MÜSLÜM MAQOMAYEVİN ÖLÜMÜNDƏN QABAQ SON MÜSAHİBƏSİ- Tərcüməçi Kamran Nəzirlinin təqdimatında (IV HİSSƏ)
Bu xəbəri paylaş
MÜSLÜM MAQOMAYEVİN ÖLÜMÜNDƏN QABAQ SON MÜSAHİBƏSİ- Tərcüməçi Kamran Nəzirlinin təqdimatında
Dördüncü hissə
Dmitri Qordon,
Ukrayna jurnalisti
“POLAD BÜLBÜLOĞLU BARƏDƏ MƏNƏ DANIŞMAYIN. BİZ ONUNLA BİR BİNADA YAŞAMIŞIQ, QOY ALLAH ÖZÜ ONU MÜHAKİMƏ ETSİN!”
- Hə, elədir...Mən imtina etdim: axı heç vaxt yaltaqlıq etməmişəm, partiya haqqında mahnılar oxumamışam, şəxsən rəhbərlər haqqında da heç nə oxumamışam...”Siz yoldaş Brejnev haqqında mahnı yazmayın,” deyə Əliyev öz ideyasını yeritdi,- “qoy olsun ölkə barədə mahnı, adamlar haqqında”. Mən də razılaşmalı oldum. Bu əlamətdar tədbirlə bağlı Robert Rojdestvenski ailəsi ilə birlikdə Bakıya gəlmişdi, biz onunla birlikdə qərara aldıq ki, nəsə “təntənəli bir mahnı” yazaq. Yazdıq, “Sən – mənim sevimli ölkəm!”... Mətni Əliyevə göstərdik, o isə baxıb dedi:”Bu nədi, uşaqlar, neyləmisiz? Elə şey yazmısız ki, bilmək olmur hansı ölkədən bəhs olunur! Bir halda ki, bunu Brejnevə hədiyyə edəcəyik, onda, olmazmı ölkənin adını dəqiq göstərəsiniz?” Robert diqqətlə qulaq asırdı və anlayırdı ki, mübahisə etmək mənasızdı, şeirin mətnində düzəliş etdi.”Sən – sovetlər ölkəsi...” Heydər Əliyeviç yeni variantı bəyəndi: “Hə, bax, indi normaldı” dedi. Amma mahnı artıq öz mahiyyətini itirmişdi, bu formada onu oxumaq olmazdı...
- Buna baxmayaraq, sizin hədiyyəniz Brejnevin xoşuna gəlmişdi, eləmi?
- Fotolar, çəkilişlər var...Klaviri qızıl basmanaxışla xüsusi kağızda çap etmişdilər, onu səliqəylə gözəl dəri qovluğa qoymuşdular; kömək üçün mənə Niyazi və Rəşid Behbudovu da qoşmuşdular... “Leonid İliç”- dedim, - “bu hədiyyəni sizə təkcə mən yox, bizim xalqımız, bütün incəsənət ustaları verir”. Təntənəli sözləri gərək ucadan deyəydim, mənsə dilucu mızıldadım, demək olar ki, pıçıldadım. Hardan biləydim axı Brejnev artıq yaxşı eşitmir? Nə isə, o heç bir şey anlamadı. Baxıb görürəm ki, keçib oturdu stol arxasında, kimdənsə qələm xahiş edir... Stolun üstü doluydu və Heydər Əliyevin işarəsiylə cəld stolun üstünü təmizlədilər, ali qonaq üçün şərait yaratdılar. Leonid İliç qovluğu açdı, oraya yayğın və səliqəsiz bir imza atdı.
- Belə çıxır ki, sizə avtoqraf verib?
- Hə də...Mən Əliyevə pıçıldadım:”Nə edək?”, o isə cavabında:”Sənə avtoqraf yazdı da, özün də götür!” Təyyarədə Leonid İliçə hədiyyənin hər ehtimala qarşı əvvəlcədən hazırlanmış dublikatı verildi.
“MƏNİM İTALYAN DOSTUM VİNSENT DONDURULMUŞ QARA ƏT PARÇASI ÜÇÜN UZUN NÖVBƏ GÖRƏNDƏ GÖZ YAŞLARINI SAXLAYA BİLMƏDİ”
- Səhv etmirəmsə, siz hətta bir dəfə Leonid İliçin ad günündə də iştirak və çıxış etmisiz...
- Bir dəfə yox, iki dəfə (gülür). Mənsiz ola bilərdimi heç?!
- Tamam doğru! Sizsiz nə bayram olardı ki!..
