Müslüm Maqomayevin ölümündən qabaq son müsahibəsi- Tərcüməçi Kamran Nəzirlinin təqdimatında (İxtisarla)
Bu xəbəri paylaş
Müslüm Maqomayevin ölümündən qabaq son müsahibəsi- Tərcüməçi Kamran Nəzirlinin təqdimatında
EPOXA
(İXTİSARLA)
MÜSLÜM MAQOMAYEV: “Milis məni indiyə kimi tanıyır, mənsə hərdən güzgüyə baxıram, təəssüf, çox vaxt heç özümü tanımıram” .
Bu sözlər Müslüm Maqomayevə həsr olunmuş mahnıdan götürülüb, onu Paxmutova və Dobronravov yazıblar, Tamara Sinyavskaya oxuyub; bu gün mahnının sözləri ayrı məna daşıyır.
(Dünyanın nəhəng estrada ulduzlarından biri, həmyerlimiz Müslüm Maqomayevlə bu tarixi müsahibə Kiyevdə çıxan “BULVAR QORDONA” həftəlik jurnalında 2008-ci ilin oktyabr-noyabr nömrələrində dərc olunub. Müsahibənin tarixi əhəmiyyətini və son dərəcə maraqlı olmasını nəzərə alaraq, onu yazıçı Kamran Nəzirlinin tərcüməsində oxuculara təqdim edirik)
Dmitri Qordon,
Ukrayna jurnalisti
Ağ royal və ağ smokinq; süzgün qara gözlər məftunedici və nüfuzedicidir, adamı tilsimləyir, sanki onun hər hüceyrəsində bariton var...
O 1963-ci ildən bəri estradada şəriksiz şahlıq etdi; Müslüm Maqomayev sakitcə getdi, necə deyərlər, ulduzların “Rusiya” kinokonsert zalının qarşısındakı təntənəli təməlqoyma və yolasalma mərasimindən qəti şəkildə imtina edərək səhnədən ingilssayağı səssiz-küysüz getdi. Hər halda, o, hələ 19 yaşında “Oqonyok” jurnalına verdiyi ilk müsahibəsindəki vədinə sadiq qaldı:”...səsimin bir balaca “yırğalandığını” hiss etdimsə, dərhal səhnəni tərk edəcəm...”
Vaxtilə sovet qızları öz evlərinin divarlarını kağız “oboylar” əvəzinə Müslümün şəkilləri ilə bəzəyirdilər, ona sevgilərini binaların giriş qapılarında, liftlərdə, həyət darvazalarında yazıb ifadə edirdilər. Ona Baş katiblər və nazirlər pərəstiş edirdilər, hökmlü və güclü vilayət katibləri isə mehmanxana dəhlizlərində saatlarla onun ha vaxt yuxudan oyanmasını gözləyərdilər. Müslümün "qüsurları"nı təkcə əfsanəvi “xaç anası” Furtsova yox, hamı bağışlayırdı: xasiyyətcə idarəolunmazlığını, burjua kəpənək-qalstuku taxmasını, yüksək tribunalardan və səhnələrdən “Xaç atası” filmindən ifa etdiyi mahnıları, ideoloji cəhətdən yad olan bütün digər şlyagerlərin musiqilərini, partiya biletinin olmamasını, xaricdə qohum-əqrabasının yaşamasını... hər şeyi ona keçirdilər! Maqomayevi taleyin ərköyünü adlandırır, ona seks-simvol və “cənab Yox” deyirdilər. Çünki o, istəmədiyi şeyi etməzdi, ona qətiyyətlə “yox!” deyərdi. Bəli, böyük sənətkar öz qiymətini bilirdi. “Mənim boğazımda böyük bir sərvət var” deyirdi Müslüm; və doğurdan da iqtisadi baxımdan bu “boğaz” SSRİ-yə Bakıdakı neft buruqlarından daha çox valyuta gətirə bilərdi. Təkcə bunu demək kifayət edər ki, Müslümün Krasnodarda yerli filarmoniyadakı dörd konserti dörd milyon rubl gəlir gətirmişdi və filarmoniya bu pulla simfonik orkestrin yarımillik əmək haqqını ödəmişdi; Rostovda verdiyi altı konserti imkan vermişdi ki, Kuban kazaklarının Ansamblı üçün yeni kostyumlar tikilsin...Amma bir çoxlarının düşündüyünün əksi olaraq, müğənni özü milyoner olmamışdı; əvvəla, qonorar məsələsində dövlət artistə qarşı çox xəsislik edirdi, onun rəsmi qonorarını işsizə verilən müavinətlə müqayisə etmək olardı. İkincisi, Müslüm dostlarına və sənət yoldaşlarına qarşı çox səxavətli idi. Yaxın dostlarının dediyinə görə, onun qaldığı hotel otaqlarında pullar hara gəldi səpələnərdi, qapıları heç vaxt bağlı saxlamazdı; elə həmin musiqiçi dostları da günün istənilən saatında içəri girib ondan borc götürə bilərdilər (və o borcu isə bir qayda olaraq heç vaxt qaytarmazdılar). Maqomayevin vaxtilə milyon-milyon tirajla buraxılan kaset və valları bu gün əntiq olub, internet-auksionlara çıxarılır və satılır; onun Kann Beynəlxalq festivalında aldığı iki “Qızıl disk”inə isə “Melodiya” firması öz ağır möhürünü vurub (ondan gələn gəlir vallarının satışından gələn gəlirə bərabərdir). Maestro ömrünün ən gözəl çağlarında qastrollarda olduğu 130 gün ərzində sayı-hesabı bəlli olmayan konsertlər verib, buna görə ona çoxlu ordenlər veriblər, lakin o, Rusiyada təqaüd haqqını ala bilmədi; bütün bu illər ərzində moskvalı qadınla evlənib bu şəhərdə bakılı kimi yaşasa da, lap bu yaxınlara kimi paytaxtda qeydiyyata düşməmişdi. Əgər Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev ona və həyat yoldaşı Tamaraya rəsmi dövlət yardımı kimi təqaüd verməsəydi, ömrünün son illərində Müslüm Məhəmməd oğlunun nə cür yaşayacağı sual altında qalardı. Bu yardım Heydər Əliyevin oğlu İlham Əliyev tərəfindən indi də davam etdirilir. Müslümün sözlərinə görə, əlbəttə, məbləğ bir elə böyük deyil, lakin Böyük Teatrın solistinin pensiyasından çoxdur.
Furtsovanın himayədarlığı ilə hakimiyyət nümayəndələri Maqomayevə demək olar ki, hər şeyi keçirdi. Son vaxtlar SSRİ xalq artisti tərki-dünyalıq olmuşdu, əsl zahid kimi yaşayırdı; bayıra çıxmırdı, banket və qonaqlıqlardan imtina edir, hətta ərzaq üçün mağazalara da getmirdi, əyin-başını belə evə gətirirdilər. Səhər saat altıdan siqaret çəkirdi (hər gün çəkdiyi bir qutu siqaretin üçünü!) və sonra otururdu Not-book-nun qabağında. Onun dünyaya pəncərəsi internetdəki şəxsi saytı idi, bura hər gün yüzlərlə pərəstişkarı daxil olurdu. Doğrudur, prinsipinə görə, müğənni ona yazılan suallara cavab vermirdi, çünki öz dediyinə görə, prinsipcə bütün sualların cavablarını yazdığı “Melodiya-mənim sevgim”adlı kitabından tapmaq olar. O, canlı olaraq yalnız bir neçə nəfərlə, çoxdan tanıdığı yaxın dostlarıyla təmas qururdu, hətta Moskva ətrafındakı bağına da getmirdi. Görünür, bu, 21 yaşında onun başına bomba kimi yağan qulaqbatırıcı şöhrətə qarşı bir reaksiya idi. Görünür, o da Vatikandakı müqəddəslərin mərmərdən yonulmuş, inanclılar tərəfindən öpülən və sonra silinən heykəlləri kimi milyonların məftunedici baxışlarından və ona toxunan həris barmaqlardan yorulmuşdu. Maqomayev hətta ona uzun illər himayədarlıq etmiş Heydər Əliyevin dəfn mərasiminə də getmədi - səhhətindəki problemlərinə görə. Obıvatellərdən kimsə buna görə onu məzəmmət etməyi də unutmadı, lakin mən əminəm ki, onlar Müslümü mühakimə etməyə layiq deyillər. Mənim müsahibim üçün hətta ən xırda saxtalıq belə əzablıdır, bunu anlamaq üçün gərək sənin mükəmməl fəhmin və duyumun ola; onun ağrısını hiss etmək üçün gərək sənin ürəyin də onun ürəyi kimi açıq ola. Avqust ayında Müslüm Maqomayevin 66 yaşı tamam oldu, lakin onun səsini heç korporativ gecələrdə də eşitmək mümkün olmadı. O gülümsəyərək zarafat edirdi:”İsətyirəm məni oxumağımla yadda saxlasınlar, xırıldamağımla yox!”
Şükür Allaha, musiqiçilərimiz üçün onun bir çox televiziya çıxışları, valları və diskləri yadigar qalıb və bu disklərin birində bariton səsli şöhrətli müğənni yazmışdır:”Əvvəllər müğənnilər ulduz olmaq istəyirdilər, indi isə ulduzlar müğənni olmaq istəyir”.
“MƏNDƏ HEÇ VAXT “DAHA HƏR ŞEYƏ NAİL OLMUŞAM, BƏSDİ!” KİMİ SÖZLƏR DEMƏK İSTƏYİ OLMAYIB”
- Bir dəfə İosif Kobzon məndən soruşdu:”Sovet İttifaqında ən populyar estrada artisti kim olub, bilirsən? Səncə, Puqaçova? Yox, elə deyil, Müslüm qədər şöhrəti olan ikinci bir müğənni olmayıb!” Hə, yeri gəlmişkən, mərhum Yuri Baqatikov da sizin adınızı çəkərkən həmişə heyrətdən gözlərini geniş açaraq deyirdi: “Müslüm – gücdür, qüvvədir!” Deyirlər, Odessada sizin pərəstişkarlarınız mindiyiniz avtoimobili pamadalı dodaqlarıyla öpə-öpə qaldırmış və onu əllərində konsert zalından “Krasnaya” mehmanxanasına kimi üç kilometr aparmışlar...
- (Gülür). Hə, pamada olub, amma avtomobili bir neçə kilometr əlində aparmağa heç bir pərəstişkarın gücü çatmaz. Əslində bu hadisə Moskvada baş verib. Maşın gəldi, Yuri Vasilyeviç Silantyev (Ümumittifaq Radio və Mərkəzi Televiziyası estrada-simfonik orkestrinin rəhbəri və baş dirijoru) arvadı və uşağıyla (o hələ balacaydı) arxada oturdu, mən də qabaq oturacaqda. Biz aradan çıxmağa hazırlaşırdıq...
- bir qayda olaraq!...
- ...birdən bir qrup gənc çıxdı qarşımıza...Bizi dövrəyə aldılar. Kimsə ideya verdi:”Qaldırın onu!” Biz üstüaçıq yekə bir ZİS-də oturmuşduq, o maşınla stadionlara gedirdik. Maşını qaldırdılar və bu vaxt Silantyev qışqırdı, onun arvadı Olqa çığırmağa başladı... Gənclər maşını təxminən beş metr apardılar, qışqırıqlar isə daha da artırdı, onlar, görünür, tale ilə oyun oynamaqdan vaz keçdilər, yaxşı ki, avtomobili tullamadılar, astaca yerə qoydular. Belə bir hadisə həqiqətən olub...sonradan bu fakt fantastik detallar və təfərrüatlarla yayılmağa başladı...
- Sizin yerinizdə kim olsaydı, misal üçün, yaxşı tərbiyə görməmiş və həm də şöhrətdən yolunu azmış birisi olsaydı, yəqin ki, dəli olardı. Xoşbəxtlikdən sizi Allah qoruyub...
