Azərbaycanın U-15 cüdo komandası AGYOF-nın qalibi olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycanın U-15 cüdo komandası AGYOF-nın qalibi olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycanın U-15 cüdo komandası AGYOF-nın qalibi olub  - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Cüdoçularımız finalda Ukraynanı məğlub edib

 

Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən və Azərbaycan idmançılarının da qatıldığı XVI Avropa Gənclərin Yay Olimpiya Festivalına dünən cüdo üzrə qarışıq komanda yarışı ilə yekun vurulub. Sevindirici haldır bu yarışın iki finalçısından biri Azərbaycan komandası olub. Qarşılaşma Azərbaycan komandasının qələbəsi (4:0) ilə başa çatıb. Bununla da Azərbaycan AGYOF-də sayca ikinci qızıl, ümumilikdə isə 8-ci medalını qazanıb (2-4-2). Maraqlıdır ki, Avropa Cüdo Birliyi (EJU) öz rəsmi saytında Azərbaycanın finalda möhtəşəm bir qələbə qazamnası haqda məqalə dərc edib. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, məqalədə bildirilir ki, komanda yarışları maraqlı anlar, idmançıların həyəcanlı və gərgin görüşləri ilə yadda qalıb: “Yarışın final blokunda qızıl medal uğrunda mübarizədə Azərbaycan və Ukrayna cüdoçuları qarşılaşıb. İlk olaraq tatamiyə +81 kq. çəkidə Azərbaycan təmsilçisi Kənan Nəsibov və ukraynalı Fedir Yaroşenki çıxıblar”. Məqalədə Kənan Nəsibovun öz çəkisində əsas favorit kimi görüldüyü qeyd olunub və onun “ne waza”da həyata keçirdiyi saxlama fəndi ilə qalib gələrək komandasına xal qazandırdığı bildirilib.

 

Məqalədə bu il yeniyetmələr arasında Avropa çempionatının gümüş mükafatçısı olmuş Aydan Vəliyeva (-52 kq.) ilə Tatyana Limzayeva ilə qarşılaşması haqda yazan müəllif Azərbaycan cüdoçusunun ustalığından xüsusi bəhs edib: “O, istiqamət dəyişərək, “sasai tsuri komi ashi” fəndindən istifadə edib və görüşü vaxtından əvvəl qələbə ilə başa vurub. Bununla da, Vəliyeva komandasına ikinci xalı qazandırıb”.

 

-66 kq. çəkidə yarışan idmançımız Nurlan Kərimlinin ukraynalı idmançı Nazar Viskovla görüşündən bəhs edən müəllif azərbaycanlı cüdoçunun rəqibindən güclü olduğunu qeyd edib: “Kərimli “o soto gari” fəndindən istifadə edərək “ippon”-la qalib gəldi və bununla da hesab 3:0 oldu”.

 

EJU-nun məqaləsində bildirilir ki, “EYOF-2022”nin -57 kq. çəki dərəcəsində çempionu Fidan Əlizadənin komanda yarışlarında çıxış etdiyi -63 kq. kateqoriyasında görüşü gərgin keçib: “Hər iki idmançı son dəqiqəyə hesablarında bir “waza ari” və bir “şido” ilə daxil oldular. Amma sonda çempion öz sözünü dedi və Əlizadə fəndi yerinə yetirərək ikinci “waza-ari” xalını əldə etdi və rəqibi üzərində qələbə qazandı. Sonuncu görüşün nəticəsinə görə Azərbaycan komandası maksimal hesabla 4-0 qalib gələrək turnirin “qalib komanda” tituluna sahibləndi”.

 

2013-cü ilin dünya çempionu və Azərbaycanın gənc oğlanlardan ibarət milli yığmasının baş məşqçisi Elxan Məmmədov EJU-nun saytına verdiyi müsahibəsində komandanın nəticəsinə görə çox şad olduğunu bildirib: “Komandamızın qalib gəlməsi bizə böyük sevinc yaşatdı. Onlar Azərbaycanda milli titulları almış və seçim mərhələsindən keçmiş güclü idmançılardır. Bəziləri üçün uzun müddətdən sonra ilk yarış idi. Buna baxmayaraq, bu turnirdə çox yaxşı çıxış etdilər. Vurğulamaq istərdim ki, bu turnir idmançıların karyerası üçün böyük əhəmiyyət kəsb edir, buna görə də EYOF təşkilatçılarına və EJU-ya böyük təşəkkürümü bildirirəm”.

 

Qeyd: Qarışıq komanda yarışında qızlar -52 kq., -63 kq. və +63 kq. çəki dərəcələrində, oğlanlar isə -66 kq., -81 kq. və +81 kq. çəki dərəcələrində mübarizə aparıblar. Komandamızın heyətində 4 qız və 6 oğlan cüdoçu yer alıb.

 

Qızlar arasında -52 kq. çəkidə Könül Əliyeva və Aydan Vəliyeva, -63 kq. çəkidə Fidan Əlizadə, +63 kq. çəkidə Nigar Süleymanova, oğlanlar arasında isə -66 kq. çəkidə Nurlan Kərimli və Eltac Yusifli, -81 kq. çəkidə Qadir Hüseynov və İsmayıl Zamanov, +81 kq. çəkidə Əjdər Bağırov və Kənan Nəsibov güclərini sınayıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020