Hümbət Quliyev: Yarpaq

Hümbət Quliyev: Yarpaq

Hümbət Quliyev: Yarpaq

 

( pritça)

 

Payız gəlmişdi, havalar soyuyurdu, başqa yarpaqlar kimi, onun da rəngi solmağa başlamışdı. Əvvəlcə soyuqdan müvəqqəti xəstələndiyini düşünmüşdü, amma sonra qonşu yarpaqdan eşitdikləri onu əməlli-başlı məyus etmişdi: “Biz hamımız solub budaqlardan yerə töküləcəyik”.
Bu fikir onu rahat buraxmırdı. Axı həyatı ona çox gözəl gəlirdi. O, ağacın yuxarı – günəş düşən tərəfində idi. Hər gün günəşin doğmasını seyr edə bilir, üzərinə düşən isti şüalarından xoşhallanırdı. Onun olduğu budağa tez-tez quşlar oturardı. Onların şən nəğmələrinə həvəslə qulaq asmaqdan ləzzət alırdı.
Başını döndərib bir az aralıda bitən yarpaqdan soruşdu:
– Sən də bizim yerə düşəcəyimizdən xəbərdarsan?
– Əlbəttə.
– Axı biz niyə olduğumuz bu gözəl yeri tərk etməliyik? Mən bunu istəmirəm. Heç yerə də düşməyəcəyəm!
Qonşu yarpaq xəfifcə titrəyib dedi:
– Bu bizim yarpaq həyatımızdır. Hər şeyin sonu var, bu da bizim taleyimizdir. Qabaqdan qış, kəskin soyuqlar gəlir. Ağac özünü soyuqdan qorumaq üçün bizi yerə tökəcək.
– Bəs yerdə bizə nə olacaq?
– Torpağa qarışacağıq. Hansı ağacın dibinə düşsək, sonradan suya qarışıb köklər vasitəsilə canına hoparaq gələcəkdə bir də budaqlarda yarpaq ola biləcəyik.
Son fikir ona təsəlli oldu: deməli, onun gələcəyi var.
Qonşu yarpaq üzünü ona tərəf çevirib, başqa yarpaqların eşitməməsi üçün yavaşca dedi:
– Hələ uçmaq şansımız da var.
– Uçmaq?!
– Hə, görürsən, biz hündürdəyik. Yerə düşənə qədər bir və son dəfə uçacağıq.
O, quşların uçduğunu tez-tez görür, hətta onlara həsəd də aparırdı.
– Axı bizim qanadlarımız yoxdur, biz necə uça bilərik?
– Biz tək qanad kimiyik, yerə düşənə qədər uçmaq imkanımız olacaq, – qonşu yarpaq bir az da yavaşdan dedi, – külək olsa, lap çox uça biləcəyik. Hətta öz ağacımızdan da yuxarılara qalxa biləcəyik.
Son fikir ona çox maraqlı gəldi. O, həmişə daha yuxarı qalxıb ətrafı da görmək istəyirdi. Bir dəfə quşların danışığından başa düşmüşdü ki, yaxınlıqda dəniz də var. Dənizi görmək arzusuna düşdü.
Günlər bir-birini əvəz edir, havalar lap soyuyurdu. Onu bir fikir də düşündürürdü: bəlkə, o, başqa yarpaqlar kimi deyil? Bəlkə, o, budaqda yaza qədər qalacaq, sonra yenə yaşıllaşacaq?
Gecə külək əsməyə başladı. O, olduğu budaqdan bərk-bərk yapışdı. Bütün gecəni onu yerindən çıxarmağa çalışan küləyə müqavimət göstərdi. Səhər çıxacağına və ona güc verəcəyinə ümid etdiyi günəş də görünmədi. Taqətdən düşmüşdü, saplağı daha onu saxlamaq gücündə deyildi. Qonşu yarpaqların bir-bir qırılıb yerə düşməsi də bir yandan əhvalını korlayırdı. Artıq dost saydığı qonşu yarpağı yerində görməyəndə təşvişə düşdü. Onu görmək ümidi ilə aşağı baxdı, amma görə bilmədi. Birdən elə bil külək kəsdi. O ümidləndi: yox, mən qalacağam. Günəş çıxsa, güc toplayıb yenə müqavimət göstərəcəyəm. Mən bacararam! Küləyin olmamasından istifadə edib saplağını bir az boşaltdı, dincəlmək istədi. Elə bu an qəfil əsən güclü külək onu yerindən qoparıb yuxarı qaldırdı. O, uçurdu! Yuxarıdan aşağı baxıb çoxlu ağaclar gördü. O, tək deyildi, ətrafında özü kimi yarpaqlar uçuşurdu. Tək olmadığını görəndə qorxu hissi də nisbətən azaldı. Fırlana-fırlana ətrafa boylandı. Sol tərəfdə – ağacların heç olmadığı böyük ərazidə mavi bir yer gördü. Bu mavi yer tərpənir, bir hissəsi qalxıb, digər hissəsi enirdi. Bu, haqqında eşitdiyi o dəniz deyildimi? “Əgər dəniz budursa, çox gözəldir”, – deyə düşündü. – Bu nədir? – Külək onu düz dənizə tərəf aparırdı. Əvvəl buna sevindi: dənizə yuxarıdan baxmaq necə də maraqlı olar?!

Lakin külək onu dənizə yaxınlaşdırdıqca içini narahatlıq bürüdü. Axı o, bir ağacın dibinə düşməlidir ki, sonradan həmin ağacın yarpağı olsun. Özlüyündə gözəl, qollu-budaqlı, yamyaşıl bir ağacın yarpağı olmağı da arzulamışdı. Bəs dənizə düşsə, necə olacaq? Arzuları puç olar. Külək israrlı idi, onu düz dəniz istiqamətində aparırdı. Artıq müqavimət göstərməyə gücü yox idi. Birdən o, külək burulğanına düşdü və daha da sürətlə fırlanmağa başladı. Aşağıda dənizə yaxın yerləşən son ağaclar göründü. O, hələ bu qədər gözəl ağaclar görməmişdi. Onlar yaşıl idilər. Olduğu və ətrafında gördüyü yarpaqları solmuş, bomboz ağaclardan sonra yamyaşıl ağaclar görmək ona qəribə gəldi. “Deməli, bu ağacların yarpaqları solmur, – o düşündü – həmişəyaşıl ağaclar!” Düşdüyü külək burulğanı onu aşağı sovurdu və o, həmişəyaşıl ağacların birinə ilişib onun dibinə düşdü. Düşdüyü yer bir az çala olduğundan üstündən keçən külək onu təkrar yuxarı qaldıra bilmədi. Sanki o, hətta onu itirmiş küləyin təəssüf dolu uğultusunu da eşitdi.
Ətrafa sakitlik çökdü. Aşağıdan yuxarı bu gözəl ağaca baxdı, onun qəribə, incə, yaşıl yarpaqlarını məmnuniyyətlə seyr etdi. Qaranlıq düşürdü, onu yuxu aparmağa başlamışdı. Qapanmaqda olan gözlərini güclə açıb, son dəfə gözəl, yaşıl yarpaqlara baxıb gözlərini yumdu…

Hümbət Həsənoğlu

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020