Nizaminin irsinin öyrənilməsi və tanıdılması üzrə uzunmüddətli konsepsiyaya dair təklifləri müzakirə edən İşçi komissiyasının ilk iclası keçirilib +FOTO=3
Bu xəbəri paylaş
Nizaminin irsinin öyrənilməsi və tanıdılması üzrə uzunmüddətli konsepsiyaya dair təklifləri müzakirə edən İşçi komissiyasının ilk iclası keçirilib
AMEA Gəncə Bölməsində Nizaminin irsinin öyrənilməsi, təbliği və dünya miqyasında tanıdılması məqsədilə Gəncə üzrə təklifləri hazırlayan İşçi komissiyanın ilk iclası keçirilib. Tədbir bölmənin Nizami Mərkəzinin rəhbəri, professor Xəlil Yusiflinin sədrliyi ilə baş tutub. İşçi müşavirəyə şəhər İcra hakimiyyətinin, Gəncə Bölməsinin, Gəncədəki unuversitetlərin və Regional Destinasiya Menecmenti Təşkilatının nümayəndələri, eləcə də alim və tədqiqatçılar qatılıblar. İştirakçılar Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliği üzrə uzunmüddətli konsepsiyanın tələbləri baxımından qarşıda duran vəzifələr və tədbirlərin həyata keçirilməsinə dair təklifləri müzakirə ediblər. Görüşdə Nizami Gəncəvinin əsərlərinin, o cümlədən böyük mütəfəkkirin yaradıcılığına dair araşdırmaların, elmi məqalələrin, monoqrafiyaların nəşri, onların dünyanın müxtəlif dillərinə tərcümə edilərək populyarlaşdırılması, şairin irsinə dair mütəmadi elmi konfransların təşkili kimi təkliflər müzakirə edilib. Eyni zamanda, dahi mütəfəkkirin adının və yaradıcılığının tanıdılması məsələlərinin onun doğma şəhəri ilə, xüsusən də Avropa Yenidənqurma və İnkişaf Bankının
dəstəyi ilə reallaşacaq “Gəncə – Yaşıl şəhər” layihəsinin konsepsiyası və nəticələri ilə paralel olaraq reallaşdırılması, Nizami mövzusu ilə bağlı əlamətdar məkanların ziyarəti və bu baxımdan şəhərin turizm imkanlarının genişləndirilməsi və digər bu kimi təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