- Qurultaylar Sarayının banket zalı doluydu, 500-600 adam vardı, bəlkə də min nəfər idi, dəqiq deyə bilmərəm. Çünki səhnəyə yaxın yerdə oturmuşdum, hamını görə bilmirdim. Brejnev ctola yaxınlaşanda gördüm Heydər Əliyeviçə çönüb nəsə dedi. Dodaqlarının tərpənməyindən bildim ki, söhbət məndən gedir, sonra Əliyev bunu təsdiqlədi və dedi:”Oturmamışdan qabaq Leonid İliç soruşdu: “MaqAmayev burdadı?”
- Bir dəfə siz etiraf etmisiniz ki, inqilab olacaq (yəni yenidənqurmanı nəzərdə tutmusunuz), çünki bütün həyatınız boyu qatı antisovet olmusunuz. Axı necə olur ki, rəhbərin və xalqın bir nömrəli sevimlisi hökumətə qarşı müxalifətçilik etsin?
- Bilirsiz, Dmitri, məsələ heç də antisovetizmdə deyil, sadəcə mən görürdüm ki, ölkə iflasa doğru gedir. Mənim dostum vardı-Vinsent De Finn, çox ehtiraslı bir meloman idi, Mario Lançın bütün kolleksiyasının sahibiydi; bir dəfə onu Moskvaya, evimizə dəvət eləmişdim. Gəldi və birdən məndən xahiş elədi ki, mağazalara baxmaq istəyir. Etiraz elədim:”Mağazalara baxmağa dəyməz, inan mənə”. Özü də təmiz italyan dilində dedim ona!
- İtalyan dilini bilirsiz?
- Əlbəttə. O da italyandı axı, düzdü, amerikalı italyandı, dilini çox da yaxşı bilmirdi, amma başa düşürdü. Nə isə, mən onu nə qədər dilə tutdumsa, mümkün olmadı, o mağazalara baxmağa daha çox can atırdı. “Baxmaq istəyirəm, vəssalam!” O zaman mən də dedim ki, bir halda ki, belədi, onda gəl gedək baxaq. O, bir parça dondurulmuş ət parçası üçün uzun növbələri və bomboş piştaxtaları görəndə göz yaşlarını saxlaya bilmədi. Mağazaların piştaxtalarında üçlitrlik meyvə şirəsi bankalarından başqa heç nə yox idi. Vinsent həqiqətən ağlayırdı. Tamara qoymaz məni yalan danışım, şahiddir. “Gərək uşaqları da gətirəydim bura”- Vinsent dedi, - “görəydilər bu mənzərəni, yoxsa, uşaqlara elə gəlir ki, pis yaşayırlar”. Vinsent sarsılmışdı və elə sarsıntı içində də çıxıb getdi...
...Belə həyat uzun müddət davam edə bilərdimi? Mən anlayırdım ki, bax, çox keçməz, bunun bir nəticəsi olacaq; və indi, kommunist partiyasının nümayəndələri başlayırlar bizə nağıl oxumağa ki, yalnız kommunistlər xalqı ağ günə çıxara bilər, düşünürəm:”İlahi, axı siz özünüz də dediklərinizə inanmırsınız! Sizə yalnız, sadəcə öz partiyanızı üzdə saxlamaq lazımdı!” Onlar bunların hamısını gözəl başa düşürlər- buna əminəm!-başa düşürlər ki, keçmişə qayıtmaq mümkün deyil və ola da bilməz!
- Allaha çox şükür! İcazənizlə oxuculara xatırladım ki, siz heyrətamiz ailədən çıxmısız. Sizə babanızın adını qoyublar, gözəl bəstəkar Müslüm Maqomayevin adını! Azərbaycn filarmoniyası onun adını daşıyır. Sizin ananız isə istedadlı aktrisa olub, atanız teatr rəssamı idi, özü də müharibənin qurtarmasına bir neçə gün qalmış həlak olub. Yeri gəlmişkən, düzdürmü ki, onun cəbhədə həlak olmasını sizdən uzun müddət gizlədiblər?
- Bəli. Yeddi yaşa qədər mənə deyirdilər ki, o, uzunmüddətli ezamiyyətə gedib, xarici ölkəyə, tezliklə gələcək... Sonralar əmim məni qabağında otuzdurub başa saldı hər şeyi, atamın son məktubunu da mənə göstərdi...Amma, əlbəttə, elə əvvəlcədən də təxmin edirdim ki, böyüklər məndən nəyisə gizlədirlər...
