Güləşin arifləri – tarixə düşən masallılar Akif Ağayev (AZ-press.AZ) +FOTO=9
Bu xəbəri paylaş
Güləşin arifləri – tarixə düşən masallılar Akif Ağayev (AZ-press.AZ) +FOTO=9
“Atam dünyasını dəyişəndə mənim üç, qardaşımın isə beş yaşı vardı. On bir yaşımdaykən qarşıma məqsəd qoydum ki, mütləq onun yolunu davam etdirməliyəm. Qət etdim ki, yalnız atamın qazandığı uğurları təkrarlamaqla ruhunu şad edə bilərəm. Hər dəfə yarışdan qələbə ilə geri döndükdə mənən rahatlanır, sanki əsas hədəfə doğru bir addım yaxınlaşdığımı hiss edirdim. Ona bənzəməyə çalışırdım…”
Bu sözlərin müəllifi yunan-Roma güləşi üzrə dünya çempionatının bürünc mükafatçısı, Masallı şəhər sakini Arif Arif oğlu Niftullayevdir.
O, 1997-ci ilin 21 aprelində Moskva şəhərində anadan olub. Bir müddət Rusiyada yaşadıqdan sonra Bakıya köçüblər.
2008-ci ildən “Neftçi” idman klubunda məşqçi-müəllim Elnur Müzəffərovun rəhbərliyilə yunan-Roma güləşi üzrə məşqlərə başlayıb. İlk illərdə Bakı şəhər birinciliyinin, sonra isə Azərbaycan çempionatının qalibi olub. Müxtəlif vaxtlarda yeniyetmələr və gənclər arasında bu titulu təkrarlayıb. Azərbaycan kubokunun, sahibi, beynəlxalq turnirlərin qalibi olub.
2014-2016-cı illərdə yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət ölkə yığmasının tərkibində baş məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi ilə, sonra isə gənclərdən ibarət milli komandanın heyətində müxtəlif kateqoriyalı mötəbər yarışların mükafatını qazanıb.
2017-ci ildə böyüklərdən ibarət respublika yığma komandasına cəlb edilib. Dəfələrlə ölkə çempionu olub, Türkiyədə, İranda, Serbiyada, Gürcüstanda, MDB ölkələrində və digər yerlərdə keçirilən beynəlxalq turnirlərdə uğurlu nəticələr göstərib.
2019-cu ildən idman ustasıdır.
2022-ci il 10-18 sentyabr tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində təşkil olunan yunan-Roma güləşi üzrə dünya çempionatında 97 kiloqram çəki dərəcəsində bürünc medala sahib olub. Bu yarışda doqquz idmançı ilə təmsil olunan yığmamız yekunda 118 xalla (5 medal) komanda hesabında ikinci yeri tutub.
Hazırda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçi Həsən Əliyevin rəhbərliyi altında millimizin perspektivli idmançılarından sayılan Arif Niftullayev bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarına hazırlaşır.
Qeyd edim ki, Arif Niftullayev Dünya Güləş Birliyinin son reytinq cədvəlində üçüncü pillədə qərarlaşıb. Bu nəticə ölkəmizin yunan-Roma güləşi tarixində bir ilkdir.
Arif Moskva Humanitar-İqtisad Universitetini bitirib. Böyük qardaşı Viktor Daxili İşlər Nazirliyi orqanlarında çalışır. O, da vaxtilə idmanla məşğul olub. Yunan-Roma güləşi üzrə müxtəlif yarışların mükafatını qazanıb.
Arif deyir ki, yunan-Roma güləşi üzrə beynəlxalq dərəcəli idman ustası, gənclər arasında Avropa çempionu (1976), dünya üçüncüsü Viktor Avdışev atamın yaxın dostu olub. Qardaşımı da onun şərəfinə belə adlandırıb.
Əlavə edim ki, Arifin atası – yunan-Roma güləşi üzrə SSRİ-nin Əməkdar idman ustası Arif Sabir oğlu Niftullayev (05.03.1953-2000) Masallı şəhərində anadan olub. Sonradan ailəlikcə Bakı şəhərinə köçüblər. Məktəb yaşlarından güləşlə məşğul olub. Dəfələrlə Azərbaycan çempionu adına sahiblənib. Məşqçi Əliqulu Həsənoğlunun və Ağakişi İsgəndərovun rəhbərliyi altında beynəlxalq turnirlərin mükafatını qazanıb. 1976, 1979-cu illərdə SSRİ çempionatlarında ikinci, 1978-ci ildə üçüncü yeri tutub. Üç dəfə (1978-1980) Poddubnı tunirinin qalibi olub. Yığma komandanın heyətinə cəlb edilən Arif on il Moskvada yaşayıb. 1978-ci ildə Meksikada keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatının qızıl medalını (74 kq) qazanıb. Xatırladım ki, o, bu titula sahiblənən ilk azərbaycanlıdır...
2000-ci ildə Arif faciəli surətdə həyatını itirdikdən sonra Niftullayevlər ailəsi Azərbaycana dönüb...
Mən bu müsahibəni Bakıda olarkən, 25 yaşlı pəhləvanımızın məşq prosesi ərəfəsində aldım. Bir həftə sonra isə Ariflə Masallıda yenidən görüşdük. Rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov onu qəbul edəcəkdi...
Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)