- Bilirsiz, Dima, əvvəla, mən heç vaxt yalan danışmıram (özü də, əgər məsələ mənimlə bağlıdırsa), ikincisi, hər zaman özümü böyük müğənnilərə tən tutmuşam. Masştab çox böyük idi və buna görə də məndə heç vaxt “daha hər şeyə nail olmuşam, bəsdi!” kimi cazibəli sözlər demək istəyi yox idi. Çan atmağa çalışdığım əlçatmaz zirvə fəth olunmamış qaldı: belə deyək də, mən anladım ki, Tito Qobbi kimi heç vaxt oxumayacam, buna görə də dərhal opera səhnəsindən “sürüşüb” düşdüm. Özünüz fikirləşin: opera səhnəsində maksimum 20 dəqiqə qalırsan, lakin bu mənə azlıq edirdi, özü də eyni şeyi təkrar-təkrar oxuyursan, səhnə mizanı düpbədüz hey təkrar olunur, özün nə qədər yaradıcı olsan da, yenə eyni şeyi edirsən. Axı mən mahiyyətcə improvizatoram; bu gün mahnını belə oxumaq istəyirəm, sabah ayrı cür. Operada isə belə şeylər olmaz, partiyanı müəllifin düşündüyü, fikirləşdiyi kimi oxumalısan.
- Hələ kostyumlar da var...ağır, hərəkətə mane olan əyin-baş...
- Bunun bir elə əhəmiyyəti yoxdur. Kamzol Fiqaronun kostyumu kifayət qədər yüngül və münasibdir, amma Skarpianınkı çox ağır...Bütün hallarda...Estradada mən improvizə edə, bəstəkara öz traktovkamı təklif edə bilirdim...
- Maraqlıdı, özününzü bir nömrəli sovet superulduzu hiss edirdinizmi?
- Düzünə qalsa, bu məni narahat etmirdi, superulduz – super deyil: görürdüm ki, insanlar məni sevirlər və heç kimə də həsəd aparmırdım.
- Sadəcə axı heç kim yox idi həsəd aparmağa!
- Görünür, beləydi...Şöhrətdə mənə rəqib görünmürdü. Ümumiyyətlə, məndə heç kimə qarşı qara həsəd hissi yox idi, heç ağ həsəd də yox idi. “Ah, bax, bu müğənninin yüksək tonlu səsi nə gözəldi! Məndə belə alınmaz! Allah verməyib, amma başqalarına səxavətlə paylayıb!” Belə şeyləri heç ağlıma gətirməzdim.
- Uğur üçün vacib olan hər şeyiniz – möhtəşəm səs, tembr, hündür boy-buxun, gözəl xarici görünüş, temperament... hamısı olub sizdə.
- Hə də, belə demək olar...
- Bəs öz fenomenal populyarlığınızı necə izah edirsiniz? Bu sirr, müəmma nə idi belə?
- Əsas odur ki, bu olub. Buna görə də mən “Bu olub, olub...” adlı teleproqrama getməkdən qətiyyətlə imtina etdim. Mən bu verilişi heç sevmirdim. Amerikada Frank Sinatrdan danışanda nədənsə verilişin adını çəkmirlər...
- Amerikada səlahiyyətini başa vurmuş prezidentə də “keçmiş prezident” demirlər, onu “eks prezident” kimi təhqiredici adla da çağırmırlar...
- İndi televiziya işçiləri yeni bir proqram hazırlayıblar – mən buna baxmaq belə istəmirəm! Bir neçə müğənni çıxarırlar ortalığa - 20 il bundan qabaq populyar olan müğənniləri - göstərirlər; yəni demək istəyirlər ki, bunlar olub, sanki var imişlər və çıxıb gediblər...
- Miskin mənzərə!
- Axı niyə belə edirlər? Niyə? Əgər onlar yaxşı formadadılarsa, gözəl görünürlərsə, “bu olub!” kimi damğanı yapışdırmaq nəyə lazımdı, qoy oxusunlar da...
“MƏN HEÇ VAXT BALKONDAN PUL TULLAMAMIŞAM”
- Uşaqlıq çağlarımdan yadımda qalan bir xırda epizod...Hansısa bayram süfrəsi başında oturub yeyib-içirdik; ağ-qara ekranlı televizorda İttifaqlar Evinin Sütunlu salonundan konsert translyasiya olunurdu, birdən... aparıcı Svetlana Morqunova elan etdi: ”Oxuyur Müslüm Maqomayev!” və mənə elə gəldi ki, televizor da qadın qışqırtısı və çığırtısından silkələndi... Vəcdən eynilə belə bir şivən ekranın bu üzündən, yəni evdən gəldi: qadınlar yerlərindən dik atılıb o sehirli televizor qutusunu dövrəyə aldılar, az qala ekranı öpəcəkdilər...Siz bir canlı insan kimi bu dəli ajiotajı necə yaşayırdınız?
- Sizin hekayənizi dinləyərkən gülməli bir tarixçə yadıma düşdü. Bu, televiziya ilə translyasiya edilən novbəti solo konsertlərimin birindən sonra baş verib; deməli, dostum şair Anatoli Qroxov məni evinə dəvət etmişdi; demişdi ki, konsert qurtarandan dərhal sonra min maşına, gəl bizə. Onlara qalxanda liftdə səhvən başqa düyməni basdım və ayrı mərtəbədə peyda oldum. Qapının zəngini vurdum (o zamanlar hamıda standart zəng düymələri vardı) və eşidirəm ki, içəridən səs gəlir: “Aaaa, bu da Maqomayevin özü!” Qapı açılır və baxıram ki, kandarda tanış olmayan qadın sifəti. “Kim lazımdı?” qadın soruşur, az qala bayılaraq soruşur. “Qroxovgilə gəlmişəm!” dedim. Və qadının səsi zəiflədi: “O, bir mərtəbə yuxarıda olur”. Yuxarı qalxıram.”Bura bax, səhv gəlmişdim, sənin qonşunu da yaman qorxutdum!” Sonradan həmin qadın Tolyaya demişdi. “Mənə elə gəldi ki, dəli olmuşam, ya da qara basır məni. Axı indicə Maqomayevi televizorda görmüşdük, heyran olmuşduq, vəcdə gəlmişdik: necə də gözəl oxuyur! Və birdən görürəm ki, elə o Maqomayev qapımızın zəngini basır. Necə olarsan, hə? Təbii ki, bir anlıq mənə elə gəldi ki, yəqin dəli olmuşam, ora - dəlilər evinə getməyimin vaxtıdı...”
- Qadınlar sizə toxunmağa can atırdılar, hətta paltarlarınızı belə cırırdılar, eləmi?
- Hə, belə şeylər olurdu...
- ...və siz də azğın pərəstişkarlardan qaçıb canınızı qurtarırdınız?
- Mənim öz metodlarım olurdu. İndi hər yanda cangüdənlər-filan var, elə hey eşidirsən ki, mühafizəçilər, cangüdənlər...O zamanlar heç bir cangüdən-filan yox idi, biz də onlarısız ötüşürdük. Çox vaxt arxa qapılardan gizli yolla çıxırdıq, sakitcə...Hərdən də elə olurdu ki, ikinci mərtəbədən tullanıb qaçırdıq...
- Ay aman! Yəni belə də olub?
- Əlbəttə! Yaltada dirijor Niyazi ilə birlikdə konsertdən sonra izdiham zalı mühasirəyə almışdı, çıxmaq mümkün deyildi. O zaman təklif elədim ki, gəlin qrim otağımdakı pəncərədən tullanaq. Ordan yerə təxminən üç metr yarım olardı, aşağıda otluq vardı.”Uzaqbaşı, otluğa düşəcəyik!” dedim. Mən dərhal aşağı tullandım, dalımca köməkçim. Və biz ikimiz yerdən Niyaziyə kömək elədik, axı o, çəlimsiz, arıq bir adam idi! Beləliklə, biz qaça bildik...Mən artıq bunun yolunu tapmışdım. Deməli, konsert idman Sarayında olanda, maşın birbaşa içəri girirdi, stadionda olanda isə bəzən maşınla dövrə vurmalı olurduq, ilişirdik! Bir dəfə bizi əməlli-başlı dövrəyə aldılar; camaat tribunalardan üstümüzə cumdu; əvvəlcə bir tribuna, sonra ikincisi, üçüncüsü...hər tərəfdən tökülüşüb bizi sadəcə mühasirəyə aldılar... Nə isə...birtəhər ötüşdük...
- Deyirlər, sizin konsert verdiyiniz salonlarda milislər at belində keşik çəkirmişlər...
- Hər yerdə yox! Olurdu bəzi şəhərlərdə.
- Şair Robert Rojdestvenski gözəl mahnı mətnlərinin müəllifidir, siz də onları ifa eləmisiz. O bir dəfə yazmışdı ki, “mən Müslüm Maqomayevin konsertlərinin çoxunda iştirak eləmişəm. Və elə bir hal olmayıb ki, aparıcı onun ad-familyasını axıra çatdırıb desin. Adətən “Müslüm” sözündən sonra salonda elə alqışlar və səslər qopurdu ki, o möhtəşəm və ehtiraslı gurultu ən güclü mikrofona rəğmən, aparıcının dediyi “Maqomayev” sözünü eşitməyə imkan vermirdi.
- (Nostalji ilə). Hə...elə hallar da olub...
- Mənim fikrimcə, siz azad sənətkarsınız, bütün həyatınız boyu nə istəmisiz onu da etmisiniz və hər zaman ürəyinizin diktəsi ilə hərəkət etmisiniz. Bu düzdürmü ki, bir balaca hiss edəndə ki səsiniz yerində deyil, ya da yaxşı ovqatda deyilsiniz, konsertinizi dərhal təxirə salmısınız?
- Bəli. Təəssüf ki, nəsə qaydasında olmayanda oxuya bilməmişəm; və düşünəndə ki, tamaşaçılar nahaq yerə bilet alıblar, mən onlara istədiklərini verə bilməyəcəm, az qala dəli olurdum. Əlbəttə, pis əhval-ruhiyyədə, xəstə-filan olduqda belə, özünü məcbur edib səhnəyə çıxa bilərdin, lakin...
- ...özünüzü aldada bilməzdiniz...
- Axı adamlar dərhal duyurlar bunu! Bunu görmüşəm bir neçə dəfə; ümumi tədbirlərdə konsertlər olanda, mən də bir-iki mahnı oxumalı olmuşam, amma xəstə halda oxumalı olmuşam...
- Elə həmin o Yuri Baqatikov sizi qeyri-adi geniş ürəyə malik insan kimi xarakterizə edib. Deyib ki, gənclik çağlarında bütün başqa istedadlı şərq adamları kimi Müslüm də hərdən danqazlıq edirdi. Misal üçün, bir bakal pivəyə mütləq yaşıl əllilik verirdi, hərdən də balkona çıxıb cibindəki yüzlük paçkasını tullayırdı və əskinasların yarpaqlar kimi necə oynaya-oynaya asfalta düşməsindən ləzzət alırdı...
- Eh, özüm haqqında o qədər nağıllar eşitmişəm ki! İnanın, mən həyatım boyu heç vaxt balkondan yerə pul tullamamışam, tullasaydım, yəqin ki, məni MK-ya çağırar, tənbeh edərdilər. Bu axı kimə lazım idi? Lakin zəhmət adamlarının xahişi ilə balkondan oxumuşam - Kişinyovda. Deyəsən, Odessada da...Adamlara mənim səsim lazım idi, kağız parçaları yox...
“SOVET İTTİFAQINDA QASTROL SƏFƏRLƏRİ ZAMANI MƏN BEŞOTAQLI LÜKS NÖMRƏLƏRDƏ QALIRDIM VƏ BƏZƏN GÜN ƏRZİNDƏ DEMƏK OLAR Kİ, ƏLLİ ADAM QƏBUL EDİRDİM”
- Çoxlu pul qazanırdınız, lakin pullar səxavətli şərq adamı kimi sizin əlinizdən çıxırdı. Eşitmişəm, siz hay-küylü qonaqlıqları, ziyafətlər verməyi sevirmişsiniz; kirayələdiyiniz lüks mehmanxana otaqlarında hər zaman süfrəniz bol olub, konsertlərdən sonra otağınıza 40-50 qonaq yığışırmış. Doğrudanmı siz bu dəstələri yedizdirib-içizdirirmişsiniz? Yoxsa bunlar aktyor uydurmalarıdır?
- Yox, bunlar həqiqətdir.
- Nəsə təəssüf hissiylə ifadə etdiniz bunu, hətta, məncə bir qədər kədərlə...
