Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına

Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına

Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına

 

Hörmətli sərgi iştirakçıları və qonaqlar!

 

Sizi "ADEX-2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin açılışı münasibətilə salamlayır və bütün iştirakçılara uğurlar arzulayıram.

 

Artıq ənənəvi xarakter almış "ADEX" sərgisi hərbi-texniki əməkdaşlığın inkişafı, ən müasir silah, texnika və texnologiyaların nümayiş etdirilməsi üçün mühüm platformaya çevrilmişdir. Sərgi dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət və təşkilatları, rəsmi nümayəndə heyətlərini və mütəxəssisləri eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulması və yeni müqavilələrin imzalanması üçün geniş imkanlar yaradır.

 

“ADEX-2022" Vətən müharibəsində qazanılmış parlaq qələbədən sonra Azərbaycanın təşkil etdiyi ilk beynəlxalq müdafiə sərgisidir. Tədbirdə real döyüş əməliyyatları zamanı uğurla sınaqdan çıxmış yerli hərbi təyinatlı məhsulların nümayiş etdirilməsi onun əhəmiyyətini daha da artırır.

 

XXI əsrin müharibəsini aparmış Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi bu gün inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində diqqətlə öyrənilir. Son dərəcə çətin relyef şəraitində ən müasir döyüş silahlarını tətbiq etməklə Azərbaycan Silahlı Qüvvələri düşmənin möhkəmləndirilmiş müdafiə xətlərini yarmış və sürətlə irəliləyərək cəmi 44 gün ərzində onu təslim olmağa məcbur etmişdir. Azərbaycanın tarixi qələbəsi göstərdi ki, hərbi sahədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müasir ordu quruculuğu, ölkənin hərbi qüdrətinin yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi son dərəcədə əhəmiyyətlidir.

 

Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir. Ölkəmiz hərbi-texniki sahədə dünyanın qabaqcıl dövlətləri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi sahəsində də imkanlarını genişləndirir. Hazırda Azərbaycan aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 50-dən çox ölkəsinin aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir, ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan məmulatların həcmi ildən-ilə artır.

 

Biz, qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirməklə Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik.

 

Əminəm ki, “ADEX-2022" sərgisi faydalı təcrübə mübadiləsinin aparılmasına, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına əlverişli imkan yaradacaq və Azərbaycanın müdafiə sənayesinin elmi-texnoloji potensialının artırılmasına öz müsbət töhfəsini verəcəkdir.

