildi. Bu tədbir bir növ 2021 – 2022-ci tədris ilinin silsilə konsertlərinin sonuncusu – hesabat konserti xarakteri daşıyırdı. Musiqili proqram müxtəlif ixtisaslar üzrə tərtib olunmuşdur. Tədbirdə istedadlı şagirdlər bir-birindən rəngarəng əsərlər ifa etdilər.
Konsertin ilk ifaçısı – fortepiano ixtisası üzrə 1-ci sinif şagirdi Sabir Rüstəmxanlı (müəllim – Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli) oldu. O, kiçik yaşlı olmasına baxmayaraq geniş auditoriya qarşısında çəkinmədən çıxış etdi və özünəməxsus ifası ilə hər kəsi sevindirdi.
Fortepiano ixtisası üzrə aşağı sinif şagirdlərindən Səidə Əliyeva (Əməkdar müəllim – Nərgiz Mansurovanın sinfi), Məryəm Quluzadə (müəllim – Nərminə Əliverdizadə), Cəmilə Sadıxova (Əməkdar müəllim – Ayişə Əliyevanın sinfi), Almina Dosuyeva (Əməkdar müəllim – Nərgiz Mansurovanın sinfi) Azərbaycan və xarici bəstəkarların əsərlərini məharətlə ifa edə bildilər. Violin ixtisası üzrə 3-cü sinif şagirdi Emiliya Mirzəzadə isə (müəllim – dosent Gülnarə Quliyeva) görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Skertso”sunu xarakter baxımından dinləyicilərin nəzərinə olduğu kimi çatdırmışdır.
Diqqət çəkən çıxışlardan biri də 5-ci sinif şagirdi Əsəd Quluzadənin (müəllim – Nərminə Əliverdizadə) fortepianoda ifası olmuşdur. O, məktəb-studiyanın 7-ci sinfində təhsil alan istedadlı şagirdimiz – Zərrin Şükürün bəstələdiyi “Qaranquş” albomundan “Kənd yolu” pyesini ifa edərək kənd yoluna xas olan sakit ab-hava, kənd təbiətinin saf, əsrarəngiz gözəlliyini canlandırdı.
Dosent Gülnarə Quliyevanın sinfində oxuyan 5-ci sinif şagirdi Əmirhüseyn Əlişanlı Genrix Kuperin “Tarantella” adlı əsərini violində həvəslə ifa etdi.
Növbəti ifaçı fortepiano ixtisası üzrə 5-ci sinif şagirdi Beynəlxalq müsabiqə laureatı Səkinə Zeynalova (müəllim – dosent Sevda Məmmədova) L.Bethovenin 25 №-li sonatasının I hissəsini klassik üsluba səsləndirdi.
İştirakçılar arasında özünəməxsusluğu ilə seçilən ifalardan biri də violin ixtisası üzrə 6-cı sinif şagirdi, Beynəlxalq müsabiqə diplomantı Yusuf Məmmədlinin (müəllim – dosent Gülnarə Quliyeva) həm solo ifası, həm də onu fortepianoda müşayiət edən 6-cı sinif şagirdi Beynəlxalq müsabiqə laureatı Ağalar Davudun (müəllim – Dilarə Salayeva) birgə ifaları oldu.
Azərbaycanın əvəzolunmaz bəstəkarı Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları” musiqi parçasını violin ixisası üzrə 10-cu sinif şagirdi Əhədova Yasəmən ifa edərək (müəllim – Naira Qulamova), həmin melodiyanın həzin, dərin duyğu və hisslərlə dolu xarakterini tamaşaçılara ötürə bilmişdir.
Qeyd etmək lazımdır ki, məktəb-studiya BMA tələbələri üçün pedaqoji, konsertmeyster, lektorluq, ifaçılıq təcrübəsi üzrə baza olduğu üçün kafedra və məktəb arasında sıx əməkdaşlıq hökm sürür. Tələbələr məktəb-studiyanın konsertlərində, konfranslarında, açıq dərslərində, festival və müsabiqələrində mütəmadi olaraq fəal iştirak edirlər. Yekun konsertdə də BMA-nın təcrübəçi-tələbələri məktəb-studiyanın şagirdlərini müşayiət edərək dəstəklədilər.
Təəccübləndirici məqamlardan biri fortepiano ixtisası üzrə təhsil alan 4-cü sinif şagirdi Hüseyn Quliyevin (müəllim – Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli) çıxışı oldu. Belə ki, yaşının az olmasına baxmayaraq, Hüseyn İohann Sebastyan Baxın “Yaxşı Temperasiyalı Klavir”inin (I cild) do minor Prelüd və fuqasını ifa etdi. Hüseyn, müəlliminin ona etibar etdiyi, texniki cəhətdən olduqca çətin olan prelüd və fuqada polifonik üslubun bütün xüsusiyyətlərini dəqiqqliklə və məharətlə ifa edərək, çoxsəsli fuqanın əsas mövzusunu müxtəlif registrlərdə ifadəli şəkildə göstərməyi bacardı.
Konsertimizin ən parlaq çıxışlarından digərləri – Əməkdar müəllim Nərgiz Mansurovanın sinfində təhsil alan, fortepiano ixtisası üzrə 9-cu sinif şagirdləri Solmaz Əliyeva və Beynəlxalq müsabiqə diplomantı Şəhla Yusibovanın çıxışları olmuşdur. XIX əsrin I yarısının alman musiqi romantizminin görkəmli nümayəndələrindən biri – Feliks Mendelson-Bartoldinin fa-diyez minor “Fantaziya”sı (I hissə) Solmaz Əliyevanın ifasında tamaşaçılara təqdim olundu. Şəhla Yusibova isə öz növbəsində görkəmli rus bəstəkarı Sergey Raxmaninovun mi-bemol minor “Elegiya”sını ifa edərək, əsərin həzin, düşündürücü əhval-ruhiyyəsi ilə dinləyicilərin zövqünü oxşadı.
Vokal ixtisası üzrə bu ilin məzunu Gülnarə Salmanova “Gözəlim sənsən” Azərbaycan xalq mahnısını məlahətli səsi ilə ifa edərək tamaşaçıları valeh etdi (müəllim – Ofeliya Axundova). Çox sevindirici və fərəhləndirici haldır ki, Gülnarə bu il qəbul imtahanlarında 10 ballıq sistem üzrə ən yüksək nəticə əldə edərək, Bakı Musiqi Akademiyasının “Solo oxuma” şöbəsinə daxil oldu.
BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının direktoru, professor Tərlan Seyidovun rəhbərliyi ilə bu təhsil ocağının yüksək ixtisaslı müəllimləri şagirdlərlə məhsuldar iş apararaq hər il yeni nailiyyətlərə imza atırlar.
BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının
baş metodisti Natəvan Fərzəliyeva
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)




















