Ziyadxan Əliyev: ADİL ƏSƏDLİ -68

Ziyadxan Əliyev: ADİL ƏSƏDLİ -68 

 

Əziz dostlar!

 

Bu gün müasir Azərbaycan qrafika sənətinin qədim ənənələrini uğurla davam etdirən Adil Əsədlinin 68 yaşı tamam olur. Paytaxtdan uzaqda – Lənkəranda çox səmərəli fəaliyyət göstərən rəssamın rəsmi dairələrin diqqətinən kənarda qalması,indiyə qədər fəxri ad almaması da onun özündən çox, başqalarının-bu işə məsul olanların günahıdır. Son vaxlar bir çox mükafatlara, o cümlədən “Dədə Qorqud” mükafatına layiq görülsə də, bu çox azdır. Təəəssüf ki, rəhmətlik Cabir Novruzun “Sağlığında qiymət verin insanlara!” çağırışından hələ də nəticə çıxarmamışıq. Bu ad məsələsi həqiqi sənət mövcud olan yerdə boş şeydir. Bu gün də bunu həqiqəti yaşatmaq xatirinə xatırlatdıq...
Odur ki, bu əziz gündə Adili ürəkdən təbrik edir, can sağlığı arzulayırıq! Allah qorusun! 100 yaşa!
Aşağıdakı məqalə də onun yaradıcılığından bəhs edir...

 

GERÇƏKLİYƏ OBRAZLI-FƏLSƏFİ BAXIŞIN GÖRÜNTÜLƏRİ

 

Etiraf edək ki, çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan təsviri sənətində, onun yaradıcılarının ifadə palitrasında hələ ki, müasirimiz olan Adil Əsədlinin yaradıcılığında, xüsusilə də onun qrafik irsində rast gəldiyimiz qədər mürəkkəb və mənalı görüntülərə rast gəlməmişik. Bunun milli qrafika sənətində yeni və özünəməxsus ifadə tərzi olduğunu söyləsək, yəqin ki, heç bir mübaliğəyə yol vermərik. Zərif cizgilərin bir qədər də xaotik görünən bu məcmusu ilə kompozisiyanın ümumi ritminin əldə olunması heç şübhəsiz hər şeydən öncə müəllifinin yüksək sənətkarlığının göstəricisidir. Görünənlərin daha önəmli bədii məziyyəti isə bu ağ-qara cizgilərin ahəngdarlığından yaranan bədiiləşmiş görüntüləri rəssamın heyranedici və düşündürücü, obrazlı-fəlsəfi tutuma bələyə bilməsidir. Lap qədim ecazkar miniatür üslublu əsərlərdə, cəlbedici və çoxqatlı milli bədii sənətkarlıq nümunələrində olduğu kimi...

 

Elə əslində, Adil Əsədli bizi əhatə edən gerçəklikdə onu cəlb edən və duyğulandıran hadisə və mövzulara bədii münasibətdə elə adlarını vurğuladığımız qaynaqlara tapınıb. Onun həmin dəyərlərə yaradıcı-təhlili münasibəti onlara dünyada təəccübləndirilməsi müşkül işə çevrilmiş çağdaş tamaşaçını belə ovsunlaya biləcək görkəm verə bilməsini şərtləndirib. Bununla da o, bir daha paytaxtdan uzaq olan əyalətdə də hamıya maraqlı və gözlənilməz görünə biləcək sənət nümunələri yaratmağın mümkünlüyünü sərgiləmişdir...

 

Adil Əsədli bir çox tanınmış rəssamlarımdan fərqli olaraq ixtisas təhsilini yalnız Bakıda alıb. Məşhur “Əzimzadə məktəbi”ndə (1974-1980) və N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (1980-1986) ona aşılanan bədii vərdişlərlə kifayətlənib. Təhsil sonrası doğma yurda - Lənkərana dönən gənc rəssam şəhərdəki Uşaq rəssamlıq məktəbinə rəhbərlik etməklə, həm də müstəqil yaradıcılıqla məşğul olub.

 

Onun o vaxtdan bu günə kimi davam edən yaradıcılığı məhsuldarlığı ilə yanaşı, həm də mövzu və ifadə baxımından çox rəngarəng olmuşdur, desək, yanılmarıq. Bu prosesdə ən maraqlısı, onun qədim və müasir mövzuları eyni uğurla bədiiləşdirməsi, eşitdiklərini, oxuduqlarını və gördüklərini təsirli təfsir-interpretasiya süzgəcindən keçirməsi, onlara tamaşaçını cəlb edə və düşündürə biləcək bədii görüntü verməyə nail olmasıdır. Rəssamın rəngkarlıq sahəsində ərsəyə gətirdiyi “Çay yığan qadınlar”, “Lənkəranlı qızlar”, “Muğam axşamı”, “Lənkəranlı nənələr”, “Təndirə çörək yapan qadınlar”, “Dulusçu”, “Bazardan qayıdanlar”, “Lənkəran madonnası” kimi müasir, eləcə də “Şah İsmayıl Xətai”, “Xan və vəzir”, “Sultan Məhəmməd”, “Mələk” və “Məlikməmməd” kimi tarixi mövzulu əsərləri bu qəbildəndir.
Onun yaradıcılığında janr məhdudiyyəti yoxdur. Rəssamın mənzərə, portret və natürmort janrlarında yaratdığı “Lənkəranda Xan evi”, “Dəmirağacı meşəsi”, “”Qılıncla natürmort”, “Lənkəranda qar”, “Avtoportret”, “Cəngavər” və “Milli qablar” lövhələri də bunun təsdiqidir...

