İSTEDADLA ŞƏXSİYYƏT BİRLƏŞƏNDƏ... +FOTO=7
Bu xəbəri paylaş
İSTEDADLA ŞƏXSİYYƏT BİRLƏŞƏNDƏ...
İstedadlı rejissor, gözəl xanım, sədaqətli dost Əməkdar artist Laləzar xanım Hüseynovaya həsr olunur
Dünyamız nə qədər ağır psixofizioloji yüklə yüklənsə də, yenə də ədəbiyyat və incəsənət xalqı tarixdə yaşadan, onu dünyaya tanıdan qadir sənət növü kimi diqqət mərkəzindədir. Onun fədakar nümayəndələrindən biri – Dağıstan Respublikasının Əməkdar Artisti, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Salyan Dövlət Kukla Teatrının direktoru Laləzar xanım Hüseynovadır. İstedadına, yüksək mədəniyyətinə, sənətdə təmənnasızlığına yüksək dəyər verdiyim Laləzar xanım mənim üçün teatr tarixini yazan görkəmli şəxsiyyətlərdən biridir.
Proloq
Ədəbi-dram hissə rəhbəri olduğum Gənc Tamaşaçılar Teatrına 2009-cu ildə bir xanım gəldi. Məlum oldu ki, Dərbənd Dövlət Dram Teatrının baş rejissoru Laləzar xanım Hüseynovadır. Direktorun, həm də Laləzar xanımın xahişi ilə teatrın qovluğunda olan hələ tamaşaya qoyulmamış əsərləri təqdim etməli idim. O, əsərlərə baxıb, xeyli düşündü. Dedi ki, Şuşa Teatrında bir tamaşaya baxdım... Laləzar xanım həmin tamaşanın məzmununu danışdı. Başa düşdüm ki, o, Şuşa Dövlət Dram Teatrında hazırladığım - müəllifi və quruluşçu rejissoru olduğum “Sevgi nağılı”dan bəhs edir.
-Neynirsiniz onu?-deyə soruşdum.
-Çox xoşuma gəlib,-dedi.- Onu hazırlamaq istəyirəm.
-Axı, mən sizə maraqlı əsərlər təklif etdim?
-Yox, mən o əsəri istəyirəm.
-O, əsərin müəllifi də, rejissoru da mənəm.
-Doğrudan? Çox xahiş edirəm, o əsəri mənə verin.
-Belə çıxa bilər ki, başqa müəlliflərdən əsər seçməyəsiniz deyə, biz özümüzü qabağa salmışıq?
-Onun cavabı məndə.
Laləzar xanım dediyi kimi “Azərbaycan” qəzetinin 14 aprel 2010-cu il sayında “Dərbənd Azərbaycan Dram Teatrı yenidən Bakıda” materialında bunu etiraf edir.
Gözlənilməz qastrol
Bir neçə aydan sonra teatr Bakıya mənim tamaşamla qastrola gəldi. Düzü, təəccüb qaldım: axı, qısa bir vaxtda iki hissəli mürəkkəb psixoloji dramı necə hazırlamaq olar? Tamaşaya baxandan sonra Laləzar xanımın səhnə sənətinə, hər şeydən öncə isə insanlığa olan dərin sevgisini, həm də böyük istedadını gördüm.
“Sönmüş talelər” pyesi, adından göründüyü kimi, artıq məhv olmuş insanların həyatından bəhs edir. Bir qrup narkoman təkcə özlərini deyil, ətrafındakıları da zəhərləryib, məhvə sürükləyirlər. Onların arasında bir-birini saf məhəbbətlə sevən təzə evlənmiş iki gənc var: Gündüz və Aysel. Ayselin evdə tənhalığını görən qaynı (sonradan bəlli olur ki, bu, əsl-həqiqətdə Ayselin qaynı, Gündüzün qardaşı deyil, narkotik alverçisi Güləfruzun qeyri-qanuni dünyaya gətirdiyi uşaqdır, lakin bu ailədə böyüyüb) ona uyuşdurucu verib zorlayır. Bütün faciə də bununla başlanır. Evlər, ailələr dağılır. Nəticədə, narkoman dəstəsindəkilər axırda bir-birini öldürürlər. İdeyaca maarifləndirici bir xətti olan bu tamaşanın həm də ötürmə missiyası bundan ibarətdir ki, “ağ ölüm” bəşəriyyəti məhvə aparır, biz də ona “Yox!” deyirik. Bunu dərindən duyan quruluşçu rejissor məhz bu xətti tamaşanın fabulasında önə çəkmişdi.
Laləzar xanım çox maraqlı bir final düşünmüşdü: monitorlarda norkotikdən əzab çəkən, ciyəri parçalanıb tökülən qızlar və oğlanlar sənədli kadrlarla göstərilir. Eyni zamanda, bəyaz geyimlilərin müşayiəti ilə səhnəyə bir neçə tabut gətirilir. Bədii köməkçi vasitə kimi tamaşanın musiqi dramaturgiyası bu görüntüləri elə qüvvətləndirir ki, tamaşaçı ruhu sarsılır.
