Osman Gündüz: O, Azərbaycan informatikasının inkişafı üçün uzun illər vuruşdu...

Osman Gündüz: O, Azərbaycan informatikasının inkişafı üçün uzun illər vuruşdu...

Osman Gündüz: O, Azərbaycan informatikasının inkişafı üçün uzun illər vuruşdu...

 

Azərbaycanda proqramçıların yetişməsində müstəsna rolu olan, informatikanın inkişafına ciddi töhfələr vermiş, informatika fənni üzrə olimpiada hərəkatının əsasını qoyan və uzun müddət bu hərəkata rəhbərlik edən Ramin Mahmudzadə bu gün vəfat edib.
Ramin müəllim əsil pedaqoq və alim, həm də prinsipial, Gözəl İnsan idi.

 

O, Azərbaycan informatikasının inkişafı üçün uzun illər vuruşdu.
İnformatikanın tədrisini yüksəltmək üçün, informatikaya qarşı qərar qəbul edənlərin münasibətini dəyişmək üçün, informatikanın tədris yükünü 1 saat da olsa artırmaq üçün yorulmadan mübarizə apardı.

 

Ramin müəllimin ən gözəl xüsusiyyətlərinin biri də, həm də onun haqq-ədaləti gözləməsi, bu istiqamətdə sözünü deməkdən çəkinməməsi, uzun illər oturuşan konservativ meyllərə qarşı vuruşması idi.

 

Onun ən son uğurlu işlərindən biri də " İnformatika, yoxsa kimya" probleminin həlli ilə bağlı olub.
Uzun mübarizədən sonra nəhayət ki, ötən il səlahiyyətli qurumlar kompüter və İT ixtisası seçənlərin Kimyadan deyil İnformatikadan qəbul imtahan verəcəyi ilə bağlı qərar verib.
Azərbaycanın İT sektorunun inkişafında mühüm rol oynayan bu qayda gələn il ilk dəfə olaraq tətbiq olunacaq .

 

Təəssüf ki, Ramin müəllim o günü görə bilmədi.
Amma son anda da bu sektorun inkişafına töhfə verməyə imkan tapdı.
Onunla sonuncu dəfə bir müddət öncə keçirilən DİM-in İnformatika işçi qrupunun toplantısında görüşmüşdüm.

 

İlk dəfə keçiriləcək İnformatikadan qəbul imtahanı ilə bağlı bu toplantıdakı faydalı tövsiyyələri ilə də yadımda qalıb.

 

Cəmi bir-iki ay öncə, bu imtahana hazırlıqla bağlı çox faydalı olan, abituriyentlər üçün "İnformatika" vəsaitini də hazırlamağa imkan tapdı.

 

Güman ki, Ramin müəllimin həm də prinsipiallığı və yeri gələndə sözünü deməkdən çəkinməməsinə görə də uzun illər "Əməkdar müəllim" adını ala bilməmişdi (yalnız iki il öncə, 85 illiyində bu ad verilmişdi ona).

 

Bildiyim qədər Prezident təqaüdü də ala bilməmişdi.
Prezident 2005-ci ildə Ramin Mahmudzadəni "Şöhrət" ordeni ilə təltif edib.
Ramin müəllim mənalı bir ömür yaşadı.
O həmişə yaddaşımızda Gözəl İnsan kimi qalacaq.

 

Əminəm ki, bu gün kod yazan, alqoritm quran, datalarla işləyən, süni intellekt həlləri yaradan, İT təhlükəsizliklə, hətta xakerliklə məşğul olan çox sayda həmyerlilərimiz də onu dəyərli bir insan, ustad kimi xatırlayacaqlar.

 

Mərhumun doğmalarına, yaxınlarına və əzizlərinə, müəllim həmkarlarına, dostlarına, yetişdirdiyi saysız-hesabsız proqramçılara və İT mütəxəssislərə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020