COĞRAFİYAÇI ALİMLƏR OZON TƏBƏQƏSİ İLƏ BAĞLI FİKİRLƏRİNİ BÖLÜŞÜBLƏR
Bu xəbəri paylaş
COĞRAFİYAÇI ALİMLƏR OZON TƏBƏQƏSİ İLƏ BAĞLI FİKİRLƏRİNİ BÖLÜŞÜBLƏR
Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun alimləri Beynəlxalq Ozon Qatının Qorunması Günü münasibətilə kütləvi informasiya vasitələrinə müsahibə veriblər.
“Azərbaycan” qəzetinə verdiyi müsahibəsində ozon təbəqəsinin Yer kürəsi üçün əhəmiyyətindən danışan Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, əgər ozon təbəqəsi olmasaydı, yüksək tezlikli şüalanma, o cümlədən ultrabənövşəyi şüalar canlıların yaşaması üçün mümkün olmayan şərait yaradardı. Ozonun əsas xüsusiyyəti ultrabənövşəyi şüaları udması və yer səthinə gəlməsinə imkan verməməsidir. Freon qazından soyuducu, kondisionerlərdə geniş istifadə olunur. Lakin onun tərkibindəki ftor və xlor atmosferə atılanda ozon təbəqəsinin zəifləməsi ilə nəticələnir. Təkcə freon qazı deyil, 12-13 kilometr yüksəklikdə uçan təyyarələrin buraxdığı qazlar, süni peykləri orbitə çıxarmaq üçün buraxılan raketlər, atmosferdə karbon qazının artması da ozon təbəqəsinin zəifləməsinə səbəb olur.
Xüsusən yay aylarında qazların konsentrasiyasının çox olduğu yerlər insan orqanizmi üçün son dərəcə ziyanlıdır. Bu qazlar insanın ağciyərini məhv edir. Bu sahədə hazırlanan müxtəlif protokolları qəbul edən ölkələrin üzərinə zərərli maddələrin atmosferə atılmasının qarşısının alınması ilə bağlı öhdəliklər qoyulub ki, Azərbaycan da bu sənədlərə qoşulub və bu istiqamətdə tədbirlər görür.
İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev "Azərtac"a verdiyi müsahibəsində ozon təbəqəsinin nazikləşməsində insanın getdikcə inkişaf edən təsərrüfat fəaliyyətinin rolunu xüsusi qeyd edib. Xlorftorkarbon birləşmələrinin ucuz və effektli olması, guya digər maddələrlə reaksiyaya girməməsi onun sənayedə geniş tətbiqinə səbəb oldu. Sonrakı tədqiqatlar göstərdi ki, bu maddələr atmosferdə toplanır, digər maddələrlə reaksiyaya girir və ozon təbəqəsini dağıdan maddələr yaradır. Ozon təbəqəsinin dağılmasına səbəb olan təhlükəli freon qazları 70-100 il atmosferdə qala bilir.
Alimin sözlərinə görə 1987-ci ildə 200-dən artıq ölkə Monreal Protokolunu imzaladı. Bu Protokola görə, xlorftorkarbonlu birləşmələrdən istifadə qadağan olundu. Lakin bu sənədin qəbul edilməsinə baxmayaraq, tam nəticə əldə edilmədi. Ölkələr soyuducularda stratosferi dağıtmayan digər maddələrdən istifadə etməyə başladılar, amma bu maddələr qlobal istiləşməyə səbəb oldu. 2016-cı ildə Monreal Protokoluna Kiqali düzəlişi əlavə edildi. Bunun nəticəsində ozon qatını xilas etmək mümkün oldu. Xlorftorkarbonun istifadəsi 1980-ci ilə nisbətən hazırkı dövrə qədər 5 dəfə azaldı.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)