Şuşa Dövlət Musiqili Dram Teatrında bu tamaşaya quruluş verəndə həsrət ağrısını əks etdirmək üçün bir mahnı yazdım, sözləri də mənim idi. Laləzar xanım bu mahnını duetə çevirib onu Dərbənd Teatrının iki aktyorunun ifasında səsləndirirdi. Əvvəla onu deyim ki, aktyorlar – Əliyar Hüseynov (Dağıstan Respublikasının Əməkdar artisti) və Kəmalə Rzayeva musiqinin lirizmini duyub mahnını çox yaxşı ifa edirdilər. İkincisi, Laləzar xanım bu mahnını iki sevgilinin həsrət etüdü ilə səsləndirirdi. Bu da istər-istəməz tamaşaçıya təsir edir, qəlbinə kövrər notlar səpirdi.
Zaman keçdi. Laləzar Xanım Qusar Dövlət Ləzgi Dram Teatrına baş rejissor təyin edildi. Bir gün məni rayona ictimai baxışa dəvət etdilər. Bu, mənimçün əsl sürpriz oldu. Demə, “Sönmüş talelər” burada da hazırlanıb. Ləzgi teatrının aktyorları Laləzar Hüseynovanın quruluşunda öz aktyorluq missiyalarını məharətlə yerinə yetirdilər və bu tamaşanı ilhamla, həvəslə oynadılar. Aktyorların hər biri məni görmək istəyirdi. Görüşdük, mən onlardan razı qaldım, onlar da məndən.
Tamaşanın digər ciddi məziyyətləri
Psixofizioloji gərginliklə yüklənmiş obrazların daxili dünyasını duyub, onları ötürmə missiyasına çevirmək üçün rejissor özünəməxsus fərdi təcəssüm fəndgirliyindən istifadə etmişdi. Məsələn: qurumuş ağac dibində oturmuş mənfi obraz olan Zülfü talesizliyini danışır; var-dövlət içində yaşayan Aysel isə son dərəcə bədbəxt taleyini yaşayır; Gündüz ata yurdundan gedəcəyi təqdirdə gah evin bağında, gah da pillələr üstündə oturub düşünür. O da bu quru ağacın ətrafında baş verir. Yəni məkan və mizan ideyaaçıqlayıcı funksiyaya çevrilir.
Ayselin həsrətini göstərmək üçün rejissor gülü personaja çevirir. Gündüz sanki Ayselin ətrini o güldən alır. Bunun üçün rejissor həsrət mahnısından istifadə edib. Aysel isə boynubükülü tərzdə yalnız müşahidə edir.
Proses üçün rejissor səhnə üçbucağı yaradıb. Mən bu üçbucaqdan çox ciddi şəkildə istifadə etmişdim. Çox təəssüf ki, özünü “teatral” sayanlar bunu görmədilər, başa düşmədilər. Saf məhəbbətlə sevənlər, narkotik yayıcıları, narkomanlar onu təkcə fiziki elementlərlə deyil, həm də əqli-şüuri imkanlarla ötürməyə çalışdılar. Bu məqamı anlamaqla tamaşanın mahiyyəti açıqlanardı. Çox təəssüf! Laləzar xanımın quruluşundakı təxəyyül və təfəkkür məqamları parlaq şəkildə gözlərə toxunurdu. Düzdü, Laləzar xanımın da quruluşunda bəzi məqamları anlamayanlar oldu. Məsələn, qurumuş ağacın səhnəyə qoyulması məsələsi. Əvvəla, quru ağac bu tamaşanın adına və onun ideyasına bir rəmz idi. Axı, sönmüş taleləri başqa nə cür göstərmək olardı? İkincisi, elə məhz sönmüş taleli gənclərin həyatı bu ağacın ətrafında sona çatır. Üçüncüsü, narkomanlardan bəzisi onun yanından bu dünyaya həsrət gözləri ilə baxırlar. Belə parlaq rəmzlər, əlbəttə, ağlın və rejissor təfəkkürünün təcəssümüdür. Var olun, Laləzar xanım!
Təşəkkür
Bakıya ilk qastrolda teatrın rəhbərliyi mənə təşəkkür məktubu və Dərbəndin əksi olan bir panno hədiyyə etdi...