- Ona görə ki...mən heç vaxt balkondan pul tullamamışam! Amma ziyafət və qonaqlıq verməyi sevməyim, yaxud səhər, günorta, axşam yeməklərini tək yeməməyim olub, bunlar hamısı cavanlıqda...Tamara İliniçnayla evlənməmişdən qabaq mən “Rusiya” mehmanxanasında qalırdım, daha doğrusu, orada özümə beşotaqlı lüks tutmuşdum; bəzən orda gündə əlli adam qəbul edirdim. Belə bir şəraitdə pul saxlamaq olardı? Əlbəttə, pullur uçub gedirdi. Bəlkə də buna görə deyiblər ki, o pulu yelə verirdi, tullayırdı...bilmirəm; amma qonaqlar mənim yanıma həmişə böyük məmnuniyyətlə gəlirdilər. Sonralar, şöhrətim ki, bir qədər azaldı, dostların sayı da azaldı, dəqiq desəm, sürətlə azaldı...
- Sizin konsertmeyster Çingiz Sadıxov söyləyirdi ki, cibinizdə pul qalmırmış deyə, o sadəcə hamısını götürüb saxlayırmış özündə və qastrolun sonuncu gününə kimi sizə vermirmiş...
- Gizlədirdi! (gülür). Lakin onun bicliklərinə baxmayaraq, mən yol tapıb sağa-sola xərcləyirdim.
- Sadıxov həm də deyirdi ki, siz bir dəfə Uzaq Şərqdə 20 min rubl qazanmısınız və maşın almaq arzusunda olmusunuz. Şəxsi avtomobil ala bildinizmi?
- Yox, yox! Moskvaya gəldim, “Metropol”a köçdüm (bu ən bahalı hotel idi). Orada ən yaxşı nömrə götürdüm özümə və qazandığım pulları da dərhal dostlarıma xərclədim; qəbullar düzəltdim, hədiyyələr aldım, bunları çox sevirdim. Bu tacirlik deyildi, bədxərclik və israfçılıq da deyildi...
- ...qəlbin tələbiydi, eləmi?
- Əlbəttə, ürəyim belə istəyirdi. Mən indi də pul yığıb balışımın altına qoymuram; düzdür, indi konsertlər vermirəm, buna görə də qazanmıram...nəyim olubsa və varsa, budur, ona görə yaşayıram... Bəlkə də gələcəkdə pulum oldu...Yəni, adətim üzrə yenə xərcləyirəm (misal üçün mənim iki kompüterim var, istəsəm, üçüncünü də alaram), yenə bahalı hədiyyələr verməkdə davam edirəm: son vaxtlar xəlvəti üç kompüter paylamışam.
- Mən özüm bunun şahidiyəm ki, siz Kiyev konservatoriyasının tələbəsinə necə səxavət göstərmisiniz. Mənə bunu deyiblər. Qız internet vasitəsilə sizinlə yazışır- ona kompüter almısınız, özü də ən yaxşısından...
- Düzdür.
- Doğrusu, belə bir səxavət məni heyrətə gətirdi...
- Amma bu, görüntü xətrinə deyil! Sadəcə, kiməsə sevinc bəxş eləyəndə mənim özümə də ləzzət verir; mən həyatım boyu yaxşılıq elədiyim o insanlara nifrət edirəm ki, onlar sonda bunun əvəzində mənə pislik ediblər.
- Narahat olmayın, Müslüm Məhəmmədoviç, bu artıq sizin problem deyil...
- Axı, problem onlardadı...Təəssüf ki, tez-tez bu barədə düşünməli oluram. Allaha şükür ki, belə naşükür adamlar çox deyil.
- Düzü, etiraf edim ki, qəzetlərdə oxuyanda, televiziyada eşidəndə ki, müasir “ulduzlar” (nə səsləri, nə istedadları, nə də bir repertuarları var!) öz mülkləri, sahib olduqları avtoparkları ilə öyünürlər: nə bilim, qarajlarındakı “Bentli”ini, sonuncu model “Mersedes” və “Ferrari”lərini nümayiş etdirirlər...bunlar mənə çoox gülməli gəlir! Maraqlıdı, bəs sizdə hansı avtomobillər olub?
- Mənim maşınpərəstlik bioqrafiyam “Volqa”dan başlayıb...indi heç modeli də yadımda deyil...
- ...buna da min şükür...başlanğıc ümidvericidir...
- ...sonra keçdim nəsə xarici modelə...hə, yadıma düşdü, “Fiat” aldım. Doğrusu, heç xoşuma da gəlmədi, mənim üçün çox darısqal maşın idi, sonra yenidən “Volqa” aldım, indi isə cip “Mersedes”im var... Tamaranın avtomobili balacadı - adını da bilmirəm, mənim belə şeylərdən başım çıxmır.
- Düzdürmü ki, ümumxalq populyarlığınızdan istifadə edib maşını sürücülük vəsiqəsi olmadan sürmüsünüz?
- Cəmi ikicə dəfə... hə, iki dəfə olub – sadəcə sürücülük vəsiqəm evdə qalmışdı, unutmuşdum. Çox şükür ki,milis hələ də məni tanıyır, amma mən özüm...güzgüyə baxıram, çox vaxt özümü tanımıram.
- Məncə, bir qədər şişirdirsiz...
- Mənə elə gəlir ki, o dövrdən məni yadında saxlayanlar da necə dəyişdiyimi görürlər...Bununla belə, yanımdan ötəndə boylanıb baxırlar, əl edirlər...Adama xoş olur belədə...
“HƏ, BAX, BU DA MAQOMAYEV,- GÖMRÜKÇÜ QADININ ÜZÜ İŞIQLANDI,-İNDİ BİZ ONU YOXLAYARIQ”
- Sizə təkcə sovet xalqı (həm də postsovet) məftun deyildi, sizin heyrətedici istedadınız hətta İran şahı Məhəmməd Rza Pəhləvini də vəcdə gətirmişdi. Deyilənə görə, sizə bir çamadan qiymətli daş-qaş da hədiyyə verib...
- Nə danışırsız, çamadan-zad nədi?
- Çantadı bəlkə, çiyindən asılan çanta, hə?
- Balaca bir mücrüydü, içində də üzük vardı - budu, barmağımda...bir də hansısa şahanə bəzək-düzək əşyalarıydı...
- Bu üzüyü tez-tez barmağınızda görürəm, bunu həmişə taxırsınız?
- Əvvəllər açıq-aşkar taxmağa cürət etməzdim, sonralar nə oldusa, taxdım və bu üzük mənə uğur gətirdi. Görəndə ki, artıq hamı bu üzüyü görməyə alışıb, qərara aldım ki, bir daha çıxartmayım.
- Necə olub ki, total dəmir pərdə illərində bu qiymətli əşyanı sərhəddən keçirmisiz? Axı o zaman bir quş belə cürət edib gömrükdən buyana keçə bilməzdi...
- Çox böyük çətinliklə...və yalnız buna görə ki, aeroportda məni İran səfirliyinin nümayəndəsi qarşıladı. Gömrüyü keçəndə mənim iri çamadanım gömrükçü formasında olan hansısa xalanın diqqətini cəlb etdi. “Hə, bax, bu da Maqomayev,” deyə üzü işıqlandı, - “indi biz onu yoxlayarıq!” Düzü, elə bildim gömrükçü qadın zarafat edir, lakin gördüm ki, çamadanı açır, orda isə şahın mənə hədiyyə verdiyi xalça vardı...
- ...fars xalçasıydı?..
- ...hə, əla bir şey idi, orda saat və içində üzük olan balaca mücrü də vardı. “Bilrsinizmi ki, qabaqcadan deklarasiya olunmamış şeyləri gətirmək olmaz?” qadın soruşdu. Sonra o mücrünü açdı. “Ooooo, burda qızıl üzük var ki!”
- Həmin gün bəlkə də karyeranın sonu ola bilərdi...
- Kimin karyerasının, o qadının?
- Yox e, sizin karyeranızın...
- (Qürurla). Nə danışırsız? Qadın növbə rəisini çağırdı. Yaraşıqlı bir kişiydi, əlini yellədib dedi:”Qaydalar hamı üçündü...” Özümü itirmədim, onu cavabsız qoymadım. “Bunlar şahın hədiyyələridi! Görmürsüz, İran səfirliyindən gələn adam məni qarşılayır? Xahiş edirəm, onu bura çağırın, deyin ki, qoy bütün bu hədiyyələri şaha geri göndərsin!” Gömrükçü görünür qorxdu, çamadanı mənə tərəf itələdi, dedi:”Yooox, yooox, hər şey qaydasındadı! Götürün çamadanı və gedin. Yaxşı yol, sağ olun!” O vaxta kimi məni heç kim yoxlamamışdı, başa düşürsüz, bu ilk dəfəydi ki, baş verirdi; sonralar mən Azərbaycan Ali Sovetinin Deputatı oldum və toxunulmazlıq hüququm vardı, hər yerdə sərbəst keçirdim, yoxlamırdılar.
- Heç təsəvvür etmirəm...siz deputat olanda iclaslarda saatlarla necə oturmusunuz...
- Üç il dalbadal əziyyət çəkdim! Axı xaraktercə mən bir yerdə oturan deyiləm...Gedirdim, bir saat otururdum, Heydər Əliyev çıxışını qurtaran kimi aradan çıxırdım...və qalan bir neçə gün mənsiz də ötürdü. Bir dəfə ümumiyyətlə sessiyaya getmədim; lakin bir qayda olaraq, hər halda, Heydər Əliyevə hörmət əlaməti olaraq, sessiyalara gedirdim. Bir dəfə Əliyev mənə məzəmmətlə dedi:”Müslüm, niyə səni zalda heç vaxt görmürəm? Bu nədi? Adamlar düzgün başa düşməzlər bunu!” “Heydər Əliyeviç” dedim,- “siz ki bilirsiz, mən Azərbaycan dilində çox da yaxşı danışa bilmirəm”. “Bilirəm”- dedi. “Onlar əsasən Azərbaycan dilində çıxış edirlər, mənsə oturub yalnız gözlərimi döyürəm. Mənim üçün hətta rus dilində də qulaq asmaq maraqlı deyil, nə qədər pambıq yığıblar-filan...nəyimə lazımdı mənim?” Heydər Əliyev güldü, dedi: “Heç olmasa özünü elə göstər ki, guya hamısını başa düşürsən!” Mən daim onun zəhləsini tökürdüm: misal üçün, filan musiqiçiyə ev verin, filankəsə fəxri ad verin, ya da onu xaricə göndərin...Bir dəfə Əliyev mənə dedi:”Sən elə hey mənim yanıma gəlib onun-bunun xahişini edirsən, buna görə də səni deputat etdim ki, bu işlərlə qanuni məşğul olasan”. Yenidənqurma başlayanda Heydər Əliyeviç Moskvaya köçdü və təbii ki, mən də deputatlıq fəaliyyətinə son qoydum. “Tamam, bəsdi daha, xudahafis!” dedim.
- Sovet dönəmində ümidverici opera ifaçılarının ən yaxşılarını Milanın məşhur “La Skala” teatrına təcrübə keçməyə göndərirdilər. Siz də orda olmusunuz, bunun sizin karyeranıza, ya da sənətinizə hansısa müsbət təsiri oldumu?
- Əlbəttə, oldu. Maestro Cenarro Barrın və Enriko Pyaççanın dərsləri mənə çox şeylər verdi (“Siviliya bərbəri”ndə Fiqaronun partiyasını və “Toska”nı hazırladım). Sizə deyim ki, mütləq deyil ki, yaradıcı adam orada nəsə etsin, yetər ki, sadəcə İtaliyada olsun, qədim abidələri görsün, muzeylərə getsin...
- ...və görsün ki, adamlar necə yaşayırlar...
- ...oranın havasını udsun, mədəniyyəti və incəsənəti ilə dərindən tanış olsun, bu ölkənin özü də elə başdan-ayağa mədəniyyətdən ibarətdi...
“SƏS PARTİYA VƏ HÖKUMƏT TƏRƏFİNDƏN YOX, ALLAH TƏRƏFİNDƏN VERİLMİŞDİ”
- Eşitmişəm ki, Parisin “Olimpiya” salonundakı triumfal konsertinizdən sonra sizə fövqalədə kontrakt təklif ediblər, lakin SSRİ Mədəniyyət Nazirliyi buna etiraz edib...
