Şirinxanım Kərimbəyli ŞADİMAN: “ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ” QAZİLƏR BAŞ TACIMIZ!

Şirinxanım Kərimbəyli ŞADİMAN: “ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ” QAZİLƏR BAŞ TACIMIZ!
 

 

GETDİN SAVAŞA, ORXAN

 

Qusar rayonun Həsənqala kəndinin şəhidi
Orxan Qədim oğlu İsmayılova ithaf

 

Ölkənin başı üstün qara buludlar aldı,
Düşmən tapdağı altda yurdlar çarəsiz qaldı,
Vətən yağıya haram, yurdaşına halaldı,
Dözmədin içimizdə daim dərd daşa, Orxan,
Silahına sarılıb getdin savaşa, Orxan.

 

Könlümüzdən ahımız dikəlmişdi Allaha,
Ümidimiz yox idi hər açılan sabaha,
İlahi dərgahında batmamaqçın günaha,
Cəhd elədin qürurun dəyməsin daşa, Orxan,
Silahına sarılıb getdin savaşa, Orxan.

 

Ey Vətən fədaisi, can etdin yurda fəda,
Dilimizdə olubdu şəhid adı mübtəda,
Tükətdi könlümüzü otuz ildi qan-qada,
Qəlbi əsir etmədin heç vaxt təlaşa, Orxan,
Silahına sarılıb getdin savaşa, Orxan.

 

Ey şəhidim, şəhidlik taleyində var imiş,
Dinimiz şəhidliyi ən uca məqam demiş,
İlahi dərgahına yetmək üçün kam demiş,
Kamın yetişdi yəqin mübarək başa Orxan,
Silahına sarılıb getdin savaşa, Orxan.

 

Körpənin məsum üzün cəmi bir gecə gördün,
O südəmər oğlunu yuxunda necə gördün?!
Şəri əl-qolu bağlı basılmış küncə gördün,
Qəhrəmanlıq biçilib, fəqət gənc yaşa Orxan,
Silahına sarılıb getdin savaşa, Orxan.

 

Ananın gözü yaşlı məzarına can deyir,
Yarın qəbir daşına qəm dolu hicran deyir,
Yanır itginə Vətən, aləm həyəcan deyir,
Dikələ can ahımız şərə sarmaşa, Orxan,
Silahına sarılıb getdin savaşa, Orxan.

 

Ruhuna ərz edirəm, qanın yerdə qalmadı,
İşğal bitdi, Şəhidim, yurd namərdə qalmadı,
Zəfər marşı çalınır, millət dərdə qalmadı,
Yetdin şəhadətinə, dedin: El yaşa, Orxan,
Silahına sarılıb getdin savaşa, Orxan.

 

Ey ana qucağından yurda düşən oğullar,
Vətən sevən qadınlar mərd igidlər doğurlar,
Qəhrəmanlar hər zaman şərin köksün boğurlar,
Sən bütün bacılarçın döndün qardaşa, Orxan,
Silahına sarılıb getdin savaşa, Orxan.

 

Ey şəhidim, gülüzlü ruhuna salam olsun,
Yaralı candan qopan ahına salam olsun,
Dilimizdə yurd eşqi müqəddəs kəlam olsun!
Zəfərmizin sədası düşüb dağ-daşa, Orxan,
Silahına sarılıb getdin savaşa, Orxan.

 

Səsimiz batmayacaq, boğulmayacaq daha,
Ah-naləmiz aləmə dağılmayacaq daha,
Bilirəm bir də səndən doğulmayacaq daha,
Övladının adında daima yaşa Orxan,
Silahına sarılıb getdin savaşa, Orxan.