Dərbənd Dövlət Dram Teatrı eyni tamaşa ilə ikinci dəfə qastrola gəldi. Birinci dəfə olduğu kimi, yenə də tamaşa bütün bölgələrdə, eyni zamanda, Rus Dram Teatrında oynanıldı, yenə də eyni uğur, eyni müvəffəqiyyətlə. Mənim tamaşamdır deyə demirəm, ümumiyyətlə, tamaşaçılar bu tamaşanı çox yaxşı qəbul edirdilər. Bu tamaşa Dərbənd şəhərində də, hər bir bölgədə də səsə səbəb olmuşdu. Bütün bu uğurların başında bir nəfərin yüksək əməyi vardı: Laləzar xanım Hüseynovanın.
Bayram axşamında gözlənilməz zəng
Hər bayramda biz həm Laləzar xanımla, həm də Ləzgi Dövlət Dram Teatrının direktoru Faiq Qardaşovla bir-birimizi təbrik edirik. Belə bayramların birində Laləzar xanım dedi ki, “Oğul oğul olsa...” komediyanı ləzgi dilinə tərcümə etmişik, yaxın günlərdə premyerası olacaq. Bəli, bu tamaşa çox nəhəg bir afişa və kollektivin istedadlı aktyorların ifasında maraqlı bir səhnə oyunu ilə tamaşaçıların qarşısına çıxdı. Tamaşaçılar da yaxşı qarşıladılar. Deyim ki, bu tamaşanın quruluşçu rejissoru Fəxri mədəniyyət işçisi Yalçın Qaraxanov komediyanın dramatizmini tapmış və maraqlı təcəssüm etmişdi. Qusar teatrı məni Laləzar xanıma görə tanımışdı, bir neçə əsərim də bu xanımda idi. Deməli, Laləzar xanımda sənət qısqanclığı yoxdur. O, böyük teatr ideyası ilə sənətin inkişafı və sabahı üçün çalışır. Mənim əsərlərimə quruluş verməsə belə, belə nadir xislətli xanımı tanıdığıma görə çox şadam.
Bir fakt da mənim üçün könül açan oldu. Mən teatrda qonaq olarkən bir neçə rejissor, aktyor mənə yaxınlaşdı, yeni əsərlərimi istədilər. Dedim: “Bir müəllifin bir teatrda neçə əsəri qoyula bilər?” Dedilər: “Neyniyək ki, siz yaxşı yazırsınız. Bizə sizin kimi dramaturq lazımdır.” Dedim: “Ehtiyat etmirsinizmi, sabah sual oluna bilər ki, niyə məhz Rafiq Rəhimli?” Dedilər ki, onun cavabını biz verərik. “Axı, məndə başqa müəlliflərin çox gözəl əsərləri var. Onları verim, hazırlayın...” Çəkilib getdilər. Elə düşündülər ki, mən Laləzar xanımdan başqa bir kimsəyə pyes vermək istəmirəm. Əslində isə mən dostlarımın da əsərlərinin tamaşaya qoyulmasını istəyirəm. Bəzisinə həmin müəlliflərin əsərlərini təqdim elədim, lakin səs-soraq çıxmadı. Zaman keçəndən sonra bildirdilər ki, bizə bu gün üçün çox aktual olan mövzular lazımdır, o da sizdə var.
2019-cu ilin dekabr ayında Teatr Xadimləri İttifaqının keçirdiyi “2+1 Eksperimental Tamaşalar Festivalı”nda iştirak etmək üçün yaradıcılıq axtarışında olan Laləzar xanım mənə müraciət etdi: “Üç nəfər iştirakçısı olan bir pyes istəyirəm. Bəlkə sizdə olar?” Məhz üç nəfər iştirakçısı olan “Üç gün, üç gecə” psixoloji dramı Laləzar xanıma göndərdim. Pyesi bəyənəndən sonra zəng vurub xahiş etdi ki, final monoloqu yazım. Bir ay sonra festival başlananda dəvətnamə açıqcasında mənim tamaşamın da oynanılacağı bəlli odu. Baxdım. Laləzar xanım, bir rejissor kimi, yenə də məni bütün ruhumla duymuş, əsərin sətaltı maarifləndirmə xəttinə diqqət etmiş, onun ideyasını aça bilmişdi. Rejissor bütün vacib səhnə funksiyasını aktyorların qanına, canına hopdura bilmişdi. Bu baxımdan, tamaşa yaxşı rejissor işinə və aktual sosial mövzu nominasiyalarında laureat diplomuna layiq görüldü. Əlbəttə, burada biz aktyorların əməyini unuda bilmərik. Çünki vacib səhnə funksiyasını yaşayan, dramatrqun da, rejissorun da fikirlərini tamaşaçılara çatdıran aktyorlardır. Bəli, tamaşanın iştirakçısı olan aktyorlar Lalə Qurbanova (Gövhər), Namik Mustafayev (Kərim) və Kəmalə Qasımova (Bəyim) öz qadir səhnə funksiyalarını dəyərincə, həm də böyük istedadla yerinə yetirdilər. Nəticədə, bu birgə yaradıcılıq işimiz də müvəffəqiyyətlə başa çatdı. Lakin məni bir sual düşündürdü: “Niyə Teatr Xadimləri İttifaqı təltiflərdə dramaturqların adlarını qeyd eləmir?” Bu sualıma cavab verən tapılmadı. Aydın məsələdir ki, bu festival aktyor, rejissor işinə görə keçirilir. Lakin bu, o demək deyildir ki, təltiflərin heç birində heç olmasa, mötərizədə dramaturqun adı yazılmalıdır!!!