- Yox, kontrakt deyildi...Məsələ bundadır ki, tanınmış impresario və həm də “Olimpiya”nın direktoru Bruno Kokatris mənə yaxşı münasibət bəsləyirdi; o mənim uğurlu çıxışımı gördü, başa düşdü ki, məni almaqla nəsə...
- ...özü də qazana bilər...
- ...Fransada mənim adımı daha da məşhurlaşdırar, sonra məni bütün dünyaya tanıdar. Ona dərhal dedim:”Məni buraxmazlar!”, lakin o inanmadı.”Furtsova mənə ehtiramla yanaşır”- dedi. Doğurdan da, Yekaterina Alekseyevna ona hörmət edirdi, bununla belə mənim cavabım qəti oldu:”Yox!” Mən bilmirəm bundan sonra orda nə oldu, nə baş verdi, yalnız təxmin edə bilərəm...Düşünürəm ki, məmurları qorxudan mənim orda aradan çıxa biləcəyim deyildi; onlar çox gözəl başa düşürdülər ki, mən bu ölkədən çıxıb gedən deyiləm. Lövbərini Qərbdə salmaq məni açmır, orda yalnız necə pul qazanmaq barədə düşünürlər, bu da mənim xoşuma gəlmir. Elə həmin o Ameriakada da mənim ürəyim sıxılır, mədəniyyət yetərli deyil, buna baxmayaraq...Birincisi, orda mənim qardaşım yaşayırdı...
- ...özü də varlıydı...
- ...çox varlıydı (Allah onu rəhmət eləsin!), ikincisi, onlar mənim xarakterimdən qorxdular: işdir, birdən artıq içib nəsə qaynatdım...Lakin belə hərəkətələrə heç vaxt yol verməmişəm. Yox, mən içirəm, əlbəttə, içə bilirəm, lakin duysam ki, artıq özümü yaxşı hiss edirəm, dərhal məclisi tərk edirəm, gedib evdə sakitcə otururam.
- Yeri gəlmişkən, hansı içkilərə üstünlük verirsiniz?
- Əvvəllər konyakı sevirdim, indi isə yalnız araq içirəm. Şərabla aram yoxdu.
- 70-ci illərin sonlarında və 80-ci illərin əvvəllərində çox geniş yayılmış belə bir zarafat vardı:”Kiçik teatr nədir? Xarici qastrollardan sonra Böyük teatr olur”. Doğurdan da, həm opera, həm də baletdə çalışan çox artistlər olub ki, Qərbdə qalıblar. Sizdə niyə belə bir əminlik var ki, bu cür sürprizi sizdən heç kim gözləməyib?
- Mən hardasa heç nəzəri cəhətdən də xaricdə qala bilməzdim, çünki mənim əmim Camal Moskvada Azərbaycanın səfiri idi (o vaxt daimi nümayəndə deyirdilər buna). O mənim üçün ata əvəzi idi, mən onu sevirdim, ona xəyanət edə bilməzdim, bunu da yuxarılar yaxşı bilirdi. Mənim Vətənə dönməməyim onun karyerasının sonu ola bilərdi; lakin xaricə qaçmamağımın səbəbi təkcə bu da deyildi, yenə təkrar edirəm, orda yaşamaq mənim üçün maraqlı olmazdı.
- Hmmm...Bəs Vişnevskaya və Rostropoviç, o cümlədən sizin digər sənət yoldaşlarınız xaricdən siyasi sığınacaq istəyəndə hansı hissləri yaşayırdınız? Sizin onlara qarşı münasibətiniz necə oldu? Axı siz, səhv etmirəmsə, kiminsə əleyhinə yazılmış donos məktublarına heç vaxt imza atmamısız!
- (Ləyaqətlə). Nə mən, nə də Tamara İliniçna. Heç vaxt! Bu çirkin işdir!
- O vaxt o cür məktublara imza atanlar indi özlərinə bəraət qazandırırlar:”Mən nə edə bilərdim ki? Mənə elə təzyiq göztərirdilər ki, hünərin var imtina elə!” Bəs necə oldu ki, siz bu məktublara imza atmaqdan imtina elədiniz?
- Şəxsən mənim özümə heç kim təzyiq etməyib, heç kim mənə təklif də etməyib. Çünki gözəl bilirdilər ki, bu işdən uzaq adamam. Bu işlərlə bir qrup adamcığaz məşğul olurdu, dəridən-qabıqdan çıxırdılar ki, bir-birlərinə pislik etsinlər...
- Onların istedadı çatışmırdı?
- Yox, əksinə, istedadları bəs qədər vardı, hətta daha artıq idi. Ağlıma belə gətirə bilmirəm - necə olur ki, bu cür böyük vergili adamlar öz yoldaşlarını satırlar, özü də bəzən özlərindən də az istedadlı yoldaşlarını! Bax, bunu heç vaxt anlaya bilmirəm! Xaricə gedib qayıtmayan adamlara qarşı münasibətim necəydi? Əlbəttə, onları başa düşürdüm. Başqa cür necə ola bilərdi axı? Götürək elə Rudolf Nuriyevi. Əgər insanı ev özünə çəkmirsə, deməli, burda nəsə var - evdə adamı qoymurlar özünü realizə etsin…
- Bəyəm Nuriyevi qoymurdular özünü realizə etməyə?
- Zaman çox pis zaman idi, buna görə də bura onun üçün qaranlıq görünürdü. Əgər o, qastrollar zamanı “aradan çıxmasaydı”, indi onu dünyada kim tanıyardı?
- O böyük rəqqasdı?
- Bəli, şübhəsiz! Amma indi Rusiyadan kənarda o qədər çox istedadlı insanlar var ki! Dəmir örtük daha yoxdu, xaricə getmək azaddır, elə həmin o “Metropoliten-Opera”da indi nə qədər rus familyası eşidirəm, qadın, kişi müğənnilər...Təəssüf ki, onlar şöhrəti orda qazandılar, bura da böyük sənətkarlar kimi gəlirlər. Bizdə, nə qədər çalışırsan, nə qədər əlləşirsən, vuruşursan, istedadı maliyyə cəhətdən təmin edə bilmirlər. Burdakı şəraitlə ordakı şəraiti necə müqayisə etmək olar axı! “Metropoliten”də artist işləyən qadınlardan biri (adını çəkməyəcəm!) gedən kimi oturub bir qədər gözləyib; hansısa müğənni xəstələnir, işə çıxmır, onu götürürlər, üç min dollar verirlər, özü də hər tamaşaya görə! Özü də elə belə, heç bir şey də eləmir...Böyük Teatrda belə şeylərə ümid bəsləmək olarmı? Nə qədər ki, bizdə sənət bax bu cür həyat sürür, adamlar burdan çıxıb gedəcək...
- ...və onları da buna görə mühakimə etmək olmaz...
- Heç bir halda! Allaha şükür ki, sovet epoxası keçmişdə qaldı, o zaman səni hədələyirdilər: yalnız burda oxu, belə oxu-filan! Axı bu sənin səsindir, bu səsi sənə partiya və hökumət yox, bütün dünya-aləmin tək hakimi Allah verib; deməli, sənin öz səsindən istədiyin yerdə istifadə etmək haqqın var. Bu sənin şəxsi işindir. Əsas məsələ budur ki, öz ata yurdunu, ocağını yaddan çıxarmayasan, öz evini, doğma həyətini, yaxınlarını və dostlarını unutmayasan. Gəl, təmasda ol, yenidən qayıt ora, işlə, harda rahat və sərfələdirsə, orda işlə! Düz demirəm?
“OBXSS”dən OLAN UŞAQLAR DƏRHAL BAŞA DÜŞDÜLƏR Kİ, TƏMİZƏM, MƏNƏ SADƏCƏ TOR QURUBLAR”
- Tamam düz deyirsiz! Yeri gəlmişkən, İosif Kobzon mənə dedi:”Elə bilirsən, Müslümün həyatı hamar olub? Onu az qala gözdən salmışdılar, Andropov olmasaydı, məlum deyildi taleyi necə olacaqdı...”
- Hə, sarsaq bir oyun idi...Bir solo konsertə görə mənim rəsmi qonorarım təxminən 200 rubldan bir az çox idi; impresario Leonidov 45 minlik tamaşaçısı olan stadionda çıxışıma görə mənə bundan üç dəfə çox qonorar təklif elədi. O məni inandırdı ki, SSRİ Mədəniyyət nazirliyinin qərarına əsasən, çoxminlik auditoriya qarşısında iki-üç mahnı oxumağa görə üçqat qonorar verilir, deməli, mənə də düşür 600 rubl. Sadə hesabdır, lakin...Məlum oldu ki, Mədəniyyət Nazirliyinin bu barədə heç bir əmri yox imiş, axı mən bunu bilmirdim. Buna görə də Rostova getdim və konsertdə oxudum...Beləliklə, o dövr üçün əməlli-başlı məbləğ qazandım, daha sonra “Penza işi” ortaya çıxdı; orda konsertin administratoru mənim familyamı cədvələ salmışdı, özü qol çəkib pulu götürmüşdü. Məni “OBXSS”-ə (sosialist mülkiyyətini dağıdanlara qarşı mübarizə şöbəsi) çağırdılar.”Axı mən Penzada bircə dəfə də olmamışam!” dedim, o zaman şahidlər dəvət elədilər, canlı üzləşdirmə qurdular. “OBXSS”dən olan uşaqlar dərhal başa düşdülər ki, mən təmizəm, sadəcə mənə tor qurublar, Furtsovanın məndən xoşu gəlməyən müavinlərindən biri bu məsələyə görə ayağını iki başmağa soxub dirəndi:”Bu oğlanı gərək nümayişkaranə cəzalandırasan, çox göynən gedir!” Çingiz Sadıxovun da başını ağrıtdılar. “Yaxşı, deyək ki, Maqomayev hələ cavandı, bu incəlikləri bilməyib, axı siz bilirsiniz ki, belə şeylər etmək olmaz!” demişdilər ona. Bizə elə baxırdılar ki, guya biz əməlli-başlı oğru, qulduruq və dövlətin sonuncu rublunu çırpışdırmışıq! Tələb edirdilər ki, bütün pulları qaytaraq...
- ...pullar isə çoxdan sovrulub getmişdi, hə?
- Məsələ heç bunda da deyildi. Əgər mən o pulları qaytarsaydım, deməli, belə çıxırdı ki, günahkaram, səhvimi boynuma alıram. Belə oldu ki, evə, Bakıya getdim, Azərbaycanın Baş Prokuroru ilə məsləhətləşdim, o, hüquqi məsələlər üzrə ən yaxşı mütəxəssis idi. Məndən soruşdu:”Cədvələ qol çəkib pulu götürmüsən?” “Əlbəttə,”- dedim. “Tamam, bir qəpik də qaytarma! Əgər sadəcə pulu alıb cibinə qoysaydın, onda iş başqa yön alardı, belədə aldığın pul sənin təmiz zəhmət haqqındır!” Nə isə...Mədəniyyət Nazirliyində anladılar ki, mənə bir şey edə bilmirlər, o zaman mənə Rusiyada oxumağı bir il qadağan elədilər: qastrollara gedə bilməzsən, radio və televiziyada çıxış edə bilməzsən! Moskvada olmaz, Piterdə olmaz, Azərbaycanda isə mümkündü, buyur, get ora, oxu! “Lap yaxşı!” sevindim,”nəhayət, mən də Konservatoriyanı bitirə bilərəm!”(saysız-hesabsız hökumət tədbirləri və ora-bura qastrol səfərləri ucbatından təhsilimi heç cür başa çatdıra bilmirdim)...
