MÜSLÜM MAQOMAYEVİN ÖLÜMÜNDƏN QABAQ SON MÜSAHİBƏSİ- Tərcüməçi Kamran Nəzirlinin təqdimatında (III HİSSƏ)
Bu xəbəri paylaş
MÜSLÜM MAQOMAYEVİN ÖLÜMÜNDƏN QABAQ SON MÜSAHİBƏSİ- Tərcüməçi Kamran Nəzirlinin təqdimatında
ÜÇÜNCÜ HİSSƏ
“BREJNEV VƏ ÇERNENKO AĞLAMAĞA BAŞLAYANDA DÜŞÜNDÜM:”BƏLKƏ DAYANIM?” QOCALARA YAZIĞIM GƏLDİ”
- Müslüm Məhəmmədoviç, siz fantastik sıçrayış yaşamısız: 31 yaşında Sovet İttifaqının Xalq artisti olmusunuz, sizsiz bir dəfə də olsun “Qoluboy Oqonyok”keçmirdi. Bildiyimə görə, hökumət tədbirlərində konsertdən qabaq Brejnev həmişə soruşarmış ki...
- ...”MaQaamayev olacaq? ”(gülür). O Bakıya gələndə Heydər Əliyevə birbaşa demişdi ki, onun iki sevimli müğənnisi var –Zıkina və MaQaamayev.
- Sov.İKP MK-nın Baş Katibinin sevgisi necəydi, isidirdimi sizi?
- Mən ondan heç nə əldə etməmişəm və heç vaxt bundan da sui-istifadə etməmişəm. Bu sevgi məni heç məmurların özbaşınalığından da xilas etməyib. Bayaq dediyim o həmin nazir müavininin məni görməyə gözü yox idi, bütün qanıyla, canıyla mənə nifrət bəsləyirdi. Nəyin bahasına, hansı yolla olur-olsun məni ləkələmək istəyirdi. Əgər Heydər Əliyeviç ona təpinməsəydi, dayanmayacaqdı. Əliyev ona sərt şəkildə dedi:”Maqomayevlə işiniz olmasın, əl çəkin ondan!” Və yalnız bundan sonra o, iyrənc hərəkətlərindən əl çəkdi. Bəlkə də mənim yerimdə kim olsaydı, necə deyərlər, özünü ora-bura soxardı, girərdi, yaltaqlanardı, bəzi qadın həmkarlarım kimi nələrsə edərdi, amma mən heç vaxt...
- Görünür, tərbiyəniz yol verməyib...ayrı cür...
- Məni Bakıya “sürgün” edəndə birbaşa Leonid İliçə müraciət edə bilərdim, lakin o vaxtlar da onun mənə isti münasibətindən istifadə eləmədim. Və Allaha çox şükür! Bu gün deyirəm ki, məni “cəzalandıranlar” sağ olsunlar, yoxsa Konservatoriyadakı təhsilim çox uzana bilərdi.
- Eşitmişəm Bakıda Paxmutovanın “Kiçik torpaq” mahnısını oxuyanda - məncə çox unikal və dahiyanə mahnıydı - Brejnev və Çernenko hönkür-hönkür ağlayıblar...
- Yox, hönkür-hönkür yox... sadəcə gözlərindən yaş gəlirdi.
- Siz bunu görürdünüz?
- Əlbəttə. Hətta kinoxronikada kadrlar var, saxlanılıb...
- Bu mənzərəni görəndə özünüzü necə hiss edirdiniz?
- Düşünürdüm:”Bəlkə dayanım, oxumayım?” Qocalara yazığım gəlirdi. Axı göz yaşları elə-belə axmaz, onlar həqiqətən səmimiyyətlə həyəcan keçirirdilər, müharibə dərhal yadlarına düşmüşdü, həlak olan dostlarını xatırlayırdılar...
- Deyirlər Leonid İliç sizin ifanızda səslənən italyan partizanlarının “Bella, çao” mahnısını çox sevirmiş; bu mahnını eşidən kimi başlayırmış ayaqlarını yerə vurmağa və əl çalırmış...
- ...və həmişə də hamıdan bərk vururdu ayaqlarını yerə və əl çalırdı...Yadımdadı, Alamaniya Demokratik Respublikasına getmişdik, Berlində böyük konsert oldu; səhnədən elan etdilər: ”Müslüm Maqomayev. Bella, çao”. Birinci sırada əyləşən Brejnev Heydər Əliyevə sarı dönərək əli ilə işarə edib: hə, bax, indi işləməli olacağıq, əl çalıb, ayaq döyəcəyik! Heydər Əliyeviç özü də bu mahnını əzbər bilirdi...Leonid İliç çox nadir şəxsiyyət idi, xeyirxah və yaxşı insan idi...