- Sizin sözlərinizə görə, Camal əminiz faktiki olaraq atanızı əvəz edib; o ailədə kiçik qardaş olub və ömrünün sonuna kimi sizin qayğınıza qalıb. Mən isə hesab edirəm ki, sizə həyatda daha bir nəfər atalıq edib - uzun müddət Azərbaycanda rəhbər vəzifələrdə çalışmış Heydər Əliyev...
- Camal əmi öləndə Əliyev onun cənazəsini Moskvadan doğma vətənə gətirmək üçün öz təyyarəsini verdi; dəfndə hamıyla bərabər o da tabutu çiyinlərində daşıdı...Mənim halımı görüb dedi:”Müslüm, məni ən yaxın adamın kimi bil, bu gündən sən mənim ailəmin bir üzvüsən, ha vaxt istəsən gəl, bütün məsələlərlə bağlı hər vaxt mənə müraciət edə bilərsən...” O vaxtdan Heydər Əliyeviç doğurdan da mənə əmilik edib. Əlbəttə, mən onu narahat etməmişəm, yalnız hansısa vacib məsələlərdən ötrü ona zəng vurmuşam. Yadımdadı, Mstislav Rostropoviç mühacirətdən qayıdanda (o mənim yerlimdir, bakılıdır), mənə belə bir etiraf elədi:”Müslüm, çox istərdim ki, Bakıya gedim. Çoxdandı Bakını görməmişəm, amma bilmirəm Əliyev necə adamdı, mənə necə münasibət bəsləyəcək...” Əminliklə ona dedim:”Slava, əmin edirəm ki, o səni çox böyük ehtiramla qarşılayacaq.” “Sən onun ağzını araya bilərsən?”.- “Əlbəttə, bu saat elə sizin yanınızda ona zəng vuraram”. Elə onunla bizim evdə oturmuşduq. “Yox, yox, sonra, sonra zəng edərsiz, birdən imtina edər, yaxşı düşməz”. Nə isə, mən zəng vurdum və Heydər Əliyevin cavabı belə oldu:”Müslüm, bu nə sözdü, ha vaxt istəyir gəlsin. Bizdə onu sevirlər, dəyərləndirirlər, onun qəbulunu da yüksək səviyyədə təmin edərik”... Elə məhz Slavanın ad günü ərəfəsiydi, daha doğrusu, o özü üçün xırda bir yubiley törəni düzəltmək niyyətindəydi.Mən idiyədək onun məktublarını da saxlamışam. Əliyevlə Rostropoviç arasında sanki körpüydüm, ondan buna, bundan ona söz ötürürdüm, nəhayət, bir dəfə dedim:”Tamam, siz öz aranızdakı məsələləri birbaşa özünüz həll edə bilməzsiniz ki?”
“POLAD BÜLBÜLOĞLU BARƏDƏ MƏNƏ DANIŞMAYIN. BİZ ONUNLA BİR BİNADA YAŞAMIŞIQ, QOY ALLAH ÖZÜ ONU MÜHAKİMƏ ETSİN!”
-Qorbaçovun vaxtında Azərbaycan partiya təşkilatına rəhbərlik etmiş Əliyev SSRİ hökumətinin sədrinin birinci müaviniydi, sonra onu bu postdan vurub çıxartıdlar; və dünən ona sadiqlik və sonsuz sevgi nümayiş etdirən bir çoxları dərhal ondan üz döndərdilər. Siz dürüst və xeyirxah bir adam kimi “çar qəzəbi”nə tuş gəlmiş liderə münasibətinizi dəyişmədiniz. Ona hər cür ehtiram və hörmətinizi bildirirdiniz...
- Təkcə mən yox...belələri bir neçə nəfər idi...
- Elə bir neçə nəfər?
- Təəssüf ki, hə....
- O bunu başa düşürdü?
-Gözəl anlayırdı...
-Siz Bakıda tanınmış bəstəkar və ifaçı, bir müddət Azərbaycanda Mədəniyyət naziri işləmiş, daha sonra isə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun ailəsi ilə bir binada, hətta bir mərtəbədə yaşamısız. Mənim bildiyimə görə, siz əvvəllər dost olmusunuz... sonra qabağınıza hansı qara pişik çıxdı?..
(ardı var)
Tərcümə etdi: Kamran Nəzirli
Bakı, 18 avqust 2022-ci il
1-ci hissə: azpress.info/index.php
2-ci hissə: azpress.info/index.php
3-cü hissə: azpress.info/index.php
5-ci hissə: azpress.info/index.php
İxtisarla: azpress.info/index.php
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