Bakıda yaşadığım müddət ərzində Konservatoriyanın bütün kurs imtahanlarını ekstern verdim və keçdim. Hələ musiqi texnikumunda oxuyarkən aldığm biliklərin faydası oldu, harmoniyadan, ümumi fortepianodan...imtahanları asanca verdim. Ən pisi Sov.İKP tarixi fənniylə bağlı oldu: bir-iki dəfə mühazirələri dinlədikdən sonra anladım ki, yox, bu, mənlik deyil, buna dözümüm çatmayacaq. Bəxtim gətirdi ki, müəllimlərim yaxşı çıxdı, onlar da mənim pərəstişkarım idilər... Yadımdadı ki, onlardan biri soruşdu:”Əmtəə” nə deməkdir? Başladım ki, “əmtəə - o deməkdir ki...” dalını deyə bilmədim, nəsə, özümü birtəhər toparladım, dedim: “Əmtəə o deməkdir ki, onu satırlar və alırlar”. Gördüm professor səmimiyyətlə heyrətləndi. “Hardan bilirsən bunu?” soruşdu. “Necə yəni, hardan?” dedim,- “”bu ki təbii haldı!” Professor güldü, dedi:”Amma futbolçu Eduard Markarov deyir ki, əmtəə ”şmotka”dır, yəni pal-paltar, əski-üskü!”
Nə isə, mən bir aya bütün imtahanları verdim və bir qədər istirahət etməyə qərar verdim; birdən məni hara olsa yaxşıdı, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə çağırdılar. O zaman sədr Heydər Əliyev idi. Məni sədrin müavini qəbul elədi, elə kandardaca dedi: “Müslüm, səni Moskva tələb edir!” “Tələb edir nədi? Yenə mühakimə edəcəklər?”. “Yox, “KQB”nin yubiley konsertində oxumaq üçün!” dedi. Dərhal burnumu salladım, dedim:”Mən heç hara getməyəcəm! Onlar məni cəzalandırıblar. Mən hələ məzuniyyətdəyəm!” Sədr müavini dedi:”Getməli olacaqsan. Bu Andropov yoldaşın şəxsi xahişidir.” “İstəmirəm”, deyə tərslik elədim, o isə sakitcə, lakin qətiyyətlə bildirdi:”Müslüm Məhəmmədoviç, noolub, sakitləşin! Belə olmaz... Siz Mədəniyyət Nazirliyi ilə dava-şavada olmusuz, “KQB” ilə aranı pozmağı, özü də şəxsən Yuri Vladimiroviç Andropovla münasibətləri korlamağı məsləhət görmürəm...” Razılaşmalı oldum:”Yaxşı...”, o isə mənim əlimi sıxıb dedi: ”Yaxşı yol. Elə günü sabah biz sizi təyyarəyə oturdub yola salacağıq”. Bununla da mənim “türmə həyatım” uğurla başa çatdı...
- Gəlin Furtsovaya qayıdaq...Bir dəfə siz onunla necə tanış olmanızı xatırlatmışdınız...Bir tədbirdən sonra Xruşşov onu sizə tərəf itələyərək deyib: “Get, Katya, get, komsomolçulara züy tut!”
- Yeri gəlmişkən deyim ki, mən komsomolçu olmamışam...
- ...amma Nikita Sergeyeviç bunu bilmirdi. Deyilənə görə, çox güclü SSRİ Mədəniyyət naziri iki artistdən ötrü ölürdü: Yefremov və Maqomayev. Sizə isə nəvazişlə “Oğlan” və “Musik” deyirmiş...
- Yox, yalnız “Oğlan” deyirdi mənə. Mən yalnız uşaqlıq dostlarım üçün “Musik” olmuşam...
- Duyurdunuzmu ki, o sizi təkcə müğənni kimi yox, həm də bir kişi kimi xoşlayır?
- Bu barədə bizim söhbətimiz olmayıb; sadəcə, bir neçə hadisədən sonra hiss etmişəm ki, onun məndən xoşu gəlir... Bilmirəm, bunu demək olar, ya yox, bir dəfə “Krım şəfəqləri” festivalının bağlanış mərasimi ilə bağlı qəbulda Yekaterina Alekseyevna o qədər içdi ki, özünü pis hiss eləməyə başladı, sərbəst yeriyə bilmədi. Biz artıq üç nəfər qalmışdıq, hamı çıxıb getmişdi; Furtsova, mən və direktor (familyasını unutmuşam)...Məncə, Zimina idi, hə, hə...Bax o qadın mənə dedi:”Müslüm, siz burda yeganə kişisiniz, onu aparmalı olacaqsınız”.
- Siz də apardınız, hə?
- Hə, əlbəttə. Qadın çox yüngül idi...Hardasa yolun ortasında birdən Yekaterina Alekseyevna gözlərini açdı və soruşdu:”Bə niyə mən sizin qucağınızdayam?”... Bir qədər baxandan sonra əlavə etdi:”Di yaxşı, yaxşı, sənə olar, özümüzküsən!” O zaman mən anladım ki, onun mənə qarşı çox böyük iltifatı var. Bir müddət sonra biz birlikdə Kubaya uçduq. Onun ayrıca salonu vardı, salona lazım bildiyi adamları dəvət edirdi. Qonşular araya söz atdılar:”Bəlkə bir az kart oynayaq, hə?” O güldü, dedi:”Yaxşı deyil axı!”. Mən xahiş elədim:”Yekaterina Alekseyevna, noolar, xahiş edirəm, biz bir qədər başımızı qataq da...” Sonra da əlavə elədim:”Bəlkə bir az araqdan... azca vuraq, hə?” Qadın qızardı, dedi:”Oy, uşaqlar, siz məni lap məcbur edirsiz!”. Mənim diplomatım isə ağzınacan araqla doluydu, götürmüşdüm ki, gənc kubalıları qonaq edim. Və biz başladıq, nə başladıq, diplomat çantam boşalanadək içdik. Qısası, yaxşıca vurduq... Beş saatdan sonra təyyarəmiz hansısa xırda dövlətin ərazisində yanacaq doldurmaq üçün yerə endi, adını artıq yadıma sala bilmirəm. Bizim yanımızda oturanların hamısı gözlərini güc-bəla ilə açırdılar, o qədər içmişdilər ki...
- ...o isə dipdiriydi, eləmi?
- Əlbəttə, elə bil heç nə dilinə vurmamışdı, cəld təyyarədən düşdü, tələsə-tələsə yürüyürdü, sonra baxırıq ki, kiməsə müsahibə verir...biz isə güclə yeriyirdik. Budu bax, əsl partiya məktəbi! Onun sağlamlığı da yerindəydi...
- Yuxarılara görünür hər adam düşə bilməzdi, başa düşürsünüz də məni, yəni seçim-filan edirdilər...
- O unikal qadın idi, əsl dəmir ledi...
“BREJNEV VƏ ÇERNENKO AĞLAMAĞA BAŞLAYANDA DÜŞÜNDÜM:”BƏLKƏ DAYANIM?” QOCALARA YAZIĞIM GƏLDİ”
- Müslüm Məhəmmədoviç, siz fantastik sıçrayış yaşamısız: 31 yaşında Sovet İttifaqının Xalq artisti olmusunuz, sizsiz bir dəfə də olsun “Qoluboy Oqonyok”keçmirdi. Bildiyimə görə, hökumət tədbirlərində konsertdən qabaq Brejnev həmişə soruşarmış ki...
- ...”MaQaamayev olacaq? ”(gülür). O Bakıya gələndə Heydər Əliyevə birbaşa demişdi ki, onun iki sevimli müğənnisi var –Zıkina və MaQaamayev.
- Sov.İKP MK-nın Baş Katibinin sevgisi necəydi, isidirdimi sizi?
- Mən ondan heç nə əldə etməmişəm və heç vaxt bundan da sui-istifadə etməmişəm. Bu sevgi məni heç məmurların özbaşınalığından da xilas etməyib. Bayaq dediyim o həmin nazir müavininin məni görməyə gözü yox idi, bütün qanıyla, canıyla mənə nifrət bəsləyirdi. Nəyin bahasına, hansı yolla olur-olsun məni ləkələmək istəyirdi. Əgər Heydər Əliyeviç ona təpinməsəydi, dayanmayacaqdı. Əliyev ona sərt şəkildə dedi:”Maqomayevlə işiniz olmasın, əl çəkin ondan!” Və yalnız bundan sonra o, iyrənc hərəkətlərindən əl çəkdi. Bəlkə də mənim yerimdə kim olsaydı, necə deyərlər, özünü ora-bura soxardı, girərdi, yaltaqlanardı, bəzi qadın həmkarlarım kimi nələrsə edərdi, amma mən heç vaxt...
- Görünür, tərbiyəniz yol verməyib...ayrı cür...
- Məni Bakıya “sürgün” edəndə birbaşa Leonid İliçə müraciət edə bilərdim, lakin o vaxtlar da onun mənə isti münasibətindən istifadə eləmədim. Və Allaha çox şükür! Bu gün deyirəm ki, məni “cəzalandıranlar” sağ olsunlar, yoxsa Konservatoriyadakı təhsilim çox uzana bilərdi.
- Eşitmişəm Bakıda Paxmutovanın “Kiçik torpaq” mahnısını oxuyanda - məncə çox unikal və dahiyanə mahnıydı - Brejnev və Çernenko hönkür-hönkür ağlayıblar...
- Yox, hönkür-hönkür yox... sadəcə gözlərindən yaş gəlirdi.
- Siz bunu görürdünüz?
- Əlbəttə. Hətta kinoxronikada kadrlar var, saxlanılıb...
- Bu mənzərəni görəndə özünüzü necə hiss edirdiniz?
- Düşünürdüm:”Bəlkə dayanım, oxumayım?” Qocalara yazığım gəlirdi. Axı göz yaşları elə-belə axmaz, onlar həqiqətən səmimiyyətlə həyəcan keçirirdilər, müharibə dərhal yadlarına düşmüşdü, həlak olan dostlarını xatırlayırdılar...
- Deyirlər Leonid İliç sizin ifanızda səslənən italyan partizanlarının “Bella, çao” mahnısını çox sevirmiş; bu mahnını eşidən kimi başlayırmış ayaqlarını yerə vurmağa və əl çalırmış...
- ...və həmişə də hamıdan bərk vururdu ayaqlarını yerə və əl çalırdı...Yadımdadı, Alamaniya Demokratik Respublikasına getmişdik, Berlində böyük konsert oldu; səhnədən elan etdilər: ”Müslüm Maqomayev. Bella, çao”. Birinci sırada əyləşən Brejnev Heydər Əliyevə sarı dönərək əli ilə işarə edib: hə, bax, indi işləməli olacağıq, əl çalıb, ayaq döyəcəyik! Heydər Əliyeviç özü də bu mahnını əzbər bilirdi...Leonid İliç çox nadir şəxsiyyət idi, xeyirxah və yaxşı insan idi...
- ...həm də çevik idi...
- Biz Yerevanda Yura Qulyayevlə birlikdə Leonid İliçə canlı qulaq asırdıq, bunu heç unuda bilmirəm. Heydər Əliyeviç Ermənistana səfər edəndə məni də Azərbaycan nümayəndə heyətinin tərkibinə salmışdı. Ukrayna KP MK-nın birinci katibi Pyotr Yefimoviç Şelest isə Qulyayevi özüylə gətirmişdi.
...Hə, bir dəfə Yurayla oturmuşuq zalda, darıxırıq və birdən gördük ki, Şelest yaxınlaşdı. Soruşdu: “Nədir, noolub, niyə belə yorğun görünürsüz? Darıxdınız? İşiniz-gücünüz yoxdu bəyəm?” Sonra da əlavə etdi:”Durun gedin mənim bağıma, orda süfrə hazırdı. Oturun, mən də indi gəlirəm”. Bizi dilə tutmaq uzun çəkmədi...Getdik, ev sahibi gələnəcən necə lazımdı yeyib-içdik və artıq Pyotr Yefimoviç gələndə halımız yaxşı, kefimiz də yerindəydi. O xahiş elədi ki, oxuyaq: “Hə, başlayın, uşaqlar, bir şey oxuyun”. Yura mənə dedi:”Gəlsənə mən sənin “O, dəniz, dəniz!” mahnını oxuyum”. Dedim, buyur. Oturdum royalın arxasında, başladım onu müşaiyət eləməyə. Və gördüm, o çaşdı, mətni unudub, dedi:”Sözləri yadıma sal, kömək elə!” Mən də başımı tərpədirəm, deyirəm yavaşdan:”Dəniz qayıdıb...” Qulyayev də ucadan və gözəl səslə “O, dəniz, dəniz!” və susur, yenə yadına düşmür sözlər, mənə baxır. “Qağayıların...” deyirəm, o da yenə “O, dəniz, dəniz!” Nə isə, elə axıradək beləcə şuluqluq edirik, mən deyirəm ”sahildə nəğmə ilə...”, o da deyir “O, dəniz, dəniz!”, mən deyirəm “Dan yeri oyatdı...”, o da: “O, dəniz, dəniz!” Belə... Şelest heyrətə gəlmişdi, donub qalmışdı.”Nə gözəl nəğmədi!” dedi. “Xüsusilə sözləri xoşuma gəldi!”...Nə isə, bu bir haşiyə idi....Hə, biz nədənsə danışırdıq axı?
