Asif Rüstəmli: SİVRİCƏDƏ, XƏZƏR GÖLÜNÜN KIYISINDA

Asif Rüstəmli: SİVRİCƏDƏ, XƏZƏR GÖLÜNÜN KIYISINDA

 SİVRİCƏDƏ, XƏZƏR GÖLÜNÜN KIYISINDA


1934-cü ilə qədər bu gölün adı Gölcük olub. Almas İldırım 5-6 aylıq İran əsirliyindən xilas olduqdan sonra Türkiyəyə, Van şəhərinə gəlib. Sərhəd Kabakının sözlərinə görə Mustafa Kamal Atatürk Azərbaycanın mühacir şairi haqqında məlumatlandırıldıqdan sonra Almas İldırım Elazığa nahiyyə müdirliyinə göndərilir. Onun 1934-cü ildə ilk baş çəkdiyi yerlərdən biri Sivricə köyünün kənarındakı Gölcük olub. Dərdlərini bizim Göygölə bənzəyən Gölcükün sakit, ləpəli sularına danışan şair yazırdı:
Aç qoynunu, uzaqdan gəlmişəm, çox yaslıyam,
Eli, yurdu çalınmış bir qərib qafqaslıyam,
Zənn etmə ki, yoxsulam; Kürlüyəm, Araslıyam,
Bakıdan ayrılalı yaxın zamandır, Gölcük!
Yolsuz bir aşiq kimi sanma ki, səni buldum.
Mən uzaq bir Göygölün yolunda böylə soldum,
Bu doğrudur, bir dostun yolunda qurban oldum,
Bu bizim etdiyimiz əhdi-peymandır, Gölcük!
Bir neçə misrada vətən həsrətini, yurd sızıltısını, el-oba ağrısını, “dost” xəyanətini, fərdi iztirablarını dilə gətirən şair Gölcüklə “əhdi-peyman” bağlayır, hər zaman onu anacağını, ziyarət edəcəyini vurğulayır. Bir müddət sonra Almas İldırım Türkiyənin Cümhur Başkanı Mustafa Kamal Atatürkə müraciət edərək Gölcükün Xəzər adlandırılması üçün qərar verməsini rica edir. Mühacir şairin təşəbbüsünə həssas yanaşan Cümhur Başkanı Gölcükü Xəzər gölü adlandırır. Xəzər adı onun alovlanan həsrətinin, intizarının üzərinə qismən də olsa Gölcük suyu səpələyir... O Xəzəri sevir, Xəzər gölünün mavi gözləri ilə Xəzər dənizini seyr edir... yanğılar içərisində çırpınsa da, ruhu Xəzərdə dinclik tapır... Bu gün Xəzər gölü məzarı tapılmayan Almas İldırımın məğrur, füsunkar, şəffaf, heç bir zaman solmayan əbədi abidəsidir. Şair, mühacir ruhunun canlı abidəsi! Xəzər gölünün ləpələnən sularında Almas İldırım ruhunun nəhəng portreti həssas və qədirşünas seyrçilər üçün hər zaman görünməkdədir!
...Elazığlı dostum, Manas Kültür Cəmiyyətinin təsisçisi və rəhbəri Şener Bulut bəy ilə ötən bazar günü (07.08.2022) Xəzər gölünün və Almas İldırım ruhunun ziyarətinə getdik. Elazlğdan Sivricəyə 30 km yol boyu ancaq Almas İldırım yaradıcılığından, şəxsiyyətindən, ona bəslənən xalq məhəbbətindən danışdıq. Avtomobili idarə edən, Şener bəyin oğlu, Ankara Universitetinin doktorantı Bilgəkaan (mən ona Bilgə Xaqan deyirdim-A.R.) mühacir şairimizin acı tale lövhələrini üzüntülərlə dinləyirdi... Xəzərin kənarındakı Ögretmenler (Müəllimlər) Evinin Xəzər gölünə baxan eyvanında Almas İldırımın 100 illik yubiley təntənələrinin vidiogörüntüsünü seyr etdik... Akademik Bəkir Nəbiyevin rəhbərliyi ilə 2007-ci ildə Azərbaycandan yubiley tədbirlərinə qatılmaq üçün gəlmiş nümayəndə heyətini Elazığ valisi Müəmmar Muşmal qarşılayır. Elazığ rəsmləri ilə Azərbaycandan gəlmiş tədbir iştirakçılarının Xəzər gölü sahilində keçirdiyi mərasim isə çox təsirli duyğular, kövrək hisslər yaratdı. Adətən, məzarı qürbətdə qalan mərhumlar ziyarət edilərkən onların qəbri üzərinə vətəndən aparılan bir ovuc torpaq səpilir. Almas İldırımın ruhunu yad etmək üçün Azərbaycandan gələn nümayəndələr Xəzər dənizindən gətirdikləri bir qab suyu növbə ilə Xəzər gölünə səpirlər...
Ziyarətimizin sonunda Şener bəy mənə “Turan” qəzetinin Almas İldırımla bağlı bir neçə sayını təqdim edir. Qəzetin 29.03.2022-ci il tarixli nömrəsində Av.Cem Bayındırın “Elmas Yıldırımdan bir şiir” yazısı diqqətimi cəlb edir. Şairin Elazığa həsr etdiyi və 22 avqust 1935-ci ildə Elazığ Xalq evinin nəşr etdiyi “Altan” dərgisində yayımlanan “İlerleyen Elazize” adlı şeiri verilmişdir.
“Turan”ın 09.08.2022-ci il tarixli sayında isə: “Hazar gölü kıyısında uyğun bir yere anıt mezar yapılacak”, “Türkiye-Azerbaycan Universitesi açılmalı ve adı da Elmas Yıldırım olmalıdır!”, Ganire Paşayeva: “Elazığ Türkiyedeki Azerbaycandır!”, “Elazığda Türkiye-Azerbaycan Universitesi mutlaka Kurulacakdır!...” və s. yazıları oxuduqca qürur hissi keçirirsən və düşünürsən ki, bir vaxt dərdlərini Gölcüyə danışan didərgin şairin arzuları çin olur, əsərləri və nigaran ruhu sevgi və sayğılarla anılır, yad edilir...
Şəkildə: Şener Bulut ilə. Sivricə. Xəzər gölünün sahilində.
Bakı. 12.08.2022

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020