Nəriman Qasımoğlu: MİLLƏT, MİLLİYYƏT, MİLLİ KİMLİK, ETNİK MƏNSUBİYYƏT, MİLLİ SÖZÜ

Nəriman Qasımoğlu: MİLLƏT, MİLLİYYƏT, MİLLİ KİMLİK, ETNİK MƏNSUBİYYƏT, “MİLLİ” SÖZÜ

Nəriman Qasımoğlu: MİLLƏT, MİLLİYYƏT, MİLLİ KİMLİK, ETNİK MƏNSUBİYYƏT, “MİLLİ” SÖZÜ 

 

Hazırda Qərb siyasətşünaslığında “millət” anlayışı əsasən dövlətlə assosiasiya olunur. Buna görə milli mənsubiyyət daha çox vətəndaşlıq məfhumu kimi anlaşılır. Doğrusu da elə budur. Belədə “millət” və “milliyyət” anlayışları arasında fərqi nəzərdə tutmalı və birincini dövlətlə vətəndaşlığa, ikincini isə etnosla etnik mənsubluğa aid etməli olursan.

 

Bizim dövlətin qurulduğu coğrafiyada yaşayanların hamısını etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan milli kimliyinin daşıyıcıları kimi qəbul etmək zəruridir. Etnik kimlik isə, dediyim kimi başqa. "Millət"lə "milliyyət"i bu mənada qarışdırmaq doğru deyil.

 

Bəzən ingilisdilli siyasi ədəbiyyatda belə mülahizəyə rast gəlirsən ki, “nationality”, yəni “milliyyət” o zaman “nation”, yəni “millət” olur ki, müstəqil dövlət qura bilsin. Sual yaranır: əgər çoxluğu təmsil edən etnos-milliyyət öz ərazisində müstəqil dövlət yaradaraq “millət”ə çevrilirsə və bu dövlət yaradıcılığında digər azsaylı etnoslar da iştirakçıdırlarsa, onda əksəriyyətin təmsilçisi olan etnos “millət”ə çevrilir, digər azlıqlar “milliyyətlər” kimi qalır? Qalmalıdırlarsa, onların “millət” olmaq arzuları damı gözlərində qalmalıdır? Bu siyasi ədalətsizliyin fəsadlarından sığortalanmağı təmin edəcək ən doğru politoloji yanaşma, təbii ki, hazırda üstünlük qazanmaqda olan yanaşmadır.

 

Sonuncunu bizim reallığa tətbiq etsək, birmənalı olaraq bunun üzərində dayanılmalıdır: Azərbaycan əhalisinin çoxluqda olan türk etnosunun, eləcə də azlıqda olan talış, ləzgi, rus, avar, inqiloy, kürd, yəhudi və s. etnosların milli kimliyi “Azərbaycanlı”dır. Bu da linqvistik reallıqdır ki, “milli” sözü dilimizdə artıq “dövlət”lə assosiaya olunmaqdadır: “milli bank”, “milli valyuta”, “milli gəlir”, “milli park” və s. Yaxud, bəzi ölkələrdə müəssisələrin, torpağın və s.-nin dövlət mülkiyyətinə keçməsi bunların “milliləşdirilməsi” kimi təqdim edilirsə, bunu da nəzərə almaq lazımdır.

 

Əlbəttə, “milli” sözünün dilimizdə, eləcə də başqa dillərdə oturuşmuş bir məna çaları da var ki, ayrıca götürülmüş bir xalqın ədəbiyyatına, musiqisinə, mətbəxinə, bəzən də ümumən mədəniyyətinə tətbiq edilir. Sözün bu kontekstdə anlamının mütləqləşdirilməsi cəhdi yanlışdır. Yəni, deyək, Elmlər Akademiyası dövlət büdcəsi ilə maliyyələşirsə, adında keçən “milli” sözünə etiraz qəbul edilən deyil.

 

P.S. Bir neçə il əvvəl AMEA-da çalışan filosof alimimiz Zümrüd Quluzadə - Allah rəhmət eləsin - mənə zəng etmişdi, Azərbaycanşünaslıq fənni ilə əlaqədar bəzi məsələləri soruşurdu. Söhbətimiz yuxarıda qeyd etdiyim terminlərin üzərinə gələndə dedi ki, bu barədə gərək hamımızda fikir birliyi olsun, hərə öz mövqeyindən çıxış edərək fərqli yanaşmasını irəli sürür. Yuxarıda qeyd etdiklərimi onun nəzərinə çatdırdım. Deyəsən, qane olmadı və soruşdu: bəs cənubi Azərbaycandakı soydaşlarımız necə, biz millətiksə, onlar millət deyil? Cavabım belə oldu: bizim çoxluğun etnik kimliyi kimi onların da etnik kimliyi türk, milli kimliyi isə İranlıdır, nə vaxtsa müstəqil dövlət qura bilsələr, milli kimlikləri də həmin dövlətin adına uyğun müəyyənləşəcək, təbii.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020