AMEA-nın müxbir üzvü Zeynal Əkpərovu 70 illik yubileyi münasibətilə təbrik edirik!

AMEA-nın müxbir üzvü Zeynal Əkpərovu 70 illik yubileyi münasibətilə təbrik edirik! 

 

Milli bitki genetik ehtiyatlarının mühafizəsi və səmərli istifadəsi sahəsində tanınmış alim və elm təşkilatçı, Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun 70 yaşı tamam olur.

 

Zeynal İba oğlu Əkpərov 28 sentyabr 1952-ci ildə Cəlilabad rayonunun Privolnı kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) fərqlənmə diplomu ilə, 1981-ci ildə isə ET Əkinçilik İnstitutunda bitkilərin fiziologiyası ixtisası üzrə əyani aspiranturanı bitirib. O, 1987-ci ildə Moldova Respublikasının Elmlər Akademiyasının Fiziologiya və Biokimya İnstitutunda fiziologiya ixtisası üzrə “Soyadan yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən fotosintez fəaliyyəti” mövzusunda namizədlik dissertasiyasını (elmi rəhbər: akademik Cəlal Əliyev), 2010-cu ildə ET Əkinçilik İnstitutunda “Azərbaycanın bitki genetik ehtiyatlarının öyrənilməsi və seleksiyada istifadəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib (elmi məsləhətçi: akademik Cəlal Əliyev).

 

1988-ci ilə kimi ET Əkinçilik İnstitutunda kiçik elmi işçi, daha sonra böyük elmi işçi, 1990-cı ildən laboratoriya müdiri və 1992-ci ildən 2000-ci ilədək elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb.

 

2000-2002-ci illərdə Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyində, Dünya Bankının Kənd Təsərrüfatının Kreditləşməsi və İnkişafı layihəsində, Müsabiqəli Qrantlar Proqramında Kənd Təsərrüfatı Tədqiqatları Şurasının icraçı katibliyində müşavir vəzifəsində işləyib, 2003-2022-ci illərdə AMEA-nın Genetik Ehtiyatlar İnstituta rəhbərlik edib. O, hazırda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun baş direktorudur.

 

Zeynal Əkpərov Azərbaycanda genetik ehtiyatların mühafizəsi, tədqiqi, səmərəli istifadəsi, yeni bitki sortlarının yaradılması, eləcə də kənd təsərrüfatı bitkilərinin becərilmə texnologiyalarının və idarəetmə sisteminin elmi əsaslarının işlənib hazırlanması sahələrində bir sıra mühüm elmi və elmi-praktiki nailiyyətlər əldə edib. Alimin Genetik Ehtiyatlar İnstitutuna rəhbərlik etdiyi dövrdə burada Milli Genbank və BGE üzrə Milli Şəbəkə yaradılıb, milli bitki genofondunun genetik pasportlaşdırılması həyata keçirilib. Onun gərgin elmi fəaliyyəti nəticəsində mədəni bitkilərin yabanı əcdadlarına aid bəzi nadir və itmək təhlükəsində olan növlərin arealları dəqiqləşdirilib, itmə təhlükələri müəyyənləşdirilib, mühafizəsi üçün elmi tövsiyələr işlənib-hazırlanıb. Həmçinin bitki genetik ehtiyatlarının yeni təsnifatı işlənib hazırlanıb, mühafizə strategiyaları üzrə yeni metodologiyalar təklif edilib.

 

Zeynal Əkpərov Azərbaycan Milli Aviasiya Akademiyası ilə artıq 15 ilə yaxın birgə tədqiqatlar aparır, araşdırmalar nəticəsində dənli-taxıl və paxlalı bitki nümunələrinin genbankda uzunmüddətli saxlanması nəticəsində itirilən cücərmə qabiliyyətini və irsi tamlığını ozon-hava qarışığı ilə bərpa etməyin mümkün olduğu, bitki nümunələrinin fumiqasiyasında kimyəvi maddələrdən daha təhlükəsiz olduğu, ozonlaşdırmanın becərilən bitkilərin inkişafına, əldə edilən məhsulun keyfiyyətinin yüksəldilməsinə və ekoloji təmiz saxlanmasına stimullaşdırıcı təsir göstərdiyi, eləcə də yüksək səmərə verdiyi müəyyən edilib.

