Masallılı iş adamından növbəti xeyirxah addım Akif Ağayev (AZ-press.AZ) +FOTO=4
Bu xəbəri paylaş
Masallılı iş adamından növbəti xeyirxah addım Akif Ağayev (AZ-press.AZ) +FOTO=4
Ölkəmizin hər yerində olduğu kimi Masallıda da, rayon icra hakimiyyətinin təşəbbüsü, sahibkarlar və xeyirxah insanların dəstəyilə imkansız və şəhid ailələrinə, müharibə əlillərinə müxtəlif sosial yönümlü layihələr çərçivəsində köməklik göstərilir, yardımlar edilir.
Masallılı iş adamı növbəti xeyriyyə missiyasını gerçəkləşdirib. Birinci Yeddioymaq kəndindən, sahibkarlıqla məşğul olan Vüsal Salayev tərəfindən Vətən müharibəsinin ilk masallılı şəhidi Zaur Vaqif oğlu Hüseynovun Hişkədərə kəndində ailəsinin yaşadığı evi təmir olunub.
Şəhidin atası Vaqif Hüseynov, anası Vəfa Eynullayeva, həyat yoldaşı Aytel Hüseynova görülən işlərə görə rayon rəhbərliyinə, iş adamına minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, 2020-ci ilin 27 sentyabrından, İkinci Qarabağ müharibəsi başlayandan Milli Ordumuza dəstək aksiyalarına səfərbər olan hər bir azərbaycanlı kimi Vüsal Adna oğlu Salayev də bu nəcib aksiyalara qoşulub. Onun yaxından iştirakı ilə orduya texniki avadanlıqlar və digər lazımi ləvazimatlar göndərilib. Pandemiya və Vətən müharibəsi dövründə iş adamının köməyilə imkansız ailələrə, eləcə də əsgər ailələrinə istər maddi, istərsə də ərzaqla yardım kampaniyaları keçirilib.
Bu ənənə bu gün də davam edir. Əlamətdar gün və bayramlar öncəsi şəhid ailələrinə baş çəkilir, onların sosial vəziyyətləri öyrənilir və ehtiyacı olanlara dəstək göstərilir.
Məlumat üçün bildirək ki, Zaur Vaqif oğlu Hüseynov 24 iyun 1995-ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. Kənd tam orta məktəbinin 9-cu sinfini, C.Naxçıvanski adına hərbi liseyini, Hərbi Akademiyanı bitirib “N” saylı hərbi hissədə xidmətə başlayıb.
Sentyabrın 27-də səhər saatlarında Ermənistan yaraqlıları Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdərə istiqamətlərində Azərbaycan ordusunun mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı təxribatlara yol açmışlar. Azərbaycan silahlı qüvvələri təxribatın qarşısını almaq üçün əks-hücumla düşmənə ağır zərbələr endiriblər. İgid zabitimiz idarə etdiyi BMP-si ilə düşmənin bir neçə müdafiə istehkamını məhv edib. Füzuli istiqamətində gedən şiddətli döyüşlərin birində, sentyabrın 27-də qəhrəmancasına şəhid olub. Sentyabrın 28-də şəhidin nəşi doğma kəndində torpağa tapşırılıb.
Ailəli idi. Şəhidimizin 2 yaşlı qızı var.
Respublika Prezidentinin müvafiq Sərəncamlarına əsasən Vətən müharibəsi şəhidi leytenant Hüseynov Zaur Vaqif oğlu ölümündən sonra «Vətən uğrunda», «Döyüşdə fərqlənməyə görə» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilib.
Akif AĞAYEV.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)



