Lənkəran teatrı mövsümü başa vurub- AZpress.AZ, Ağaddin Babayev=FOTO+12
Bu xəbəri paylaş
Lənkəran teatrı mövsümü başa vurub-AZpress.AZ, Ağaddin Babayev=FOTO+12
İyulun 15-də Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi özünün 131-ci mövsümünü başa vurub. AZpress.AZ xəbər verir ki, bağlanış mərasimində çıxış edən teatrın direktoru Tofiq Heydərov ötən mövsümdə əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən söz açıb. Bildirilib ki, mövsüm ümumilikdə kollektiv üçün uğurlu keçib. Belə ki, teatrlar açılandan sonra Lənkəran teatrı da bütün qüvvə ilə fəaliyyətə başlayıb. Truppa C. Cabbarlının "Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşası ilə ötən ilin noyabrında Astara, Ağdam və Biləsuvar rayonlarında qastrol səfərində olub. Ağdam səfəri lənkəranlı sənətçilərə unudulmaz anlar bəxş edib.
Artıq neçə illərdir ki, teatrda məktəbyaşlı tamaşaçıları Yeni il ərəfəsində və bayram günlərində yeni səhnə əsəri ilə sevindirmək ənənəyə çevrilib. Teatrın aktyorları bu dəfə uşaqların görüşünə gənc rejissor Tərlan Abdullayevin müəllifi olduğu və quruluş verdiyi "Qar dənəcikləri” pyesinin tamaşası ilə qatılıb. Premyerası ötən ilin son günlərində keçirilən bu səhnə əsərində balaca nağıl qəhrəmanlarının başına gələn əhvalatlardan söz açılır.
Teatrın baş rejissoru Anar Sadıqovun qələmə aldığı və quruluş verdiyi “Haqqın 44 günü” tamaşası da uğurla qarşılanıb. 44 günlük Vətən müharibəsi dövrünü əks etdirən bu səhnə əsəri bölgənin ayrı-ayrı rayonlarında, eləcə də Lənkəran və Göytəpə sərhəd dəstələrinin əsgər-zabit heyəti qarşısında nümayiş etdirilib.
Hazırda teatrda paralel olaraq daha iki əsərin-Xalq yazıçısı Kamal Abdullanın “Casus” və mərhum yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin “Prokuror” iki hissəli pyeslərinin məşqləri aparılır. Hər iki səhnə əsərinin növbəti mövsümün əvvəllərində istehsalata buraxılması nəzərdə tutulub.
Daha sonra gənc rejissor Tərlan Abdullayevin quruluşunda yazıçı-dramaturq İlqar Fəhminin “Qanlınamə” tarixi-psixoloji dramının tamaşası təqdim olunub. Tarixi faktlara əsaslanan bu səhnə əsərində 42 il Səfəvilər dövlətinin başçısı olmuş I Şah Abbasın hakimiyyətinin ilk 7 illik dövrü əksini tapıb. Uşaq ikən gözü qarşısında anası öldürülən Şah Abbas qisas hissi ilə yaşayır və son nəticədə məqsədinə çatır.
Maraqla izlənilən tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, müsiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Emil Tağıyev, Gülər Kərimli, Əlibala Əsgərov, Allahverən Babayev, Miraslan Ağayev, Səyad Əliyev, Rauf Zeynalov və Arif Xalıqverdiyev ifa ediblər.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)











