Şahın oğlu İrandakı aksiyaları dəstəklədi
Bu xəbəri paylaş
Şahın oğlu İrandakı aksiyaları dəstəklədi
1979-cu ildə devrilmiş şah Məhəmmədrza Pəhləvinin mühacirətdə yaşayan oğlu Rza Kir Pəhləvi son günlər İranda vüsət alan etiraz aksiyalarını dəstəkləyərək, xalqa müraciət edib.
Müraciətini sosial şəbəkələrdə paylaşan Rza Pəhləvi hazırkı aksiyaları 2017-ci ilin oktyabr ayından bəri ən geniş yayılmış etiraz dalğası kimi qiymətləndirib.
“Bu etirazları fərqləndirən cəhət qadınların cəsarət nümayiş etdirərərk, "qadın, həyat, azadlıq!" deyə qışqıran liberal kişilərə dəstək və həmrəy olmasıdır. Zəkanızla, möhkəmliyiniz və cəsarətinizlə fəxr edirəm. Siz gələcəyinizi qurmağa qərar vermisiniz”.
Rza Pəhləvi siyasi və sivil qüvvələri, sənətçiləri və idmançıları, tələbələr və müəllimləri, fəhlələr və təqaüdçüləri xalq etirazlarına dəstək olmağa çağırıb. O, etirazların ağıllı şəkildə koordinasiya edilməsinin vacibliyini vurğulayıb və bildirib ki, koordinasiya edilməyən aksiyalar məhvə məhkumdur.
“Etirazların və tətillərin daha əhatəli davam etdirilməsi qələbənin açarıdır”, - deyə şahın oğlu qeyd edib.
Rza Pəhləvi İran hakimiyyətinin məmurlarını xalqın tələblərilə razılaşmağa çağırıb: “Bilin ki, xalqın iradəsinə təslim olmaqdan başqa sonunuz yoxdur. Nə qədər ki, imkan var, xalqın açıq qucaqlarına qoşulmaq sizin xeyrinizədir”.
Qeyd edək ki, sentyabrın 16-da Tehranda hicab qaydalarına əməl etmədiyinə görə polis tərəfindən saxlanıldıqdan sonra döyülən və komaya düşərək həyatını itirən 22 yaşlı Mehsa Əmin adlı qızın ölümü ölkəni etiraz aksiyalara bürüyüb.
Devrilmiş şah Məhəmmədrza Pəhləvi 16 sentyabr 1941-ci ildən 11 fevral 1979-cu il tarixinədək İranda şahənşah olub. 1979-cu ildə İranda şahənşahlıq ləğv olunub, inqilab nəticəsində şah hakimiyyəti devrilib və İran İslam Respublikası elan edilib.
Nəticədə vətənini tərk edərək mühacirətə yollanan şah 27 iyul 1980-ci ildə 60 yaşında Misirin paytaxtı Qahirədə xərçəngdən ölüb.
Şahın ölümündən sonra arvadı Fərəh Pəhləvi və ailəsi Misiri tərk edərək, ABŞ-ın dövlət başçısı Reyqanın dəvəti ilə okeanın o tayına yollanıb.
Bu gün şahbanu Fərəh Pəhləvi Vaşinqtonda yaşayır. Böyük oğlu Rza Pəhləvi də ailəsi ilə bərabər Vaşinqtondadır. İran mühacirlərinin bir hissəsi onu "şah" adlandırır. Atasının vəfatından sonra Rza Kir Pəhləvi varis kimi bu titulu götürüb.
Pəhləvilər ailəsi hazırda İranda "arzuolunmaz ailə" statusunu daşıyır.modern.az
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)