Əməkdaşlığımız davam edir
Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Faiq Qardaşov da, bu gün Salyan Dövlət Kukla Teatrının direktoru – mənim hörmətli rejissorum Laləzar xanım Hüseynova da mütamadi olaraq bizimlə əlaqə saxlayır, onların çalışdıqları səhnənin yolunun bizim üçün açıq olduğunu bildirirlər.
Qeyri-təvazökarlıq olsa da, sizə bir mətni təqdim etmək istəyirəm: “Azad Azərbaycan” qəzetinin 21 dekabr 2019-cu il il sayında dərc olunmuş “Üç gün, üç gecə” materialında Laləzar xanım qeyd edir: “... Bu tamaşaya görə bizim teatra iki diplom verildi, həm də ən yaxşı dörd tamaşa siyahısına düşdü. Bu pyesi də Rafiq Rəhimli bizim teatr üçün yazıb. Biz Rafiq Rəhimli ilə bundan əvvəl mən Dağıstan Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru işlədiyim illərdə də bir neçə tamaşa işləmişik. Rafiq Rəhimli çox maraqlı və müasir həyatı dərindən başa düşən dramaturqlardan biridir. Amma bilmirəm nə üçünsə Bakı teatrları belə maraqlı, çox istedadlı dramaturqa az müraciət edir. Belə dramaturqlar bu gün teatrlarımıza çox lazımdır. Çünki onun yaradıcılığı çoxşaxəlidir.” Belə yüksək dəyər verdiyinə görə Laləzar xanıma çox minnətdaram.
Bəli, mən də sual verirəm:
-Niyə mən yox?
Sözsüz ki, bu sualın cavabı məndə deyil.
Laləzar xanım istedadlı rejissor, insanlara, sənətə, sənətkarlara yüksək dəyər verən şəxsiyyət, sədaqətli dost, həm də çox yüksək mədəniyyətə malik bir xanımdır.
“İLHAM ƏTİRLİ ZƏFƏR”
Bu gün Ləzgi Dövlət Dram Teatrının cari repertuarında bizim dörd tamaşamız var: “Sönmüş talelər”, “Oğul oğul olsa”, “Üç gün, üç gecə” və “İlham ətirli zəfər”. Laləzar xanıma çox minnətdaram ki, belə bir gözəl kollektivi, rəhbəri olan bir teatra mənim üçün qapı açdı. Teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi Faiq Qardaşova da dərin minnətdarlığımı bildirirəm ki, gözəl kollektivi ilə birgə məni də, yaradıcılığımı da çox gözəl qarşıladı.
Ən böyük təşəkkürümü isə “İlham ətirli zəfər” tamaşama görə etmək istəyirəm. Çünki Vətən müharibəsindən dərhal sonra teatr məndən bu mövzuda əsər istədi. Pyes, adından da göründüyü ki, Ali Baş Komandanımızın müdrik siyasətindən və sərkərdəlik bacarığından, ona inanıb döyüş meydanına atılan gənclərimizin fədakarlığından, Şəhidlərimizdən, ümumilikdə tarixi qələbəmizdən bəhs edir. Tamaşanın Ölkə Prezidenti cənab İlham Əliyevin ad günündə oynanılması ilə mənə sanki bir Dövlət mükafatı verdilər. Belə bir tarixi gün üçün tamaşaçılarımıza bundan yaxşı hədiyyə ola bilməzdi. Bu qədirbilən teatra mənə təmənnasız yol açan, Əməkdar artist Laləzar xanım Hüseynovaya, bütün söhbətlərində haqqımda yüksək fikirlər söyləyən Faiq Qardaşova dərin təşəkkürümü bildirirəm. Salyan Dövlət Kukla Teatrı da, Qusar Dövlət Ləzgi Dram Teatrı da bir gün onun tarixində Laləzar xanım, Faiq müəllim kimi ustadların adlarının olduğuna görə fəxr edəcək. İnsanlıqla istedad birləşəndə saf sənət və sənət dostluğu yaranır! Bundan isə yalnız teatr sənəti qazanır.
Rafiq Rəhimli, yazıçı-dramaturq
Əməkdar Mədəniyyət İşçisi,
“Qızıl kitab” mükafatı laureatı
Rafiq Rəhimlinin “Sönmüş talelər” tamaşasından. Dərbənd Dövlət Azərbaycan Dram Teatrı
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)






