BRİTANİYA TESOL SERTİFİKATI TƏLİMİ

  


BRİTANİYA TESOL SERTİFİKATI TƏLİMİ


İyunun 2-si “İmperial English Azerbaijan (İEAZ)” tərəfindən ingilis dili müəllimlərinin tədris bacarıqlarını daha da inkişaf etdirmələri üçün ingilis dilinin tədrisində yeni innovativ metodologiyaların, yanaşma, pedaqogika və qiymətləndirmələrin tətbiqi baxımından xüsusi olaraq hazırlanmış “BRİTANİYA TESOL SERTİFİKATI TƏLİMİ”-nə yekun vurulmuşdur.

 

Nəzəriyyə və ilkin biliklərin, yeni tədris bacarıqları və ideyalarının, video, poverpoint təqdimatlarının, tədqiqat məqalələri və təlim qeydlərinin, praktiki tədris materiallarının, ustad-müəllimlər ilə dəyərli təcrübə mübadilələrinin, onlayn seminarların yer aldığı 50 saatlıq ümumi təlim müddətinin ilk 40 saatını özünütəhsil, 10 saatını isə onlayn seminarlar təşkil etmişdir. Seminarlar Birminqam kollecinin direktor müavini, “İmperial English UK” şirkətinin tədris departamentinin rəhbəri cənab Rafael Salquero, Böyük Britaniyalı beynəlxalq təlimçi Dəni Mandi və Gürcüstan Kutaisi Beynəlxalq Universitetinin professoru İnqa Diakonidze tərəfindən keçirilmişdir.

 

Təlim öncəsi “İmperial English United Kingdom (İEUK)” şirkətinin rəsmiləri ilə müraciətçi – müəllimlər arasında onlayn görüş təşkil edilmiş, təlimçi heyəti iştirakçılarla yaxından tanış olmuş, iştirakçılar isə öz növbəsində təşkilatçılara müxtəlif suallar ünvanlamışlar.

 

Təlimin ilk seminarı 21-ci əsr müasir təlim metodları əsasında qurulmuş dərs planını, sinif idarəçiliyini, qiymətləndirmə proseduru və qrammatikanın tədrisi kimi mövzuları əhatə etmişdir. Öncə təlimçilər təcrübələrinə əsaslanan fikirlərini bölüşmüş, dərs planlanmasının hər bir müəllim üçün arzu olunan olduğunu, müəllimlərin dərs planının istər dərsin gedişatını, istərsə də zaman bölgüsünü daha da məhsuldar etdiyini vurğulamışlar. Sonra isə iştirakçılar dərs gedişatının planlı davam etməsinin şagirdlərin müəllimlərdən qazandığı biliklərin sistematik formalaşmasına daha da təsir etdiyini qeyd edərək öz düşüncələrini paylaşmışlar.

 

 

Təlimin ikinci seminarı isə daha maraqlı olmuşdur. Belə ki, təlimçilər müxtəlif fikirlər səsləndirərək, nümunələr paylaşaraq xarici dillərin öyrənilməsində 4 məzmun xəttinin - oxu, yazı, dinləmə və danışıq bacarıqlarının üstünlük təşkil etdiyini və onların bir-biri ilə sıx bağlı olduğunu bildirmişlər. İştirakçılar da öz növbəsində şagirdlərin danışarkən sözləri doğru tələffüz etmələri, qarşılarındakıları dinlərkən doğru başa düşmələri, hətta yazarkən tanış olmadıqları sözləri belə doğru yazmaları üçün doğru oxumağı bacarmalı olduqlarını vurğulamış və bütün bunları şagirdlərə aşılamaq məqsədiylə müəllimlərin bu 4 məzmun xəttini eyni anda inkişaf etdirməli olduqlarını diqqətə çatdırmışlar.

 



Daha çox metodoloji yanaşmalar əsasında ingilis dilinin akademik səviyyədə tədrisinə fokuslanmış üçüncü seminarda həmçinin məlumat araşdırması və böyük auditoriyalarda tədris prosesi də müzakirə edilmiş, məktəb şəraitində az da olsa şagirdlərdə akademik ingilis dilininin inkişafı üçün təlimçilərin təcrübələrinə əsaslanan müəyyən metodlardan istifadənin mümkünlüyü göz önünə gətirilmişdir.