 

Alimin apardığı tədqiqatlar və məqsədyönlü fəaliyyəti sayəsində BGE üzrə İnformasiya Sisteminin elmi əsasları işlənib hazırlanıb, Milli Şəbəkə qurulub, respublikanın bütün ex situ kolleksiyalarını əhatə edən Mərkəzi Məlumat Bazası, Milli İnformasiya Mübadiləsi Sistemi və mexanizmin internet əsaslı məlumat bazası yaradılıb.

 

Onun təşkilatçılığı və rəhbərliyi ilə aparılan fəaliyyətlər nəticəsində Azərbaycan BGE üzrə Avropa Əməkdaşlıq Proqramına (ECPGR) üzv qəbul edilib. Zeynal Əkpərov uzun illərdir ki, biomüxtəliflik və bitki genetik ehtiyatları üzrə beynəlxalq şəbəkələrdə, o cümlədən Genetik Ehtiyatlar üzrə Avropa Əməkdaşlıq Proqramının (ECPGR) strukturlarında, Mərkəzi Asiya və Cənubi Qafqaz Regional Şəbəkəsinin Koordinasiya Şurasında, FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) Dünya İnformasiya və Qabaqcadan Xəbərvermə Sistemində (WIEWS), Biomüxtəlifliyə dair Beynəlxalq Konvensiyanın, BGE üzrə Beynəlxalq Müqavilənin müvafiq rəhbər orqanlarında Azərbaycanı Milli Əlaqələndirici kimi uğurla təmsil etməklə genetik ehtiyatlar sahəsində Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında və müsbət imicinin formalaşmasında xüsusi rol oynayır.

 

O, 2010-cu ildə Mərkəzi Asiya və Cənubi Qafqaz Regional Şəbəkəsinin Koordinasiya Şurasının sədri seçilərək mühüm beynəlxalq tədbirlərdə regionu təmsil edir. Alim beynəlxalq əhəmiyyətə malik bir çox qlobal və regional layihə və proqramların, o cümlədən BGE üzrə Regional Strategiya və Fəaliyyət Planının hazırlanmasında yaxından iştirak edib.

 

Zeynal Əkpərov FAO, “Bioversity İnternational” (Beynəlxalq Bitki Genetik Ehtiyatları İnstitutu, Roma), İCARDA (Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz, Livan, İordaniya, Misir, Tunis), CİMMYT (Buğda və Qarğıdalının inkişafı üzrə Beynəlxalq Mərkəz, Meksika), TRUST-Fond (Bitki Genetik Ehtiyatları üzrə Qlobal Etimad Fondu, Bonn), UPOV (Yeni Seleksiya Sortlarının Mühafizəsi üzrə Beynəlxalq Təşkilat), USDA (ABŞ Dövlət Kənd Təsərrüfatı Departamenti), VİR (Ümumrusiya Bitkiçilik İnstitutu), İNRA (Fransa Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi), KYU Botanika Bağları (Böyük Britaniya) və s. beynəlxalq və regional təşkilatlar, xarici ölkələrin elm və təhsil mərkəzləri ilə Azərbaycanın elmi-tədqiqat müəssisələri arasında sabit, səmərəli əlaqələrin və əməkdaşlığın təşkilində mühüm rol oynayır. Onun Milli Əlaqələndirici kimi təşkilatçılığı ilə 2004-cü ildə Bioloji Müxtəliflik üzrə Konvensiya çərçivəsində Azərbaycanda biomüxtəlifliyin vəziyyəti ilə bağlı I Milli Məruzə, eləcə də Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı hazırlanaraq 24 mart 2006-cı ildə Respublika Prezidentinin sərəncamı ilə təsdiq edilib.