- Yerevanda Brejnevə necə qulaq asırdınız?
- Hə, deməli iclasdan sonra təntənəli şam süfrəsiydi və burda Brejnev düz iki saat çıxış elədi (o zaman onun nitqi normal idi), özü də kağızsız-filansız, bir dəfə də olsun duruxmadı, çox səlis danışdı.
- Təəccüblüdü!
- Elə biz də Yurayla təəccüb elədik! Yuraya dedim:”Bura bax, mən elə bilirdim ki, yalnız Heydər Əliyeviç fasiləsiz olaraq dörd-beş saat danışıb auditoriyanı saxlamağa qadirdi”. Qulyayev də başıyla təsdiqləyirdi. Lakin bu hələ hamısı deyil. Leonid İliç birinci dəfə Bakıya gələndə cavan oğlanlar kimi çevik idi, qatardan yerə tullandı... Sonralar isə...
- ...tullanacaq halı qalmamışdı...Sizin ona hədiyyə etdiyiniz klavir vardı ha...o tarixçəylə bağlı bilmək istəyirəm....
- Brejnevin Bakıya növbəti səfəri nəzərdə tutulmuşdu və Heydər Əliyeviç məndən xahiş elədi ki, onun gəlişinə bir mahnı yazım.”Bir dənə qızıl suyuna salınmış klavir düzəldərik”, dedim,- “Leonid İliçə hədiyyə verərik”...
- Axı siz şüurlu olaraq həmişə sovet mövzularından qaçmısız, elə sənətə gələndən klassikaya və lirikaya üstünlük vermisiniz...
- Hə, elədir...Mən imtina etdim: axı heç vaxt yaltaqlıq etməmişəm, partiya haqqında mahnılar oxumamışam, şəxsən rəhbərlər haqqında da heç nə oxumamışam...”Siz yoldaş Brejnev haqqında mahnı yazmayın,” deyə Əliyev öz ideyasını yeritdi,- “qoy olsun ölkə barədə mahnı, adamlar haqqında”. Mən də razılaşmalı oldum. Bu əlamətdar tədbirlə bağlı Robert Rojdestvenski ailəsi ilə birlikdə Bakıya gəlmişdi, biz onunla birlikdə qərara aldıq ki, nəsə “təntənəli bir mahnı” yazaq. Yazdıq, “Sən – mənim sevimli ölkəm!”... Mətni Əliyevə göstərdik, o isə baxıb dedi:”Bu nədi, uşaqlar, neyləmisiz? Elə şey yazmısız ki, bilmək olmur hansı ölkədən bəhs olunur! Bir halda ki, bunu Brejnevə hədiyyə edəcəyik, onda, olmazmı ölkənin adını dəqiq göstərəsiniz?” Robert diqqətlə qulaq asırdı və anlayırdı ki, mübahisə etmək mənasızdı, şeirin mətnində düzəliş etdi.”Sən – sovetlər ölkəsi...” Heydər Əliyeviç yeni variantı bəyəndi: “Hə, bax, indi normaldı” dedi. Amma mahnı artıq öz mahiyyətini itirmişdi, bu formada onu oxumaq olmazdı...
- Buna baxmayaraq, sizin hədiyyəniz Brejnevin xoşuna gəlmişdi, eləmi?
- Fotolar, çəkilişlər var...Klaviri qızıl basmanaxışla xüsusi kağızda çap etmişdilər, onu səliqəylə gözəl dəri qovluğa qoymuşdular; kömək üçün mənə Niyazi və Rəşid Behbudovu da qoşmuşdular... “Leonid İliç”- dedim, - “bu hədiyyəni sizə təkcə mən yox, bizim xalqımız, bütün incəsənət ustaları verir”. Təntənəli sözləri gərək ucadan deyəydim, mənsə dilucu mızıldadım, demək olar ki, pıçıldadım. Hardan biləydim axı Brejnev artıq yaxşı eşitmir? Nə isə, o heç bir şey anlamadı. Baxıb görürəm ki, keçib oturdu stol arxasında, kimdənsə qələm xahiş edir... Stolun üstü doluydu və Heydər Əliyevin işarəsiylə cəld stolun üstünü təmizlədilər, ali qonaq üçün şərait yaratdılar. Leonid İliç qovluğu açdı, oraya yayğın və səliqəsiz bir imza atdı.
- Belə çıxır ki, sizə avtoqraf verib?
- Hə də...Mən Əliyevə pıçıldadım:”Nə edək?”, o isə cavabında:”Sənə avtoqraf yazdı da, özün də götür!” Təyyarədə Leonid İliçə hədiyyənin hər ehtimala qarşı əvvəlcədən hazırlanmış dublikatı verildi.
“MƏNİM İTALYAN DOSTUM VİNSENT DONDURULMUŞ QARA ƏT PARÇASI ÜÇÜN UZUN NÖVBƏ GÖRƏNDƏ GÖZ YAŞLARINI SAXLAYA BİLMƏDİ”
- Səhv etmirəmsə, siz hətta bir dəfə Leonid İliçin ad günündə də iştirak və çıxış etmisiz...
- Bir dəfə yox, iki dəfə (gülür). Mənsiz ola bilərdimi heç?!
- Tam doğru! Sizsiz nə bayram olardı ki!..
- Qurultaylar Sarayının banket zalı doluydu, 500-600 adam vardı, bəlkə də min nəfər idi, dəqiq deyə bilmərəm. Çünki səhnəyə yaxın yerdə oturmuşdum, hamını görə bilmirdim. Brejnev stola yaxınlaşanda gördüm Heydər Əliyeviçə çönüb nəsə dedi. Dodaqlarının tərpənməyindən bildim ki, söhbət məndən gedir, sonra Əliyev bunu təsdiqlədi və dedi:”Oturmamışdan qabaq Leonid İliç soruşdu: “MaqAmayev burdadı?”
- Bir dəfə siz etiraf etmisiniz ki, inqilab olacaq (yəni yenidənqurmanı nəzərdə tutmusunuz), çünki bütün həyatınız boyu qatı antisovet olmusunuz. Axı necə olur ki, rəhbərin və xalqın bir nömrəli sevimlisi hökumətə qarşı müxalifətçilik etsin?
- Bilirsiz, Dmitri, məsələ heç də antisovetizmdə deyil, sadəcə mən görürdüm ki, ölkə iflasa doğru gedir. Mənim dostum vardı-Vinsent De Finn, çox ehtiraslı bir meloman idi, Mario Lançın bütün kolleksiyasının sahibiydi; bir dəfə onu Moskvaya, evimizə dəvət eləmişdim. Gəldi və birdən məndən xahiş elədi ki, mağazalara baxmaq istəyir. Etiraz elədim:”Mağazalara baxmağa dəyməz, inan mənə”. Özü də təmiz italyan dilində dedim ona!
- İtalyan dilini bilirsiz?
- Əlbəttə. O da italyandı axı, düzdü, amerikalı italyandı, dilini çox da yaxşı bilmirdi, amma başa düşürdü. Nə isə, mən onu nə qədər dilə tutdumsa, mümkün olmadı, o mağazalara baxmağa daha çox can atırdı. “Baxmaq istəyirəm, vəssalam!” O zaman mən də dedim ki, bir halda ki, belədi, onda gəl gedək baxaq. O, bir parça dondurulmuş ət parçası üçün uzun növbələri və bomboş piştaxtaları görəndə göz yaşlarını saxlaya bilmədi. Mağazaların piştaxtalarında üçlitrlik meyvə şirəsi bankalarından başqa heç nə yox idi. Vinsent həqiqətən ağlayırdı. Tamara qoymaz məni yalan danışım, şahiddir. “Gərək uşaqları da gətirəydim bura”- Vinsent dedi, - “görəydilər bu mənzərəni, yoxsa, uşaqlara elə gəlir ki, pis yaşayırlar”. Vinsent sarsılmışdı və elə sarsıntı içində də çıxıb getdi...
...Belə həyat uzun müddət davam edə bilərdimi? Mən anlayırdım ki, bax, çox keçməz, bunun bir nəticəsi olacaq; və indi, kommunist partiyasının nümayəndələri başlayırlar bizə nağıl oxumağa ki, yalnız kommunistlər xalqı ağ günə çıxara bilər, düşünürəm:”İlahi, axı siz özünüz də dediklərinizə inanmırsınız! Sizə yalnız, sadəcə öz partiyanızı üzdə saxlamaq lazımdı!” Onlar bunların hamısını gözəl başa düşürlər- buna əminəm!-başa düşürlər ki, keçmişə qayıtmaq mümkün deyil və ola da bilməz!
- Allaha çox şükür! İcazənizlə oxuculara xatırladım ki, siz heyrətamiz ailədən çıxmısız. Sizə babanızın adını qoyublar, gözəl bəstəkar Müslüm Maqomayevin adını! Azərbaycan filarmoniyası onun adını daşıyır. Sizin ananız isə istedadlı aktrisa olub, atanız teatr rəssamı idi, özü də müharibənin qurtarmasına bir neçə gün qalmış həlak olub. Yeri gəlmişkən, düzdürmü ki, onun cəbhədə həlak olmasını sizdən uzun müddət gizlədiblər?
- Bəli. Yeddi yaşa qədər mənə deyirdilər ki, o, uzunmüddətli ezamiyyətə gedib, xarici ölkəyə, tezliklə gələcək... Sonralar əmim məni qabağında otuzdurub başa saldı hər şeyi, atamın son məktubunu da mənə göstərdi...Amma, əlbəttə, elə əvvəlcədən də təxmin edirdim ki, böyüklər məndən nəyisə gizlədirlər...
- Sizin sözlərinizə görə, Camal əminiz faktiki olaraq atanızı əvəz edib; o ailədə kiçik qardaş olub və ömrünün sonuna kimi sizin qayğınıza qalıb. Mən isə hesab edirəm ki, sizə həyatda daha bir nəfər atalıq edib - uzun müddət Azərbaycanda rəhbər vəzifələrdə çalışmış Heydər Əliyev...
- Camal əmi öləndə Əliyev onun cənazəsini Moskvadan doğma vətənə gətirmək üçün öz təyyarəsini verdi; dəfndə hamıyla bərabər o da tabutu çiyinlərində daşıdı...Mənim halımı görüb dedi:”Müslüm, məni ən yaxın adamın kimi bil, bu gündən sən mənim ailəmin bir üzvüsən, ha vaxt istəsən gəl, bütün məsələlərlə bağlı hər vaxt mənə müraciət edə bilərsən...” O vaxtdan Heydər Əliyeviç doğurdan da mənə əmilik edib. Əlbəttə, mən onu narahat etməmişəm, yalnız hansısa vacib məsələlərdən ötrü ona zəng vurmuşam. Yadımdadı, Mstislav Rostropoviç mühacirətdən qayıdanda (o mənim yerlimdir, bakılıdır), mənə belə bir etiraf elədi:”Müslüm, çox istərdim ki, Bakıya gedim. Çoxdandı Bakını görməmişəm, amma bilmirəm Əliyev necə adamdı, mənə necə münasibət bəsləyəcək...” Əminliklə ona dedim:”Slava, əmin edirəm ki, o səni çox böyük ehtiramla qarşılayacaq.” “Sən onun ağzını araya bilərsən?”.- “Əlbəttə, bu saat elə sizin yanınızda ona zəng vuraram”. Elə onunla bizim evdə oturmuşduq. “Yox, yox, sonra, sonra zəng edərsiz, birdən imtina edər, yaxşı düşməz”. Nə isə, mən zəng vurdum və Heydər Əliyevin cavabı belə oldu:”Müslüm, bu nə sözdü, ha vaxt istəyir gəlsin. Bizdə onu sevirlər, dəyərləndirirlər, onun qəbulunu da yüksək səviyyədə təmin edərik”... Elə məhz Slavanın ad günü ərəfəsiydi, daha doğrusu, o özü üçün xırda bir yubiley törəni düzəltmək niyyətindəydi.Mən idiyədək onun məktublarını da saxlamışam. Əliyevlə Rostropoviç arasında sanki körpüydüm, ondan buna, bundan ona söz ötürürdüm, nəhayət, bir dəfə dedim:”Tamam, siz öz aranızdakı məsələləri birbaşa özünüz həll edə bilməzsiniz ki?”