 

 

Təlimin yeni innovativ metodologiyalarla əlaqəli dördüncü seminarında əsasən dil bacarıqlarından - şagirdlərin açar sözlərdən istifadə etmələrindən, açar sözlərdən istifadə edərək yeni sözlər yaratmalarından, bir sözü və ya söz birləşməsini digər sözə əlavə etməklə oxu bacarıqlarını inkişaf etdirmələrindən, söz birləşmələrindən istifadə edərək yeni frazaoloji birləşmələr yaratmalarından və bütün bu sadalanların dilə yenilik gətirməsindən danışılmışdır. Ümumiyyətlə, dil bacarıqlarının sinifdə oxu həmçinin, müşahidə etmək, yazı bacarıqlarını mənimsəmək, düşündürücü suallar vermək kimi bacarıqları təkmilləşdirdiyi qabardılmış, əsasən şagirdlərin şərti işarələr içərisində olan səs və səs birləşmələrini düzgün formada tələffüz etməli olduqları (məs: “th” hərf birləşməsinin verdiyi səsi dilin hərəkəti vasitəsi ilə tələffüzü) xüsusilə vurğulanmışdır.

 



Təlimin sonuncu – beşinci seminarı həm yeni biliklərin paylaşılması, həm də də bağlanış mərasimi səbəbiylə daha yadda qalan olmuşdur. Belə ki, təlimçilər xarici dillərin öyrənilməsində söz bazasının daha əlverişli yollarla zənginləşdirilməsi və möhkəmləndirilməsinə dair müxtəlif üsullar paylaşmış, yaradıcı fikirlər səsləndirmişlər. İştirakçılar da öz təcrübələrini bölüşərək, ümumiyyətlə hər hansı bir xarici dil öyrənmənin vacib tərəflərindən birinin söz bazasının formalaşdırması olduğunu, yaxın mənalı və ya müxtəlif nitq hissələrində tərcüməsi ilə fərqlənən sözlərin çoxluq təşkil etdiyi ingilis dili kimi zəngin bir dilin şagirdlərə tədrisi zamanı müəllimlərin mühüm vəzifəsinin ilk növbədə sözlərin daha asan və yadda qalan yollarla öyrədilməsi və beləliklə də şagirdlərin ingilis dili bacarıqlarının daha da inkişaf etdirməsi olduğu bildirilmişdir. Müəllimlər daha əlverişli, daha yenilikçi, araşdırmaçı fikirlərin şagirdlərə aşılanaraq, dil bacarıqlarının inkişafı üçün onlarla bərabər yeni yolların axtarıb tapılmasında yeni şansların yaranacığına inandıqlarını bəyan etmişlər.

 

 

Sonda bağlanış mərisimində təlim iştirakçısı olan bütün müəllimlər bu təlimin hər kəs üçün faydalı keçdiyini, dərslərində beynəlxalq təlimçilərin təcrübələrindən yararlanacaqlarını, öyrəndikləri yeni interaktiv təlim metodları və üsullarını tədris porsesində tətbiq edəcəklərini bildirmişlər.

 

Təlim proqramını uğurla başa vuran müdavimlər “Imperial English UK” tərəfindən “Britaniya TESOL Təlimini Peşəkar Bitirmə Sertifikatı” ilə təltif ediləcək, iyul ayında elan ediləcək İngiltərənin “Ofqual (The Office of Qualifications and Examinations Regulation)” - İxtisaslar və İmtahanların Tənzimlənməsi İdarəsinin sertifikatl ilə təltif ediləcəkləri “LEVEL 5 – TESOL (CELTA)” təlimində və il sonunda Böyük Britaniyaya baş tutacaq səfərdə iştirak etmək imkanını əldə edəcəklər . Bir həftəlik səfər proqramı çərçivəsində TESOL təlimi, Bukingem Sarayı, London Eye, London Muzeyi, Kembric, Oksford kimi mərkəzlərə ekskursiyalar nəzərdə tutulur.

 

 

Xatırladaq ki, “İmperial English Azerbaijan (İEAZ)” Böyük Britaniyanın “British Council” tərəfindən akkreditə olunmuş “İmperial English United Kingdom (İEUK)” şirkətinin Azərbaycan üzrə yeganə rəsmi təmsilçisidir və dövlət təşkilatlarına (Təhsil Nazirliyi və s.), akademik təşkilatlara (lisey, kollec, məktəb, universitet, dil mərkəzləri və s.), müəssisələrə (dövlət və qeyri-dövlət şirkətləri, sənaye müəssisələri, QHT və s.) müəllimlərin təkmilləşdirilməsi və ingilis dilinin tədrisi işində öz təcrübəsini bölüşərək dəstəkçi olur.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020