 

Alimin innovativ ideyaları nəticəsində Genetik Ehtiyatlar İnstitutunda elmin müasir istiqamətləri üzrə geniş tədqiqatlar aparılmaqdadır. İnstitutda Yeni Nəsil Sekvenserləri ilə təchiz olunmuş Genomika, Beynəlxalq kompüter genomikası, eləcə də İnsan genetikası, Virusologiya və Kök hüceyrəsi laboratoriyaları yaradılıb.

 

Zeynal Əkpərovun elmi rəhbərliyi ilə Azərbaycan, Avstraliya, Rusiya, Amerika Birləşmiş Ştatları və Misir alimlərinin birgə iştirakı ilə, dünyada ilk dəfə olaraq, “Azərbaycan gülöyşəsi” nar sortunun genomunun de-novo oxunması və 6 orqanı üzrə transkripsiya profilinin yaradılması həyata keçirilib. Ərik genotipləri üzərində aparılan tədqiqatlarla isə kolleksiyada çox zəngin genetik müxtəliflik və şarka xəstəliyinə davamlılıq geninə malik donor genotiplər aşkarlanıb, ərik bitkisində mədəniləşdirilmə prosesinin ən azı iki dəfə, müxtəlif zaman və məkanlarda, lakin ümumi bir əcdaddan baş verməsi müəyyənləşdirilib.

 

İşğal dövründə Zeynal Əkpərovun rəhbərliyi ilə İnstitutun əməkdaşları çətin şəraitdə, müxtəlif fermer təsərrüfatlarının ərazisində regionun torpaq iqlim şəraitinə uyğun 11 bitki sortu yaradıblar. Onun təşəbbüsü ilə 2021-ci ildə İnstitutun alimləri Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən İnstitutun Qarabağ Elmi-Tədqiqat Bazasına qayıdıb, 22 oktyabr 2021-ci il tarixində “Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda və arpa sortlarının ilkin toxumçuluğunun təşkili” mövzusunda tarla seminarı keçirilib.

 

Alim uzun illərdir ki, beynəlxalq təşkilatlarda, o cümlədən Biomüxtəlifliyə dair Konvensiyanın, BGE üzrə Avropa Əməkdaşlıq Proqramının və FAO-nun strukturlarında Milli Koordinator kimi Azərbaycanı uğurla təmsil edir. O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Mədəni bitkilərin genetik ehtiyatları üzrə Elmi-Texniki Şuranın və “Biomüxtəlifliyin mühafizəsi” cəmiyyətinin sədri, AMEA-nın “Həyat elmləri və biotibb” jurnalının və bir neçə beynəlxalq nəşrin (o cümlədən, "Genetic Resources and Crop Evolution" jurnalının (İF-1.423)) redaksiya heyətinin üzvü və Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərlərinin baş redaktorudur.

 

Zeynal Əkpərov Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2013-cü ildə yaradılmış "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şura"nın sədridir.

 

O, 210 elmi əsərin (90-ı xaricdə), o cümlədən 7 kitab (3-ü xaricdə), 3 monoqrafiya, 2 kitabça, 2 tövsiyə, 18 müəlliflik şəhadətnaməsi və patentin, 2 ixtiranın müəllifidir. Həmmüəllifi olduğu 18 bitki sortu rayonlaşdırılaraq patentləşdirilib. Alimin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 11 fəlsəfə, 3 elmlər doktoru hazırlanıb.

 

Zeynal Əkpərov səmərəli elmi fəaliyyətinə görə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. O, həmçinin “Clarivate Analytics” ilə Elmin İnkişafı Fondunun həyat haqqında elmlər üzrə Ən Məhsuldar Müəllif və AMEA-nın Həsən bəy Zərdabi (2018) adına mükafatları ilə təltif edilib.
AMEA-nın müxbir üzvü üzvü Zeynal Əkpərovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində uğurlar arzu edirik!

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020