Şahmatçı bacıların uğur yolu

Şahmatçı bacıların uğur yolu

Şahmatçı bacıların uğur yolu 

 

Həcər və Gülçin Heydərova bacıları şahmatın sirlərinə Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbində yiyələniblər. İlk uğurlarına da bu məktəbin müəllimi, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Famil Fərmanlının rəhbərliyilə imza atıblar. Doğma Azərbaycanımızın əksər rayonları və ölkə paytaxtında təşkil edilən turnir və respublika birinciliklərinin mükafatlarına layiq görülən idmançı bacıların sorağı daha sonra Avropadan – Bolqarıstandan, Çexiyadan, Belorusiyadan gəldi. Balaca fidanların ən yüksək uğuru isə Moskva şəhərində oldu. Bu kiçik “tarixi hadisə”ni çempion bacıların babası, əmək veteranı, müəllim-şair Ağaddin Heydərov belə nəzmə çəkib:

 

Həcər 5 yaşında elə səs saldı,

Gülçin 3 yaşında xəyala daldı...

Həcəri ötməkçün çıxanda yola,

Şöhrətə, həsədə uymadı əsla!

 

Halal zəhmət ilə medallar aldı,

İzi Albenada, Bosforda qaldı.

8 yaşda Avropaya yol açdı,

Doqquzunda Praqaya nur saçdı.

 

15 yaşda “fəth etdi” o, Belarusu,

Zəkası mat etdi polyakı, rusu.

On birdə səs saldı elə, obaya,

Uçdu çempionlar yurdu o, Moskvaya.

 

Dörd yaşından şahmat oynayan Həcər Emil qızı beş yaşında respublika qalibi olan yeganə idmançıdır. Bu münasibətlə Azərbaycan Şahmat Federasiyasının o vaxtkı prezidenti, beynəlxalq qrossmeyster Aynur Sofiyeva Həcərə qiymətli hədiyyə təqdim edib.

 

Həcər və Gülçin nümunəvi ziyalı ailəsində tərbiyə alıblar. Hər iki babası ali təhsilli pedaqoq, anaları Tənzilə xanım müəllim, ataları Emil hüquqşünasdır. Emilin atası Böyük Vətən müharibəsi, qardaşı Elçin isə 44 günlük Vətən müharibəsi iştirakçısıdır.

 

2018-ci il Həcər və Gülçinin həyatında əlamətdar olub. Həcər onbirinci sinfi əla qiymətlərlə başa vuraraq Bakı Dövlət Universitetinin filologiya fakültəsinə, Gülçin isə doqquzuncu sinifdən İqtisad Universitetinin kollecinə qəbul olub. Gülçin kolleci fərqlənmə ilə bitirdikdən sonra təhsilini İqtisad Universitetində davam etdirir. Həcər 2022-ci ildə BDU-nu fərqlənmə diplomu ilə bitirib. O, ucqar dağ kəndinin ilk ali təhsilli qızı – filoloqdur. Gülçin də şübhəsiz ki, öz elinin ilk ali təhsilli iqtisadçı qızı olacaq.

 

Belə nadir istedadlı qızlarla təkcə Qodman ərazisinin Məmmədrzaküçə kəndi deyil, bütün masallılar fəxr edə bilər.

 

Əlifağa YAQUBOV,

Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020