Gəncə Bölməsində Nizami Gəncəvi irsinin dünyada daha geniş tanıdılması və təbliği ilə bağlı görüş keçirilib +FOTO=3
Bu xəbəri paylaş
Gəncə Bölməsində Nizami Gəncəvi irsinin dünyada daha geniş tanıdılması və təbliği ilə bağlı görüş keçirilib
Gəncə Bölməsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin dünyada daha geniş tanıdılması və təbliği ilə bağlı görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndəsi Elmar Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, millət vəkili Pərvin Kərimzadə, eləcə də Gəncə şəhərindəki ali təhsil müəssisələrinin rəhbərləri, nizamişünas alimlər və ədəbiyyatçılar iştirak ediblər. Əvvəlcə Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxış edərək dahi Nizaminin neçə-neçə əsrlərdir ki, Azərbaycan milli və mənəvi ruhunun simvolu kimi dərk edildiyini vurğulayıb. O, böyük mütəfəkkirin irsinin müasir elmin və beynəlxalq münasibətlərin tələbləri baxımından daha geniş və çoxşaxəli öyrənilməsinin istər bu sahədə çalışan tədqiqatçılarımızın, istər də
ictimaiyyətimizin qarşısında yeni tələblər qoyduğunu deyib. Akademik Fuad Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Azərbaycan Respublikası Baş nazirinə ünvanladığı 20 iyul 2022-ci il tarixli məktubunda son dövrlərdə bir sıra xarici ölkələrdə Nizami
Gəncəvinin milli mənsubiyyətinə və onun yaradıcılığının Azərbaycana məxsusluğuna kölgə salan hərəkətlərin qarşısının alınması, xüsusən də 2041-ci ildə Nizami Gəncəvinin 900 illik yubileyinin qeyd ediləcəyini nəzərə alaraq, qarşıdakı 20 il ərzində Nizaminin kimliyini bütün dünyaya tanıtmaq üçün uzunmüddətli baxış yanaşmasının tətbiq edilməsi və kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə müvafiq uzunmüddətli konsepsiyanın hazırlanmasının zəruriliyi məsələsi vurğulanıb. Göstərilən sənədin, həmçinin bu yöndə Azərbaycan Respublikası Baş nazirinin müavininin göndərdiyi məktubun tələblərindən irəli gələrək, AMEA-nın rəhbərliyi tərəfindən Nizami Gəncəvinin bədii və fəlsəfi
irsinin beynəlxalq təbliğinə dair fəaliyyət planı hazırlanıb. Gəncədə çalışan elm adamlarının daim Nizami irsinin öyrənilməsi və təbliğinə böyük töhfələr verdiklərini deyən akademik Fuad Əliyev Gəncə Bölməsində bu sahədə aparılmış tədqiqatlar və Nizami ilə bağlı nəşr edilmiş kitablar barədə
məlumat verib. O, göstərilən uzunmüddətli konsepsiyanın müddəalarının həyata keçirilməsi baxımından Gəncə Bölməsinin qarşısında duran vəzifələrə də toxunub. Tədbirdə digər çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının mənəvi sərvəti olan Nizami Gəncəvi irsinin qorunması, tədqiqi və təbliği Azərbaycan dövlətinin yeritdiyi siyasətin tərkib hissəsidir və bu məsələ daim diqqətdə saxlanılır. Qeyd olunub ki, Nizaminin bütün həyatı və zəngin yaradıcılıq fəaliyyəti Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzlərindən olan Gəncə ilə bağlıdır və Nizami Gəncəvi irsinin öyrənilməsi, daha geniş təbliği Azərbaycanın zəngin mədəniyyətinin dünya ictimaiyyətinə nümayiş etdirilməsi dahi şairin doğma
şəhərində çalışan alimlərimizin də üzərinə böyük məsuliyyət qoyur. Daha sonra Nizami Gəncəvi irsinin daha geniş araşdırılması, dünyada tanıdılması və təbliği ilə bağlı bir sıra təkliflər səsləndirilib. Gəncə Bölməsinin verdiyi təkliflər sırasında dahi şairin şəcərə tarixinin araşdırılması, Nizaminin sələfləri və xələfləri olan fikir adamlarının, yəni Nizamidən əvvəl və sonra Gəncədə yaşamış şair və filosofların yaradıcılığının təbliği, Avropa, şərq ölkələri və Amerikada Nizami yaradıcılığı nümunələrinin nəşri, həmçinin Nizami fəlsəfəsinin bu günümüzdəki proseslərlə səsləşməsini əks etdirən tədqiqatların aparılması, eləcə də müvafiq mövzular üzrə hər il beynəlxalq elmi konfransların keçirilməsi və dahi mütəfəkkirin irsinin beynəlxalq miqyasda tanıdılmasına dair məsələlər yer alıb.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