 

Şadiman nəzmə çəkir adını qürur ilə,
Qəbri nurlu şəhidim, adın yaraşır dilə,
Boş yerə doğulmadın ocağına, nəsilə,
Həkk olub şəhidliyin dilsiz başdaşa, Orxan,
Silahına sarılıb getdin savaşa, Orxan.
30.12.2020

 

 

SALAM RUHUNA

 

Qusar rayonun Balaqusar kəndindən
Birinci Qarabaq müharibəsi
Şəhidi Sərvər Abdulkərimova ithaf

 

Min doqquz yüz doxsan bəlayla gəldi,
Yağılar Vətənin bağrını dəldi,
Qarabağ ağrısı canda yüksəldi,
Kürəyə bıçağı saplayan əldi,
Sığındın el oğlu tək Allahına,
Salam şəhid Sərvər, salam ruhuna!

 

Qaldı işğal altda yurdlar, yuvalar,
Qopdu dodaqlardan Haqqa dualar,
Tutuldu buludlar, doldu havalar,
Çaldı qəvi düşmən fitnə havalar,
Dözmədin qız-gəlin, ana ahına,
Salam şəhid Sərvər, salam ruhuna!

 

Xocəvənd uğrunda qalxdın savaşa,
Şuşanın harayı döndü göz yaşa,
O zaman qaliblik yetmədi başa,
Qurdu mənfur düşmən qanlı tamaşa,
Tapındın ümidlə xoş sabahına,
Salam şəhid Sərvər, salam ruhuna!

 

Balaqusar igid, getdin cəbhəyə,
Canın ruhu çəkdi uçan gülləyə,
Cəhd etdin düşməni qana bələyə,
Şəhid olan yerdə Vətən var deyə!
Sarıldın mərdliklə sən silahına,
Salam şəhid Sərvər, salam ruhuna!

 

Ucaldın zirvəyə şəhid adınla,
Ruhun qürur duysun övladlarınla –
Amalya, Ruqiyyə, Fərrux varınla,
Ziyarət edirlər səni yarınla,
Məzarın dönübdü səcdəgahına,
Salam, şəhid Sərvər, salam ruhuna!

 

Ali Baş Komandan dedi: Qalx, Əsgər,
Vətən qisas deyir sən göstər hünər,
Qəhrəman savaşdan şərəflə dönər,
Düşmən, ayağının altına enər,
Şəhidlər döndülər yurd rifahına,
Salam şəhid Sərvər, salam ruhuna!

 

Keçən il savaşa qalxdı oğullar,
Şərəflə tarixə yazdı nağıllar,
Qəhrəman analar igid doğurlar,
Cəsurlar yağını qanda boğurlar,
Boğuldu düşmənlər suç-günahına,
Salam şəhid Sərvər, salam ruhuna!

 

Cəmi qırx dörd günlük savaş açdılar,
Şəhid məqamına varıb uçdular,
Qazilər od olub alov saçdılar,
İt təki yağılar qorxub qaçdılar,
Yağı leşə döndü öz tamahına,
Salam şəhid Sərvər, salam ruhuna!

 

Xalqımız dönübdü dəmir yumruğa,
Vətənin bəxtinə al günəş doğa,
Gəlib igidliyə dünya sorağa,
Yazıldı şərəfli döyüş varağa,
Söz tapmır yağılar şər izahına,
Salam şəhid Sərvər, salam ruhuna!

 

İndi azad olub Qarabağ yurdu,
Vətənin qisasın alıbdı Ordu,
İgidin nərəsi alovdu, qordu,
Düşməni alnından, köksündən vurdu,
Sığınıb namusla haqq pənahına,
Salam şəhid Sərvər, salam ruhuna!

 

Şuşamız oyanır azan səsinə,
Quranın ilahi xoş nəfəsinə,
Açır xarıbülbül yurd həvəsinə,
Qonubdu dillərin zümzüməsinə,
Allah qələm cızsın şər islahına,
Salam şəhid Sərvər, salam ruhuna!

 

Üzdü yurd ağrısı bu Şadimanı,
Vətəndi qibləsi, dini-imanı,
Şəhid məzarları yurdun hər yanı!,,
Baş əyir önündə həm cismi-canı,
Erməni tuş gəlib öz ikrahına,
Salam şəhid Sərvər, salam ruhuna!
Salam şəhid Sərvər, salam ruhuna!