 

Onun qrafik əsərləri əvvəldə qeyd etdiyimiz kimi yüksək icra sənətkarlığı ilə yanaşı, həm də mövzu və janr müxtəlifliyi ilə diqqət çəkir. Bununla belə onlarda əfsanə və nağıl tutumlu süjetlərin üstünlük təşkil etdiyini vurğulamalıyıq. Bu da səbəbsiz deyil. Belə ki, rəssamın şaşırdıcı cizgi improvizələri bədii tutumu etibarilə haradasa insan düşüncələrini pərvazlandıran əfsanəvi mifoloji motivlərlə anım yarada bilmək gücündədirlər. Kiçik ölçülü bu qrafik lövhələrin gözqamaşdırıcı cizgi ritminin tilsiminə düşməmək sadəcə, mümkün deyil. Onun axıcılığı və gözlənilməz təzadları sözün əsl mənasında elə nağıl və dastanlarımızın məzmununa müvafiqdir, yəni, tamaşaçını heyrətləndirmək və ovsunlamaq gücündədir. Zərgər dəqiqliyini andıran bu bədii ifadə vasitəsinin duyulası stilizə və ümumiləşdirmələrdən keçən ümumi tutumunda qədim miniatür üslubuna tapınmağın işartıları kifayət qədər görünəndir. Elə bu səbəbdən həm də fəlsəfi tutumlu olan bu əsərlər bədii-estetik dəyərinə görə zamansız görünməklə, daşıdığı obrazlı-təfəkkür yükünə görə millidirlər...

 

Bu bədii məziyyətləri rəssamın rəngkarlıq tablolarında da müşahidə etmək mümkündür. Belə ki, müxtəlif mövzulu bu əsərlərində cizgilərin incə “şəbəkə-naxış” görkəmini boyaların çoxsaylı ovqatyaradıcı çalarları ilə əvəzləyən Adil Əsədli onun üçün maraqlı görünən mövzulara özünün rəngkar münasibətini sərgiləməklə, əsərlərin məna-məzmun yükünü rənglərin fikir daşıyıcılığına etibar etmiş və onların əldə olunan harmoniyası ilə tablonun süjetini tamaşaçını duyğulandıra və düşündürə biləcək bir mənəvi qaynağa çevirməyə nail olmuşdur. Yaxı və rəng improvizələrinin hakim olduğu bu lövhələrdə rəssam motivin məzmununun açımına yönəli zahiri əlamətlərin oxşarlığını əldə etməyi unutmasa da, daha çox məzmunun alt qatında “gizlənən” və yalnız arifanə müəllif “oxunuşu” ilə aydınlaşan fəlsəfi tutumu görüntüyə çevrilməyə çalışmışdır. Elə bunun nəticəsidir ki, Adil Əsədlinin məhsul toplayan qız-gəlinlərin həyat sevgisi, əlinin və ürəyinin hərarətini gil qablara “ötürən” dulusçunun sənətə vurğunluğu, xanəndənin muğam dəyərlərinin nəhayətsizliyini ətrafı ilə paylaşması, cəngavərin milli tarixi keçmişimizin qürurvericiliyini sərgiləməsi, açbirçək nənələrin yerli folkloru nəsildən-nəsilə ötürmək yanğısı onun tablolarında obrazlı-fəlsəfi tutumda, tamaşaçı ilə dialoq yaratmaq gücündədirlər...
Düşünürük ki, artıq 68 yaşının təntənəsinə şahidlik etmiş təcrübəli pedaqoq-rəssamın geriyə baxıb, elədiklərindən qürur hissi keçirməyə tam haqqı çatır. Az qala bir qərinəyə bərabər olan yaradıcılıq bioqrafiyasında onun rəngkarlıq və qrafika sahəsində yaratdığı çoxsaylı əsərlər, vaxtaşırı onların sənətsevərlərə təqdim olunmasını şərtləndirən fərdi sərgiləri də bunu söyləməyə əsas verir. Hər il neçə-neçə lənkəranlı yetişdirməsinin respublikanın orta və ali ixtisas məktəblərinə qəbul olunmasını və müxtəlif sərgilərdə uğurlar qazanmalarını isə Adil Əsədli bəlkə də həyatda ən böyük qazancı sayır. Bütün bunlara baxmayaraq bir insan və bir yaradıcı kimi ona yaxşı bələdçiliyimizin qarşılığında, Adil Əsədlinin bütün həyatı boyu nümayiş etdirdiyi, bəzən isə hətta əndazəyə sığışmayan təvazökarlığını nə qədər təbii saysaq da, onun sənət yanğısının daha yüksək səviyyədə dəyərləndiriləcəyinə ümid bəsləyirik...

Ziyadxan Əliyev

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020