Gülağa Tənha: GÖZÜMÜN İÇİNƏ BAXMA

 Gülağa Tənha:

GÖZÜMÜN İÇİNƏ BAXMA


(Bir videokasetə baxdıqdan sonra.)


Bu soyuq rüzgarın insafı yoxdu,
Elə bil göylərdə qar havası var.
Ürəyim üşüyür, yenə göylərin
Sevgimin oduyla öz davası var.


Başımın üstündə nə vaxtdan bəri,
Çovğun oynadırsan, yel əsdirirsən.
Özün xoşbəxtliyə tələsdiyin tək
Məni əzablara tələsdirirsən.


Hardasa dağların qarı əriyib,
Hardasa bir ilıq barışıq düşüb.
Biz olan tərəfdə görəsən niyə
Dünyanın iqlimi qarışıq düşüb?


Sənin gözlərinin soyuqluğundan
Üzümə ağ olan ilim üşüyür.
Yox, daha adını tuta bilmərəm,
Dodağım üşüyür, dilim üşüyür.


Telinə bürünür itən illərim,
Canımı aldıqca bu hiss, bu duyğu.
Ömrümü üşüdür, əllərimi yox,
Sənin gözlərinin qar soyuqluğu.


Soyuqdan istiyə uçur, daha sən,
Uçan durnaların köçünə baxma!
Məni dirigözlü donduracaqsan,
Baxma, gözlərimin içinə baxma!..


Sahil qəsəbəsi, 24.05.2004

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020