22.11.2021

 

 


VƏTƏN İMANDIR

Qusar şəhərindən Vətən müharibəsi
Qazisi Nəcməddin Mövlud oğlu
Təhməzova ithaf

Vətən İbadətdir, Vətən imandır,
Yurdu yaşatmaqçın cana dərmandır,
Onu qorumaqçın qəlbə fərmandır,
Sən bu həqiqəti duydun, Nəcməddin,
Canını bu yolda qoydun, Nəcməddin.

Öz ömür yoluna hərbini seçdin,
Qorxmazlıq şərbətin şövqilə içdin,
Döyüş meydanında alovdan keçdin,
Düşmənin bağrını oydun, Nəcməddin,
Canını bu yolda qoydun, Nəcməddin.

Ya şəhid, ya qazi olaram dedin,
İşğala baş əysəm solaram dedin,
Vuruşub qalibtək qalaram dedin,
Qaliblik adına soydun, Nəcməddin,
Canını bu yolda qoydun, Nəcməddin.

Sürdün sərrast tankı hərb meydanında,
Zalıma nifrətin vardı canında,
Mərdlik dövr edirdi hər an qanında,
Özünə əzabı qıydın, Nəcməddin,
Canını bu yolda qoydun, Nəcməddin.

Düşmən işğalında qaldı Qarabağ,
Sinəmizə yara saldı Qarabağ,
Otuz il yağıda soldu Qarabağ...
Bu ağrı-acıdan doydun, Nəcməddin,
Canını bu yolda qoydun, Nəcməddin.

Gəldi sentyabr, o qisas ayı,
Əzildi işğalçı, quruldu vayı,
Batdı xainlərin içdə harayı...
Vətəni namusun saydın, Nəcməddin,
Canını bu yolda qoydun, Nəcməddin.

Cəbrayıl, Füzuli, Xocavənd yurdu,
Azad etdi eli mərd Qalib Ordu,
Tankın atəşləri yağı qovurdu!
Sən özün ox, kaman, yaydın, Nəcməddin,
Canını bu yolda qoydun, Nəcməddin.

Füzuli uğrunda döyüşlər getdi,
Düşmənin gülləsi bağrı qan etdi,
Əsgər qardaşların dadına yetdi...
Özün bir orduya taydın, Nəcməddin,
Canını bu yolda qoydun, Nəcməddin.

Doğmalar qürurla çəkir adını,
Basırlar bağıra mərd övladını,
Ucaya qaldırdın yaxın, yadını,
Adını aləmə yaydın, Nəcməddin,
Canını bu yolda qoydun, Nəcməddin.

Verdin Emin adın körpə oğluna,
Şəhid Emin döndü elin nağlına...
Aləm səcdə edir uca ağlına,
Düşmənin zülmündən doydun, Nəcməddin,
Canını bu yolda qoydun, Nəcməddin.

Qusara Qazitək qayıdıb gəldin,
Şərəfli ömrünlə haqqa yüksəldin,
Vətən sevdalısı, budur iman, din!
Sən bu ibadətə uydun, Nəcməddin,
Canını bu yolda qoydun, Nəcməddin.

Deyirsən, çağırsa Vətən gedərəm,
Düşmənin bağrını yenə didərəm,
Bədənim yaralı, ruhla edərəm,
Qaranlıq günlərə Aydın, Nəcməddin,
Canını bu yolda qoydun, Nəcməddin.

Qazi, çəkdi nəzmə Şadiman səni,
Necə heyran etdi cəsurluq məni,
İgidlər qoruyur yurdu, ölkəni,
Oldu hünər yolun aydın, Nəcməddin,
Canını bu yolda qoydun, Nəcməddin.
12.08.2022

Şirinxanım Kərimbəyli ŞADİMAN

 

 

 

 

 

 

 

 

 

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020