Yeni həyat -90- Akif Ağayev (AZ-press.AZ) +FOTO

“Yeni həyat”-90- Akif Ağayev (AZ-press.AZ) +FOTO

“Yeni həyat”-90- Akif Ağayev (AZ-press.AZ)

 

    Görüş yeri 

                              Masallı şəhəri, Heydər Əliyev prospekti-99

 

Neçə aydır ki, redaksiyamız doğma Masallıdan kənarda yaşayıb yaradan ziyalılarımızdan, tanınmış mədəniyyət və incəsənət xadimlərindən, elinə, obasına sadiq qədirbilən eloğlularımızdan yubiley münasibətilə ürək dolu təbrik teleqramları, artıq xoş xatirəyə çevrilən redaksiyanın unudulmaz anlarını yaşadan, əks etdirən məktublar, fotoşəkillər, xoş ovqatlı  açıqçalar... almaqdadır. Redaksiyamızı öz doğma ocağı bilib gələn, biri-birindən hörmətli qonaqların ardı-arası kəsilmir. Bu gün ərklə qapımızı açan, hələ də yaddaşlarda “Ocaq” televiziya verilişinin ssenaristi və aparıcısı kimi qalan, Respublikanın Əməkdar jurnalisti Zakir Abbas oldu.

“Yeni həyat” qəzetinin redaktoru Əlihüseyn Şükürov, təqdimatına çox da ehtiyac olmayan qonağı görüş iştirakçılarına təqdim etdi.

 

Zakir Abbas Masallıda doğulub.  1966-cı ildə N. Nərimanov adına 2 saylı orta məktəbi bitirib. 1974-cü ildə M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb. Sankt-Peterburq (keçmiş Leninqrad ş.) şəhərindəki İkiillik Ali Jurnalistika kursunun müdavimi olaraq əmək fəaliyyətinə başlayıb. Respublika Mədəniyyət Nazirliyində və  Azərbaycan  Dövlət Televiziya Şirkətində  uzun illər fəaliyyət göstərib. “Məqam” və “Liqa” qəzetlərinin təsisçisi və Baş redaktoru olub. Azərbaycan Demokratik Jurnalistər Liqasının (ADJL)  həmtəsisçisi və katibi, Azərbaycan Yazıçılar Birliyinin, Respublika Mətbuat Şurasının, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimidir. “Kənar adam” bədii publisistik kitabın, bir çox tamaşaların, televiziya və radio verilişlərinin ssenari müəllifi, onlarla rus, avropa və dünya ədəbiyyatının yazıçı və dramaturqlarının roman, povest, pyeslərinin dilimizə tərcüməçisidir.  

 

Zakir Abbas öncə redaksiyanın kollektivini və jurnalistləri “Yeni həyat” qəzetinin 90 illik yubileyi münasibətilə təbrik edərək rayon qəzetinin keçdiyi tarixi yola nəzər saldı. Qəzetin cəmiyyətə təsir metodlarından, Masallı rayonunun ədəbi-bədii, ictimai-siyasi mühitinin formalaşmasında danılmaz xidmətindən, “Yeni həyat”ın peşəkarlıq səviyyəsindən danışaraq onun inkişaf etdirilməsini,  mövcud tələblərin öhdəsindən gəlmək üçün yeni yaradıcı metodlardan bacarıqla istifadə edilməsini arzuladı.

“Yeni həyat” qəzetinin redaktoru Əlihüseyn Şükürov, məsul katibi Həsənağa Əliyev, baş ədəbi işçisi Akif Ağayev təmsil etdikləri media qurumunun fəaliyyəti barədə məlumat verərək qəzetçilik ənənələrinə sadiq qaldıqlarını, çap və elektron mediada aktual yazılarla oxucuların rəğbətini qazanmağa çalışdıqlarını vurğuladılar.

Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Şahin Səmədli və Asif Abbaszadə  bildirdilər ki, rayonun müasir inkişafı, insanların sosial həyatındakı müsbət dəyişikliklər və s. aktual mövzuları bu gün də 90 yaşlı, lakin həmişəcavan “Yeni həyat” qəzeti öz səhifələrində maraqlı yazılarla ictimaiyyətə çatdırır, öz şərəfli yolunu uğurla davam etdirir.

 

Görüş zamanı region mətbuatının bugünkü problemləri ilə bağlı fikir mübadiləsi aparıldı və səmərəli təkliflər irəli sürüldü.

 

Akif VAQİFOĞLU.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020