 
X X X
 
Sentyabrın 6-dan 8-dək Azərbaycanın paytaxtı Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri keçiriləcək.
ADEX sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Tədbirin təşkilati işlərinin icrası “Caspian Event Organisers” şirkətinə həvalə edilib.
ADEX müasir silah və texnikanın sərgisi pandemiyanın yaratdığı məcburi fasilədən sonra baş tutacaq. Sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı şanlı zəfərdən sonra ilk dəfə keçiriləcək. Sərgidə Azərbaycan ordusunun qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş etdiriləcək.
208 şirkəti bir araya gətirəcək “ADEX” Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edib, sahə olaraq 5% artım nümayiş etdirəcək.  İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri olacaq. İlk dəfə İordaniyadan olan şirkətlər də qatılacaq.  Bu il 8 ölkə milli stendləri ilə iştirak edəcəklər. Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini artırıblar.
Sərginin baş sponsoru “Jadara Equipment & Defense Systems”, qızıl sponsoru “Turkish Aerospace”, bürünc sponsoru isə “ASFAT” şirkətidir.
ADEX 2022 sərgisində təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və s. sektorlar təmsil olunacaq.  
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin stendləri Bakı Ekspo Mərkəzinin birinci, üçüncü zallarında və açıq sahəsində yerləşdiriləcək. Burada yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş etdiriləcək. Peşəkarlar ölkənin müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin mövcud və artmaqda olan imkanları ilə tanış ola biləcəklər.
Sərginin açıq sahəsi xüsusi diqqətə layiqdir, burada hərbi maşınlar, pilotsuz uçuş aparatları, hava hücumuna qarşı sistemlər və daha çoxu təqdim olunacaq.
Ənənəvi olaraq sərgidə xarici nümayəndə heyətlərinin səfərləri nəzərdə tutulub. Belə ki, dünyanın 20-dən çox ölkəsi bu ölkələrin hərbi idarələrinin nümayəndələrinin başçılığı ilə ADEX 2022 sərgisinə öz nümayəndə heyətlərini göndərib. Bu siyahıya ilk dəfə rəsmi nümayəndə heyətləri ilə qatılan ölkələr daxildir. Bunlar Mərakeş, Nigeriya, Ruandadır. Beynəlxalq nümayəndə heyətləri və şirkətlər tərəfindən ADEX sərgisinə göstərilən böyük maraq Azərbaycanın mühüm strateji tərəfdaş kimi yüksək rolunu və əhəmiyyətini bir daha təsdiqləyir. Sərgidə ümumilikdə 59 nümayəndə heyəti iştirak edir.
ADEX sərgisində müasir silah növlərinin genişmiqyaslı nümayişi hərbi-texniki sahədə yerli və xarici ekspertlər arasında konstruktiv ünsiyyətə, təcrübə mübadiləsinə, səmərəli əlaqələrin qurulmasına şərait yaradacaq. 
“ADEX” ilə paralel olaraq, hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirəcək 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçiriləcək. Qeyd olunan sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunur.
“Securex Caspian” sərgisi əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verəcək və dövlətin, cəmiyyətin, vətəndaşların daxili təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq olunan problemlərin həllinə kömək edəcək. 
“Securex Caspian” sərgisində siqnalizasiya və əhalini xəbərdaretmə vasitələri, kriminalistik optik alətlər, qəza-xilasetmə vasitə və avadanlıqları, yanğın təhlükəsizliyi avadanlığı və s. bölmələr təqdim olunacaq.
“ADEX” və “Securex Caspian” sərgiləri üçün geniş işgüzar proqram hazırlanıb. Sərgilərin keçiriləcəyi üç gün ərzində Azərbaycanın işğal olunmuş ərazilərinin minalardan təmizlənməsi mövzusunda; pilotsuz sitemlərinin inkişaf perspektivləri və tətbiq sahələri üzrə; müasir silah sistemləri, sursatlar və onların təyinatı; zirehli döyüş nəqliyyat vasitələrinin müasir döyüş mühitində rolu və başqa aktual mövzular üzrə sessiyalar keçiriləcək. Həmçinin sərgi çərçivəsində startapların təqdimatları nəzərdə tutulub. Bundan başqa, sərgi iştirakçıları ilə beynəlxalq heyətlərin, həmçinin Azərbaycanın müvafiq qurumlarının nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək. Sərginin proqramı ilə www.adex.az/ rəsmi internet saytında tanış olmaq olar.
Beləliklə, “ADEX” sərgisi beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində ən müasir silahların nümayişi və yeni müqavilələrin bağlanması üçün əla platformaya çevriləcək. 
Sərgilərin tərəfdaşları arasında rəsmi “Hilton Baku” və “Hayat Regency” mehmanxanaları, rəsmi səyahət agentliyi “Greenwich Travel Club”, stend quraşdırma üzrə tərəfdaş “AzExpoMontage”, yüklərin çatdırılma tərəfdaşı – “Caspian Freight Services”, baş TV tərəfdaş – “CBC” yer alır.
Şirkətlərin inkişafı ilə bağlı xəbərləri, ixtiraçı və mütəxəssislərlə müsahibələri “Daily News” qəzetinin xüsusi buraxılışından, eləcə də sərgilərin www.adex.az www.securexcaspian.az rəsmi internet saytlarından və sosial şəbəkələrdən tanış olmaq olar.
 
 
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020