Professor Elvan Özkavruk “NUR Art House” qalereyasında “Tekstil sənətində seçilmiş əsərlər” adlı sərgi açılacaq +FOTO
Bu xəbəri paylaş
Professor Elvan Özkavruk “NUR Art House” qalereyasında “Tekstil sənətində seçilmiş əsərlər” adlı sərgi açılacaq
16-19 sentyabr tarixlərində “NUR Art House” qalereyasında İzmir İqtisadiyyat Universitetinin İncəsənət və Dizayn Fakültəsinin Tekstil və Moda Dizaynı kafedrasının müdiri, fəlsəfə doktoru, professor Elvan Özkavruk Adanırın əsərlərindən ibarət “Tekstil sənətində seçilmiş əsərlər” adlı sərgi keçiriləcək.
Tanınmış sənətçi və tədqiqatçı Elvan Özkavruk Adanır tekstilin gündəlik həyatda böyük əhəmiyyət kəsb etdiyi Türkiyədə yaşayıb, yaradır. Qitələrin kəsişməsində, mədəni müxtəliflikdən qaynaqlanaraq heterogen elementlər toplusuna çevrilən zəngin mədəniyyətə malik qardaş ölkədən dünyaya səslənən sənətkar əsərlərini müxtəlif üsullardan istifadə etməklə tamaşaçıya çatdırır. Rəqəmsal çap, ekran çapı, tikmə, toxuculuq, keçə istehsalı və s. üsullarla özünü ifadə edir. Sənətkar yaradıcılığında multikultural ənənələr vasitəsilə bəşəriyyəti narahat edən uşaq istismarı, qadınlara və uşaqlara qarşı fiziki və cinsi zorakılıq, erkən nikahlar kimi problemlərə diqqət çəkməyə çalışır.
Sənətkarın yaradlcılığının ana xəttini vətəninin multikultural mahiyyətinin nümayişi, ənənəvi tekstil texnikalarının müasir şərhinin təqdimatı təşkil edir.
Qeyd edək ki, Elvan Özkavruk Adanır Ege Universiteti Mühəndislik kakültəsini Tekstil mühəndisliyi ixtisası üzrə bitirib. “Dokuz Eylül” Universitetinin Sosial Elmlər İnstitutunda 1992-ci ildə magistr dərəcəsini, 1997-ci ildə İncəsənətdə Yetərlilik dərəcəsini alıb. 1999-cu ildə fəlsəfə doktoru, 2002-ci ildə dosent, 2008-ci ildə professor olub. Ərsəyə gətirdiyi bir çox kitabdan əlavə, kitab bölmələri və məqalələr dərc etdirib, bir çox beynəlxalq biennale və sərgilərdə iştirak edib. 2011-ci ildən İzmir İqtisadiyyat Universitetinin İncəsənət və Dizayn Fakültəsinin Tekstil və Moda Dizaynı kafedrasının müdiri vəzifəsində çalışır.
“Tekstil sənətində seçilmiş əsərlər” adlı sərgi sentyabrın 16-sı saat 19:00-da İçərişəhər, Qəsr küçəsi 27 ünvanında yerləşən “NUR Art House” qalereyasında açılacaq və tamaşaçılar bu sənət incilərini sentyabrın 19-na kimi ziyarət edə biləcəklər.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