“POLAD BÜLBÜLOĞLU BARƏDƏ MƏNƏ DANIŞMAYIN. BİZ ONUNLA BİR BİNADA YAŞAMIŞIQ, QOY ALLAH ÖZÜ ONU MÜHAKİMƏ ETSİN!”
-Qorbaçovun vaxtında Azərbaycan partiya təşkilatına rəhbərlik etmiş Əliyev SSRİ hökumətinin sədrinin birinci müaviniydi, sonra onu bu postdan vurub çıxartıdlar; və dünən ona sadiqlik və sonsuz sevgi nümayiş etdirən bir çoxları dərhal ondan üz döndərdilər. Siz dürüst və xeyirxah bir adam kimi “çar qəzəbi”nə tuş gəlmiş liderə münasibətinizi dəyişmədiniz. Ona hər cür ehtiram və hörmətinizi bildirirdiniz...
- Təkcə mən yox...belələri bir neçə nəfər idi...
- Elə bir neçə nəfər?
- Təəssüf ki, hə....
- O bunu başa düşürdü?
-Gözəl anlayırdı...
-Siz Bakıda tanınmış bəstəkar və ifaçı, bir müddət Azərbaycanda Mədəniyyət naziri işləmiş, daha sonra isə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun ailəsi ilə bir binada, hətta bir mərtəbədə yaşamısız. Mənim bildiyimə görə, siz əvvəllər dost olmusunuz... sonra qabağınıza hansı qara pişik çıxdı?..
- Onun haqqında mənə danışmayın...(kədərlə). Necə deyərlər, onu qoy Allah özü mühakimə etsin!
- Siz erməni əsilli unikal bəstəkar Arno Babacanyanla birlikdə tarixə düşmüsünüz; o çoxlu gözəl mahnı bəstələyib, siz isə azərbaycanlı olaraq onları ifa eləmisiz. Bu gün Dağlıq Qarabağdakı qanlı hadisələrdən sonra – bu hadisələr azərbaycanlı-erməni düşmənçiliyini üzə çıxartdı- deyəsən sizin əməkdaşlığınızın mümkün olmadığı da görünür. Bu münaqişə barədə mən bir çox mədəniyyət xadimləri ilə söhbətlər eləmişəm, həm Azərbaycan, həm də erməni nümayəndələri ilə danışmışam. Lakin onlar mövzuyla bağlı danışmaqdansa, susdular, yayındılar. İki xalqı birləşdirmək üçün hansısa addımlar atmaq əvəzinə ziyalıların nümayəndələri kənar müşahidəçi mövqeyini tutdular. Başa düşürəm ki, bu ağrılı məsələdir, lakin soruşmaya da bilmərəm: siz bir insan kimi ermənilərlə azərbaycanlıların silahlı toqquşmalarına necə reaksiya verdiniz? Axı sizin - Babacanyanın mahnılarını oxumuş bir müğənninin - damarlarınızda beynəlmiləl Bakıda böyümüş bir azərbaycanlı qanı axır!
- Bəli, Dmitri, ağrılı sualdır! Lakin mən bu suala qəti cavab verə bilərəm! Bu məsələdə Azərbaycanın günahı yoxdu! Vəssalam! Bizim respublikada hər zaman ermənilər yaşayıb, heç bir inciklik-filan da olmayıb! Biz hamımız dost olmuşuq. Mənim yaşadığım həyətdə ermənilərlə azərbaycanlılar bərabər yaşayırdılar. Sinfimizdə dörd-beş azərbaycanlı, dörd-beş erməni oxuyurdu, bir o qədər də yəhudi vardı... Və bununla belə heç bir anlaşılmazlıq olmazdı. Ola bilsin ki, rus qadını ilə evlənmiş əmim Camaləddin Maqomayev barədə bəzən qeybət edən ağzıgöyçəklər tapılırdı (halbuki, əmim arvadı əslən daha çox polyak idi), lakin Allah şahiddir ki, bu söz-söhbətlər hər yanda olur. Bakı o qədər isti və mehriban şəhər idi ki, bu cür şeylər barədə danışmaq belə ədəbsizlik hesab olunurdu. Hətta ağzını açmaq istəyənləri də dərhal susdururdular; sonradan bu hadisələr başlayanda, ermənilər çıxıb getdilər, yəhudilərin çoxu (şükür Allaha, hamısı yox!) köçdü...Vəziyyət hələ ki, qeyri-müəyyəndi, bircə bu qalır ki, Ermənistanın ağıllanması üçün dua edək. Siyasətə girişmək istəmirəm, lakin bu gün Azərbaycanın başqa qayğıları da peyda olub; özünüz bilirsiz də, qonşu ölkələrdə nələr yaşanır...Türkiyənin, İranın da problemləri var. Nə isə, yazıq mənim vətənim!..
“MAHMUD YESAMBAYEV ÖZÜNDƏN ÇIXDI, DEDİ: ”SƏN ÇEÇEN OLDUĞUN ÜÇÜN QÜRUR DUYMURSANMI?”
- Əminəm ki, oxucularımızın əksəriyyəti sizi təmiz azərbaycanlı hesab edir; lakin, axı sizin atanız ləzgidir, ananızın damarlarında isə həm türk, həm adıgey, həm də rus qanı axırdı...
- ...nənəm isə tatar idi.
- Aha!
- Bununla belə, hələ məlum deyil, mənim atam hansı millətdəndir. Ailəmizin danışdığı rəvayətə görə, atamın babası Məhəmməd dəmirçi olub, hələ ağlı kəsməyən vaxtlarda onu məşhur Şamil oğurlayıb. Bu həmin Şamil idi ki, hesab edirdi ki, Qafqazın problemlərini onun çoxsaylı xalqlarını bir-birinə qarışdırmaqla həll etmək olar. Bunun üçün o, balaca uşaqları götürürdü, bir kənddən o biri kəndə aparırdı, yaşayış yerlərini dəyişdirirdi. Mənim ulu babam da nəticədə Qroznıda peyda olub, lakin onu bu şəhərə hardan gətiriblər - hələ də məlum deyil.
- Bir vaxtlar mən də Mahmud Yesambayevlə çox təmasda olurdum, ona saatlarla qulaq asmışam. Gözəl insan idi, əntiqə söhbətlər, tarixçələr danışardı; lakin bir dəfə - bunu yəqin bilirəm - siz onunla möhkəm mübahisə eləmisiz, küsülü qalmısız. Sirr deyilsə, nəyin üstündə?
- Hə, elə bu məsələnin üstündə! Kremlin qurultaylar Sarayında hökumət konserti gedirdi, hansısa növbəti ildönümünə həsr olunmuşdu... Səhnəyə çıxmamışdan qabaq balerinaların qrim otaqlarının yanında gördüm Mahmud dayanıb, kiminləsə qızğın söhbət edir, ətrafına da xeyli adam yığışıb. Məni görən kimi sevindi.”Bu da Müslümün özü! De görüm, sənin millətin nədir?” elə belə də soruşdu. Dedim “Azərbaycanlıyam!”. Hamı xorla Mahmuda:”Gördün?”. O isə coşdu, mənə:”Bura bax, sən çeçen olduğuna görə qürur duymursan?” dedi. “Bu hardan ağlına gəldi? Məgər bilmirsən ki, mənim ulu babam hardandı, hansı kökə bağlıdı? Bu bir. İkincisi, bağışla, mənim nənəm tatar qızıdır, anamda isə Allah bilir neçə millətin qanı var, indi, de görüm, mən özümü hansı millətdən hesab etməliyəm? Allahıma şükür edirəm,- deyə söhbətə yekun vurdum,- şükür edirəm ki, məni belə yaradıb, buna görə də, mən qatı beynəlmiləlçiyəm, hansı millətdən olmağımın fərqi yoxdu mənimçün!”
- Mahmud incidi?
- İncidi də sözdü! Mənimlə uzun müddət danışmadı, sonra, əlbəttə, bağışladı məni, bilirsiz bu ha vaxt baş verdi? Çeçenistanda...
- ...onun evi bombardman ediləndən sonra? Bütün rəsm əsərləri, antikvar şeyləri, səhnə kostyumları darmadağın olunandan sonra, hə?
- Bəli. Bundan sonra tamam başqa adam olmuşdu. Bir dəfə pərdə arxasında rastlaşdıq, birdən məni qucaqladı, öpdü, dedi:”Müslüm, gəl hər şeyi unudaq!” Çox kövrəldim, dedim:”Mahmud, mən artıq çoxdan unutmuşam! Mənim üçün əsas odur ki, sən gözəl insansan, əla rəqqassan, ikinci belə rəqqas olmayacaq dünyada və burda hansı millətdən olmağının qəti fərqi yoxdu!”
- Bilirsiz, elə məhz o Çeçenistanda baş verən faciəli günlərdə, Viktor Stepanoviç Çernomırdin (o vaxt Rusiya hökumətinin sədriydi) süfrəsinin başına incəsənət xadimlərini yığmışdı, Mahmuddan xahiş edib ki, bir tost desin. Mahmud da etiraz edib, “Yox, istəmirəm!”. Çernomırdin bir də xahiş edib, təkidlə xahiş edəndən sonra Yesambayev əlində bakal ayağa durub və deyib:”İstəyirəm ki, Qraçov ölsün!” Məclisdə ölü bir sükut yaranıb. Mahmud da bir qədər susandan sonra əlavə edib:”Kim içməsə, qoy o da ölsün!”
- (Gülür). Aman Allah, dəhşət! Məsələ təkcə Qraçovda deyildi...Keçmiş müdafiə naziri sadəcə axmaqlamışdı, demişdi: icazə verin Qroznıya girim, orda bir aya qayda-qanun yaradaram!
- Amma əvvəlcə bildimişdi ki, paraşüt-desant polkunun gücüylə Qroznını iki saata alacaq, sonra nə düşünübsə, dəqiqləşdirərək deyib: iki günə alaram!..
- Belə şeyləri ya möhkəm içkili halda deyərlər, ya da çiyinlərinin üstündə başları olmayan adamlar deyər. Məgər sən bilmirsən ki, onlar dağ adamlarıdı? Elə bilib ki, elə çeçenlər küçədə cərgəyə düzülüb bunun gəlişini gözləyəcəklər, hə?
- Axı onlar dağları öz evləri kimi bilirlər...
- ...və sən heç vaxt onları tuta biməzsən!
“NƏ ELÇİLİK-FİLAN? NƏDİ, MƏGƏR BİZ AULDA YAŞAYIRIQ? PYEXA İLƏ EVLƏNMƏK İSTƏSƏYDİM, ELƏ BİRBAŞA DEYƏRDİM: “DİTA, MƏNƏ ƏRƏ GƏL!””
- “Baharın on yeddi anı” filmindəki məşhurlaşmış mahnını əvvəlcə siz oxumalıydınız, hətta məncə, oxumuşdunuz artıq, niyə sonda o mahnını İosif Kobzon oxudu?
- Rejissor Tatyana Lioznova mənim tembrimi bəyənmədi; düzünə qalsa, mənim ona qarşı heç bir incikliyim də yoxdu. Filmə baxandan sonra anladım ki, mənim səsim Tixonova uyğun deyil, eynilə çəkildiyim “Nizami” filmində onun da məni səsləndirməyə uyğun olmadığı kimi. Çox istəyirdim ki, bu filmdə məni Smoktunovski dublyaj etsin, lakin aktyor məşğul idi, rejissor Eldar Quliyev isə qərara aldı ki, gözləməsin, Tixonovu dəvət elədi. Nəticə də, gözlədiyim kimi, məni məyus etdi...