- ...həm də çevik idi...
- Biz Yerevanda Yura Qulyayevlə birlikdə Leonid İliçə canlı qulaq asırdıq, bunu heç unuda bilmirəm. Heydər Əliyeviç Ermənistana səfər edəndə məni də Azərbaycan nümayəndə heyətinin tərkibinə salmışdı. Ukrayna KP MK-nın birinci katibi Pyotr Yefimoviç Şelest isə Qulyayevi özüylə gətirmişdi.
...Hə, bir dəfə Yurayla oturmuşuq zalda, darıxırıq və birdən gördük ki, Şelest yaxınlaşdı. Soruşdu: “Nədir, noolub, niyə belə yorğun görünürsüz? Darıxdınız? İşiniz-gücünüz yoxdu bəyəm?” Sonra da əlavə etdi:”Durun gedin mənim bağıma, orda süfrə hazırdı. Oturun, mən də indi gəlirəm”. Bizi dilə tutmaq uzun çəkmədi...Getdik, ev sahibi gələnəcən necə lazımdı yeyib-içdik və artıq Pyotr Yefimoviç gələndə halımız yaxşı, kefimiz də yerindəydi. O xahiş elədi ki, oxuyaq: “Hə, başlayın, uşaqlar, bir şey oxuyun”. Yura mənə dedi:”Gəlsənə mən sənin “O, dəniz, dəniz!” mahnını oxuyum”. Dedim, buyur. Oturdum royalın arxasında, başladım onu müşaiyət eləməyə. Və gördüm, o çaşdı, mətni unudub, dedi:”Sözləri yadıma sal, kömək elə!” Mən də başımı tərpədirəm, deyirəm yavaşdan:”Dəniz qayıdıb...” Qulyayev də ucadan və gözəl səslə “O, dəniz, dəniz!” və susur, yenə yadına düşmür sözlər, mənə baxır. “Qağayıların...” deyirəm, o da yenə “O, dəniz, dəniz!” Nə isə, elə axıradək beləcə şuluqluq edirik, mən deyirəm ”sahildə nəğmə ilə...”, o da deyir “O, dəniz, dəniz!”, mən deyirəm “Dan yeri oyatdı...”, o da: “O, dəniz, dəniz!” Belə... Şelest heyrətə gəlmişdi, donub qalmışdı.”Nə gözəl nəğmədi!” dedi. “Xüsusilə sözləri xoşuma gəldi!”...Nə isə, bu bir haşiyə idi....Hə, biz nədənsə danışırdıq axı?
- Yerevanda Brejnevə necə qulaq asırdınız?
- Hə, deməli iclasdan sonra təntənəli şam süfrəsiydi və burda Brejnev düz iki saat çıxış elədi (o zaman onun nitqi normal idi), özü də kağızsız-filansız, bir dəfə də olsun duruxmadı, çox səlis danışdı.
- Təəccüblüdü!
- Elə biz də Yurayla təəccüb elədik! Yuraya dedim:”Bura bax, mən elə bilirdim ki, yalnız Heydər Əliyeviç fasiləsiz olaraq dörd-beş saat danışıb auditoriyanı saxlamağa qadirdi”. Qulyayev də başıyla təsdiqləyirdi. Lakin bu hələ hamısı deyil. Leonid İliç birinci dəfə Bakıya gələndə cavan oğlanlar kimi çevik idi, qatardan yerə tullandı... Sonralar isə...
- ...tullanacaq halı qalmamışdı...Sizin ona hədiyyə etdiyiniz klavir vardı ha...o tarixçəylə bağlı bilmək istəyirəm....
- Brejnevin Bakıya növbəti səfəri nəzərdə tutulmuşdu və Heydər Əliyeviç məndən xahiş elədi ki, onun gəlişinə bir mahnı yazım.”Bir dənə qızıl suyuna salınmış klavir düzəldərik”, dedim,- “Leonid İliçə hədiyyə verərik”...
- Axı siz şüurlu olaraq həmişə sovet mövzularından qaçmısız, elə sənətə gələndən klassikaya və lirikaya üstünlük vermisiniz...
(ardı var)
Tərcümə etdi: Kamran Nəzirli
18 avqust 2022-ci il
1-ci hissə: azpress.info/index.php
2-ci hissə: azpress.info/index.php
4-cü hissə: azpress.info/index.php
5-ci hissə: azpress.info/index.php
İxtisarla: azpress.info/index.php
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