- İcazənizlə qadın mövzusuna toxunum. Cavanlıqda siz tələbə yoldaşınız Ofeliya ilə evlənmisiniz. Sizin bu nigahdan Marina adlı qızınız da dünyaya gəlib, indi Birləşmiş Ştatlarda yaşayır; lakin mən təsəvvür edirəm xanımlar sizi necə dövrəyə almışdılar; sizin populyarlığınıza və yaraşıqlı olmağınıza vurulub kəpənək kimi üstünüzə qonurdular. Yəqin ki, təkcə sizinlə tanış olmaq üçün yox, həm də sizinlə yatağa girməyə, sizdən uşağa qalmağa belə can atırmışlar. Bütün bunlarla necə mübarizə aparmısız, ya da əksinə, şansınızı necə əldən buraxmısız?
- Nə cür mübarizə aparmışam ki? Küçələrdə gəzmirdim axı! Lakin mən nə etmişəmsə, yalnız əsl qadınlarla etmişəm.
- Edita Pyexa mənə danışırdı ki, əri Aleksandr Broneviçki sizi ona möhkəm qısqanırmış. Onun sözlərinə görə, qastrollarda əri gecənin bir yarısı qəfil gələ, arvadının qaldığı mehmanxana otağına soxulub qışqıra bilərmiş:”Hanı o Maqomayev, harda gizlənib?”
- (Təəssüflə). Son vaxtlar Dita həddən artıq uydurur. O qədər uydurur ki! Bir dəfə də bildirib ki, guya mən ona elçilərimi göndərmişəm. Məcbur oldum ona qəzet vasitəsilə cavab verim: hansı zamanda yaşayırıq ki, mən ona elçilərimi göndərim? Hə, biz saatlarla telefonda danışa bilərdik, onun tanış telefonçu qızı vardı, bundan o yana bir şey olmayıb...Yox!
- Müslüm Məhəmmədoviç, axı roman olub...
- Yox əşşi, bizim aramızda heç bir roman-zad olmayıb!
- Məncə, siz bu sözləri təəssüflə dediniz...
- Mən onu sadəcə bir müğənni, artist kimi sevirdim, yaxşı dost kimi...Elçilik necə ola bilərdi axı, nədi, biz aulda yaşayırdıq bəyəm? Əgər ona evlənməyi təklif etmək istəsəydim, şəxsən özünə birbaşa deyərdim:”Dita, xahiş edirəm mənə ərə gəl!”
- ...elə indi...
- Hə (gülür), elə bax bu dəqiqə! Yeri gəlmişkən, Broneviçki məni onun çarpayası altında axtarmayıb. Lakin o, doğrudan da qəflətən Parisə gəlmişdi, biz onunla “Olimpiya” konsert salonunun çıxış qapısında rastlaşdıq.
- Yaxşı ki, otaqda rastlaşmamısız...
- (Alnını qırışdırır). Məgər biz hotelin qarşısında rastlaşmalıydıq? Dita hoteldə mənim otağımda olmurdu, onun öz otağı vardı. İnanın, Dima, bizim aramızda heç nə olmayıb, bunlar hamısı yalandı; bilmirəm, Ditaya bunu uydurmaq nə üçün lazım olub!
- Əgər SSRİ-nin bütün qadınları Müslüm Maqomayevə vurulmuşdusa, onda elə kişilər də - bunu dəqiq bilirəm!-Tamara Sinyavskaya, qeyri-adi səsi və gözəlliyi ilə seçilən qadına vurulmuşdu. Necə oldu ki, taleyinizi birləşdirdiniz? Necə oldu ki, siz, dünya səviyyəli iki opera nəhəngi, ailə qurdunuz və hələ üstəlik də onu qoruyub saxlaya bildiniz?
- Çətindi demək, yəqin bax ordan gəlir hamısı (yuxarıya baxır)...
- Düzdürmü ki, sizi Əliyev tanış edib?
- Yox.
- Axı o, sizin evlənməyinizi istəyib?
- Heydər Əliyeviçin xəbəri yox idi və biz evlilik qərarı barədə ona sonra məlumat verdik. Hər şey Allahın izniylə oldu...Biz tanış olanda Tamara ərdəydi, sonra başladıq görüşməyə və...
- Sizin tərəfdən bu ilk baxışdan sevgiydi, hə?
- Yəqin ki...
- Sinyavskaya ilə münasibətlərinizin korlandığı pik vaxtında ayrılmaq qərarına gəlmisiniz. Paxmutova və Dobronravov iki təsirli mahnı yazıb. Sizin üçün “Melodiya” (Sən – mənim melodiyam, mən sənin sadiq Orfeyin...”),, Tamara üçün isə “Əlvida, sevgilim!” mahnılarını yazıblar (Bütün aləm qu nəğməsiylə dolub, əlvida, sevgilim, əlvida, mənim əvəzolunmaz...”)
- Dəfələrlə ayrılmaq istəmişik, cavanlıq idi də... Hətta bir dəfə Heydər Əliyeviçə dedim, daha dözə bilmirəm, ayrılmaq istəyirəm, o qulaq asdı mənə və dedi:”Bax, Müslüm, əgər bir dəfə evlənib səhv etmisənsə, ikinci dəfə boşanıb səhv buraxma”. Müdrik adam idi rəhmətlik!
- Düzdürmü ki, Tamara İliniçna evdə sizi Mitya, Kutya, Tyapa çağırır?
- Bizim o qədər ayamalarımız olub ki...bir neçəsini artıq unutmuşam. Daim təzələyirik...
“ADAMLARIN ARTİSTİN VƏ ONUN SƏSİNİN NECƏ QOCALMASINI GÖRMƏSİNİ LAZIM BİLMİRƏM, QOY ONLAR BİZİ CAVAN KİMİ XATIRLASINLAR”
- Sizin heyrətamiz səsiniz var, bu gün də o səs yerindədi və hər dəfə də təkrar edirsiniz:”Mən öz sözümü deyib qurtarmışam” və səhnəyə çıxmaqdan qətiyyətlə imtina edirsiniz. Sizcə, bu düzdürmü?
- Tamamilə düzdü. Adamların artistin və onun səsinin necə qocalmasını görməsini lazım bilmirəm, qoy onlar insanların yaddaşında cavan kimi qalsınlar. Bəli, mən elə indi də oxuya bilərəm, yaxşısı budur oxumayım, artıq mənim zamanım deyil...Mənim bəzi sənət yoldaşlarım hesab edirlər ki, formadadılar... Misal üçün, götürək Lev Leşenkonu. Gözəl və əla görünür və indiki gəncliklə onlar arasında heç bir fərq də görmürəm. Amma mən uşaqların yanında oxumaq istəmirəm. Hələ beş il bundan qabaq səhnəyə konsert verməyə çıxanda həmişə xahiş edirdim ki, “məni əvvələ salın, sonra gəncləri...”Mənə deyirdilər: “Sizdən qabaq yalnız baletdir”, o zaman pərdə arxasında sütül oğlan və qızları gördüm, məni tər basdı. Düşündüm: “İlahi, görəsən nə üçün burdayam? Axı burda mənim nə işim var?”
- Siz nə vaxtsa belə demisiniz: “Mən, müqayisəyə görə üzr istəyirəm, bülbül kimiyəm, istəsəm- oxuyuram, istəməyəndə- oxumuram”. Amma, bağışlayın, Sovet İttifaqı xalq artisti Mark Reyzen 90 yaşında Böyük Teatrın səhnəsinə çıxırdı...
- Əvvəla, o Böyük Teatrın artisti idi, orda isə belədi-əgər səsin yerindədisə, nə qədər istəsən işləyə bilərsən. Həmin Lemeşev də 70 yaşında oxudu, məncə, Lenskini oxuyurdu...
- Yenə səslənir, hə?
- Əlbəttə, axı bu teatrdı! Estrada ayrı şeydi. Özü də axı, mənim mahnılarım sevgidən idi. Başqa mövzuda olsaydı, yenə düşünmək olardı, lakin ötmüş hisslər barədə, hansısa peşmançılıq hissləri barədə bu yaşda oxumağın adı yoxdu.
- Düzdürmü ki, bir vaxtlar Aleksandr Zarxi sizə “Anna Karenina”da Vronskini oynamağı, Leonid Qayday isə Ostap Bender rolunu təklif edib?
- Təkliflər həqiqətən çox olub; misal üçün Qriqori Roşal Karl Marks haqqında filmdə şair Herveqin rolunu oynamağa çağırdı, bir ildən sonra bu film “Həyat kimi bir il” adında ekrana çıxdı.
- İmtina etdiniz?
- Bəli. Mənim işim deyildi, heç vaxt belə filmlərə çəkilməmişəm. İndi bəzi kinolara baxıram, xatırlayıram, deyirəm:”Bax, bu filmdə gərək baş rola çəkiləydim”. Axı bu qədər gözəl kinoaktyorlar ola-ola niyə gedəydim çəkiliş meydançalarına, özümü sınayaydım? Nizami rolu isə mənim ürəyimcə oldu, çünki sakit, fəlsəfi film idi. Orda at sürmək, tullanmaq yox idi. Məndən yalnız səhərdən axşamadək ağıllı sima nümayiş etdirmək və müdrik sözlər demək tələb edilirdi.
- Allah sizə çoxlu istedad və qabiliyyət bəxş edib:musiqi yazırsız, heykəlciklər düzəldirsiz, rəsm çəkirsiz, internetdə “gəzib-dolaşırsız”...Bunları necə çatdırırsız?
- Yaxşı ki, darıxmalı olmuram. Məsələn, heç vaxt ağlıma gəlməzdi ki, kompüteri öyrənə bilərəm. Mənə dedilər:”Özünüzü sınayın, sadəcə maraq üçün”... İlk vaxtlar proqram qurdum ki, musiqi yazım:”makintoş” klavişlərə birləşdirilib, bütün alətləri əvəz etməyə qabildir. Sonra yavaş-yavaş internetə girdim.
- Ümumiyyətlə, müasir adamsız. Müslüm Maqomayevdən bir sitat gətirirəm:”İçkini həmişə sevmişəm, kəskin, acı yeməkləri də sevirəm. Gündə üç paçka siqaret çəkirəm”. Sizin bu zərərli adətləriniz ilahi səsinizə tərs mütənasibdi. Uyğun gəlmir axı?
- (Gülür) Uyğun gəlib!
- Özünüzü kasıb kimi göstərməyin, Müslüm Məhəmmədoviç! Sonuncu sualım: Siz həmişə demisiniz ki, mənim həyat prinsipim var: “Gözləmə, qorxma, istəmə!”. Hələ də bu prinsipə riayət edirsiniz?
- Mən kimdən nə istəyim ki? Və nə üçün istəyim axı? Bu mənada mən qürurlu adamam. Allah mənə çox şey verib – hər gün bunu düşünür, yada salıram, dua edirəm və Ona deyirəm:”Sağ ol!” Buna görə də O məni darda qoymaz.
- Bilirsiz, mən qəti əminəm ki, dahi və böyük sənətkarın özü barədə yaxşı sözlər eşitməyə haqqı çatır, öləndən sonra yox, sağlığında deyilməlidir, düz gözünün içinə deyilməlidir bu sözlər. Mən də fürsətdən istifadə edib bu sözləri milyonların adından sizə çatdırıram, onlar hələ də sizə heyrandılar...
- Bunu sonra yaza bilərsinizmi? Yəni, mən olmayanda? Sizə də təşəkkür edirəm! Sizinlə təmasda olmaq hər zaman mənim üçün xoşdur. Sizinlə Kiyevdə görüşümüzü məmnunluqla xatırlayıram. Və Moskvada da, daim sizin saytınıza girirəm, sizin müsahibələrinizi izləyirəm. Sizə can sağlığı arzulayıram. İndi isə, gəlin nahar etməyə bir yerə gedək...
Kiyev-Moskva-Kiyev
Tərcümə etdi: Kamran Nəzirli
Bakı, 18 avqust 2022-ci il
1-ci hissə: azpress.info/index.php
2-ci hissə: azpress.info/index.php
3-cü hissə: azpress.info/index.php
4-cü hissə: azpress.info/index.php
5-ci hissə: azpress.info/index.php
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


